Parlamentdə gərgin müzakirələr Siyasət

Parlamentdə gərgin müzakirələr

Azərbaycanda andlılar məhkəməsinin yaradılmasından imtina edildi

Qüdrət Həsənquliyev: "Vətəndaşları məhkəmə hakimiyyətinin həyata keçirilməsində birbaşa iştirak etmək hüququ əlindən alınır"

Milli Məclisin dünən keçirilən iclasında Baş Prokurorluq və Ali Məhkəmə tərəfindən parlamentə təqdim olunmuş "Məhkəmələr və hakimlər haqqında" qanuna dəyişikliklər müzakirəyə çıxarıldı. Gözlənildiyi kimi qanuna dəyişikliklər ətrafında kifayət qədər gərgin müzakirələr keçdi. Andlılar məhkəməsinin tərəfdarları və əleyhdarları müxtəlif arqumentlərlə öz fikirlərini əsaslandırmağa çalışırdı.
Öncə layihə barədə Hüquq siyasəti və dövlət quruculuu komitəsinin sədri Əli Hüseynli məlumat verdi. O qeyd etdi ki, hər iki sənəd Məhkəmə-Hüquq Şurasında da ciddi müzakirə olunub. Əli Hüseynli bildirdi ki, "Məhkəmələr və hakimlər haqqında" qanunda nəzərdə tutulan andlı iclasçılar institutu ölkəmizdə məhkəmə-hüquq islahatları başa çatdıqdan sonra qüvvəyə minməli olsa da, Baş Prokurorluq tərəfindən bir sıra ölkələrin bu sahədəki təcrübəsi öyrənilib və bu qənaətə gəlib ki, andlı iclasçılar institutu gözlənilən səmərəni vermir: "Belə ki, məhkəmədə işlərə andlı iclasçılar baxdığı zaman onların çıxardığı qərarın qəbulunda hakim iştirak etmir. Bu isə təqsirliliyin müəyyənləşdirilməsində kifayət qədər əsaslı olmayan qərarların qəbuluna səbəb ola bilir. Çünki əsasən hüquq təhsili olmayan şəxslərdən ibarət olan andlı iclasçılar bəzən hüquqi mühakimə yürüdə bilmir. Bu fakt isə cinayət qanunvericiliyi prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Bütün bunları nəzərə alaraq, Baş Prokurorluq "Məhkəmələr və hakimlər haqqında" qanunda andlı iclasçılar institutunun ləğv edilməsini məqsədəuyğun sayır".
Əli Hüseynli özü də ehtiyatla da olsa, qanunvericiliyə dəyişikliyi məqbul saydığını vurğuladı.
Müzakirələrdə bəzi deputatlar bu institutun saxlanılmasına tərəfdar olduqlarını bildirdilər. Öncə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev qanuna dəyişikliyin əleyhinə çıxdı: "Komitənin iclasında da söylədim, indi də hörmətli həmkarlarımın diqqətinə çatdırmaq istəyirəm ki, ümumiyyətlə hüquqi dövlət quruculuğu istiqamətində addım atan ölkələr üçün andlı iclaçılar institutunun cinayət prossesual qanunvericiliyə daxil edilməsi çox əlamətdar bir hadisədir. Hansı ki, bu qanun Azərbaycanda da mərhum prezident Heydər Əliyevin dövründə qəbul olunub. Bu çox mütərəqqi bir addım idi. Amma mən bu gün çox təəssüf hissilə qeyd edirəm ki, bu qanun heç olmasa, hər hansı bir regionda pilot layihə kimi belə təqdim olunmadan qanunvericilikdən çıxarılır. Avropada bir neçə ölkə istisna olmaqla dövlətlərin böyük əksəriyyəti andlı iclasçılar insitutunu öz prosessual qanunvericiliyinə daxil ediblər".
