“Həkimlərin və dərmanların reklamının qarşısı alınmalıdır” Siyasət

“Həkimlərin və dərmanların reklamının qarşısı alınmalıdır”

Çingiz Qənizadə: "iinsanlar buna görə həm maddi, həm mənəvi narahatlıq keçirirlər"

Milli Məclisin növbəti plenar iclaısı keçirilib. Milli Məclisin spikeri Oqtay Əsədovun sədrlik etdiyi iclsada 23 məsələ müzakirə olunub.
İclasda Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov 2017-ci il üzrə illik məlumatı açıqlayıb. Vilayət Eyvazov hesabat verdikdən sonra deputatlar sənədi müzakirə ediblər.
Deputat Fəzail Ağamalı "etiraf etmək lazımdır ki, Azərbaycanda təhlükəsizliyin qorunub saxlanılmasında Daxili İşlər Nazirliyinin xüsuisi rolu var. İnsan alverinə qarşı mübarizə istiqamətində də böyük nəticələrə nail olunur", - deyə bildirib. Deputat çıxışında bir neçə problemləri qeyd edib: "Azərbaycanda son illər turizm geniş miqyas alır. Bu, çox yaxşıdır. Ölkəmizə turistlərin gəlməsi ilə gəlirlərimiz artır. Ancaq biz mənəviyyatımıza zidd olan halları da görürük.
Azərbaycana turist sifəti ilə gələnlər içərisində bəzən kifayət qədər mədəni, əxlaqlı şəxslərlə yanaşı, bu və ya digər ölkənin tör-töküntüləri də gəlirlər. Hesab edirəm ki, bu cür insanlara qarsı qanunvericilkdə müəyyən addımlar atılmalıdır. Həmin insanlar ölkəmizdən deportasiya edilməlidir". Deputat deyib ki, bəzi saytlarda seksual xarakterli preparatların reklamı aparılır. "Həmin saytlara daxil olan zaman biabırçı mənzərə ortaya çıxır. Belə hallarla tanış olmaq istəyən şəxslər həmin saytlara girib oradakı mənzərəni görə bilərlər. Hesab edirəm ki, bununla bağlı "Reklam haqqında" qanuna da dəyişiklik edilməlidir".
Deputat Zahid Oruc deyib ki, Fransada Azərbaycana qarşı söyüş kampaniyası aparan Vidadi İsgəndərli ilə bağlı həmin dövlətlərə xəbərdarlıq edilməlidir. O bildirib ki, Vidadi İsgəndərli Azərbaycanın dövlət adamları və övladlarına qarşı siyasi terror təşkil edəcəkləri ilə hədələyir: "Hesab edirəm ki, Azərbaycanın Xarici İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu bu insanların insanlar alveri təşkilatçıları olduğunu bildirməlidir. Eyni zamanda Azərbaycan tərəfi bu adamlara sığınacaq verən ölkələrə bildirməlidir ki, siz, bu şəxslərdən Azərbaycana qarşı siyasi istismar kimi istifadə edirsiniz".

"Azərbaycanda insan alveri ilə bağlı iş çox yaxşı qurulub"

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov virğulayıb ki, əgər hər hansı ölkədə ictimai-siyasi sabitlik yoxdursa, orada insan alveri, narkotik dövriyyəsi, uşaqların əməyə cəlb olunması baş alıb gedəcək, qanunvericiliyin pozulması nəticəsində bu məsələlər daha da genişlənəcək: "Azərbaycan bu məsələlərə görə nümunəvi ölkələrdəndir". Deputat bildirib ki, bu gün Avropa ölkələrində insan alveri ilə bağlı rəqəmlər Azərbaycanla müqyisədə qat-qat üstədir: "Avropa ölkələrində insan alverinin qurbanları müxtəlif işlərə cəlb edilir, miqrantlar konslagerlərdə saxlanılırlar. Amma buna baxmayaraq, həmin ölkələr başqalarına demokratiya haqqında dərs verməyə çalışırlar. Həmin ölkələrdə vəziyyəti gördükdə deyə bilərik ki, Azərbaycanda insan alveri ilə bağlı iş çox yaxşı qurulub".
Siyavuş Novruzov qeyd edib ki, Prezident tərəfindən imzalanan sərəncamlar, eləcə də Milli Məclis tərəfindən qəbul olunan qanunlar ölkəmizdə insan alverinin qarşısını alır: "Ölkəmizə son illər turist axını artıb. Onlar üçün ölkəmizdə hərtərəfli şərait yaradılır. Bu şərait insan alveri predmetini ortaya çıxır. Lakin bu istiqamətdə görülən işlər bu məsələlərin aşağı düşməsinə səbəb olur. Bəşəriyyətdə ən ağır cinayətlərdən biri insan alveridir və terrorla birgə tutulmalıdır. Bu baxımdan düşünürəm ki, Azərbaycana gələn turistlər insan alveri ilə bağlı addımlara əl atdıqda, ölkəmizin qanunları qarşısında cavab verməlidirlər".
Siyavuş Novruzov Avropada Azərbaycan hakimiyyəti əleyhinə çıxışlar edən mühacirlər məsələsinə də toxunub: "Avropada Azərbaycanın əleyhinə bir qrup insan çıxış edir. Dəfələrlə demişəm ki, bunun qarşısı alınmalıdır. Həmin insanlar xaricdən Azərbaycana gətirilməlidir. Onlar qanun qarşısında cavab verməlidirlər".

"Səhiyyə Nazirliyi reaksiya verməlidir"

Deputat Çingiz Qənizadə televiziya kanallarında həkim və dərmanların reklamına qarşı çıxış edib. Çingiz Qənizadə deyib ki, həkimlərin və dərmanların televiziya kanallarında kortəbii reklamına yol vermək olmaz: "Özümüzü zay həkimlərdən qorumalıyıq. Nə qədər televiziylarda həkimlərin reklamını etmək olar? Hələ bu azmış kimi artıq telefonlar vasitəsilə də insanları özlərinə cəlb etməyə çalışırlar. Televiziya kanallarında dərmanların təbliği və reklamına yol vermək olmaz".
Çingiz Qənizadə qeyd edib ki, televiziya kanallarında müxtəlif verilişlər var ki, orada həkimlərin və dərmanların kütləvi şəkildə reklamları aparılır. "Bunun qarşısı alınmalıdır. Çünki, insanlar buna görə həm maddi, həm mənəvi narahatlıq keçirirlər. Çox təəssüf ki, televiziya kanallarında sosial reklamlar ümumiyyətlə yoxdur. Səhiyyə Nazirliyi bununla bağlı reaksiya verməlidir. Dərman və həkimlərin kortəbii reklamının qarşısının alınması istiqamətində təkliflər verməlidir".
Deputat Aqil Abbas qeyd edib ki, yaxşı həkimin reklama ehtiyacı yoxdur: "Televiziyanı açan kimi görürsən reklam edirlər, İrandan, Türkiyədən-filan həkim gəlib, 5 günlük xəstələri qəbul edəcək, tez gəlin. Öz məşhur həkimlərimiz kənarda qalır. Televiziyalarda hətta ara həkimlər də reklam edilir".
Deputat bildirib ki, ölkəmizdə savadlı həkimlərin sayı kifayət qədərdir: "Lakin bu gün efirdə İrandan 5 günlük ölkəmizə gələn həkim reklam edilir. Telekanalların bunu gəlir əldə etmək məqsədilə etdiyi hər kəsə məlumdur. Dediklərimiz burda qalmamalıdır. Bu gün biz burada danışırıq, axşam evdə ara həkimi reklam ediləcək. Nə qədər ara həkimləri efirdə reklam edilməlidir. Özümüz özümüzə hirslənməklə heç bir nəticə olmayacaq".
Deputat xatırladıb ki, bir zamanlar televiziyada bir qadın ara həkimi reklam edilirdi: "Özü də hər dəfə 3 kiloqramlıq balonla efirə çıxırdı. Özü də dərmana "darman"deyirdi".
Deputat qeyd edib ki, müzakirələr aparılır, etiraz edilir, amma nəticə olmur. "Axşam televizyada yenə də ara həkimlər reklam olunacaq, yenə "darman" reklam olunacaq Telekanallarda bu gün əsasən həkimlərin, dərmanların və klinikaların, bir də son zamanlar mərasim evlərinin reklamı aparılır. Bu cür reklamların qarşısı alınmalıdır. Milli Məclisdə deyilənlər həyata keçirilməlidir. Onlara dövlət tərəfindən ciddi təpki göstərilməlidir".
Deputat Hikmət Məmmədov bildirib ki, Milli Məclisdə qanun layihələri qəbul edilir, amma bunun izahının verilməsi üçün televiziya kanalına ehtiyac var: "Tutaq ki, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir. Bunun mahiyyəti açıqlanmalıdır".
Parlament sədrinin birinci müavini Ziyafət Əsgərov da bildirib ki, qanun layihələri qəbul edilir, müəyyən məsələlər müzakirə olunur, amma jurnalistlər buna diqqət yetirmirlər: "Milli Məclisdə akkreditasiya edilən jurnalistlərin işi parlamentin qəbul etdiyi qanunları təbliğ etməkdir. Amma belə olmur. Əgər kiçik bir insident olarsa, mətbuat bunu dərhal yazır".

"Əlillərin aldığı müavinəti 2 dəfə artırmaq lazımdır"

İclasda yeni hazırlanan "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsi (ikinci oxunuş) müzakirəyə çıxarılıb.
Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki, qanun layihəsi 8 fəsil, 40 maddədən ibarətdir.
Qanun layihəsi əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir.
Əlilliyi doğuran risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir.
Deputat Əli Məsimli deyib ki, əlilliyin müəyyənləşdirilməsində istiqamətində xeyli işlər görülür: "Amma yenə də idarələr arasında süründürməçiliklər var". Deputat əlillərə verilən müavinətlərin artırılmasını təklif edib: "Bu gün I qrup Qarabağ əlilinə 182, II qrup 154, III qrup 121 manat pul verilir. I qrup mülki əlillərə isə 124, II qrupa 61 , III qrup əlillərə 52 manat vəsait verilir. 52 manat nə deməkdir? Bu kifayət qədər az məbləğdir. Hesab edirəm ki, əlillərin aldığı müavinəti 2 dəfə artırmaq lazımdır. Həmin müavinətlər 300 manat olmalıdır ki, həmin şxəslərin heç olmasa dərmanına çatsın".
Sonda Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov verilən bəzi suallara cavab verib və iradlara münasibət bildirib: "Bu gün Azərbaycan Respublikası müharibə şəraitində yaşayan ölkədir. Bu gün əlillərin evlə təmin olunması ilə 2014-2018-ci illərdə Dövlət proqramı əsasında həyata keçirilir". Nazir müavini bildirib ki, Azərbaycan ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəxslərə evlərin verilməsi zamanı üstünlük verilir: "Ancaq biz bu kateqoriyadan olan insanların evlə təmin olunmasını tam əhatə etməmişik. Şəhid ailələrinin ailələri, Qarabağ əlillərinə fərdi yaşayış evləri ilə təminatı məsələsi gəldikdə, bu hər il 350- 400 nəfəri əhatə edir. Ümid edirəm ki, 2014-2018-ci illərdə Dövlət proqramı yenidən hazırlanacaq və biz bu insanları evlə təmin edəcəyik. Digər əlillərin isə müvafiq icra hakimiyyəti tərəfindən evlə təmin edilməsi istiqamətində iş aparılır".

Əli