Qüdrət Həsənquliyev xatırlatdı ki, Azərbaycan Respublikasının Konstitusiyasının 55-ci maddəsində qeyd edildiyi kimi, Azərbaycan Respublikası vətəndaşlarının dövlətin idarə olunmasında iştirak etmək hüququ var: "Bu hüququ onlar bilavasitə və ya nümayəndələri vasitəsilə həyata keçirə bilərlər. Hümayəndələri vasitəsilə onlar icra hakimiyyətini həyata keçirirlər, prezidenti seçirlər. Eləcə də qanunverici orqana millət vəkillərini seçirlər. Amma andlı iclasçılar institutunu saxlasaydıq və bu qanun tətbiq olunsaydı, vətəndaşları məhkəmə hakimiyyətinin həyata keçirilməsində birbaşa iştirak etmək hüququ təmin olunurdu. Amma indi bu hüquq da onların əlindən alınır".
Millət vəkili Baş Prokurorluğun təqdim etdiyi arayışda göstərilən səbəblərin əsaslı olmadığını belə əsaslandırdı: "Arayışda göstərilir ki, andlı iclasçılar institutu bizim qanunvericilikdən hansı səbəblərdən çıxarılır. Burada qeyd olunur ki, guya andlı iclasçılar çətin işdən baş çıxara bilməzlər, onlarda qanuna tabe olma vərdişləri yoxdur, daha tez ictimai təsirə məruz qalırlar, daxili hissləri əsas tuturlar və s. Mən komitənin iclasında da söylədim ki, andlı iclasçılar institutunun ləğvi üçün xeyli əlavələr də etmək olar. Yəni hüquqşünaslar arasında bu istiqamətdə çox ciddi müzakirələr gedir. Rusiyanın özündə bu institut bir neçə dəfə ləğv olunub, sonra yenidən tətbiq olunub, hal-hazırda da qüvvədədir. Amma mən əsaslandırmaq istəyirəm ki, bu institutu nəinki bizim qanunvericilikdən çıxarmaq olmaz, əksinə dəfələrlə məsələ də qaldırmışdım ki, bu institut tətbiq olunmalıdır. Prokurorluğun o fikri ilə qəti razılaşmaq olmaz ki, çətin işlərdən guya andlı iclasçılar baş çıxara bilməzlər. Birincisi ona görə ki, biz qanunları elə dildə yazırıq ki, sadə vətəndaş oxuyub başa düşsün, hansı əməli etmək, hansı ictimai münasibətləri pozmaq cinayət hesab olunur. Biz bunu elə yazmalıyıq ki, vətəndaş bilsin ki, bunu etmək olmaz. Burada qanunu qəbul edənlərin çoxu hüquqşünas deyil. Amma qanunu qəbul edəndə məruzəçi olur, kimsə həmin qanunu izah edir ki, bu, nə üçündür. Digərləri də qulaq asır və axırda səs verir ki, bu qanunu qəbul etmək olar, yoxsa olmaz. Eynilə də andlı iclasçılar institutunda hakim əvvəlcə andlı iclasçılara izah edir ki, qanunun məğzi nədən ibarətdir. Və bundan sonra real çəkişmə prinsipi andlı iclasçılarda daha bariz formada özünü nümayiş etdirir. İttiham tərəfi və müdafiə tərəfi orada öz arqumentlərini qoyur və andlı iclasçılar da diqqətlə onlara qulaq asırlar".
Qüdrət Həsənquliyev andlı iclasçılarda peşə vərdişlərinin olmaması ilə bağlı fikirlərə də etirazını bildirdi: "Burada peşə vərdişilə bağlı qeyd olunub. Guya onlarda qanuna tabe olmaq vərdişi yoxdur. Bəlkə də bu fikir daha doğrudur ki, hakimlər bir müddətdən sonra ittihama daha meylli olurlar. İkincisi, onlar peşə vərdişi ilə əlaqədar olaraq, cinayət prosesinin ilkin mərhələsində tez nəticə çıxarırlar. Bu yaxınlarda Böyük Britaniyada bir araşdırma aparıblar. Bəlli olub ki, ali təhsilli intellektli insanlar hər hansı cinayət hadisəsini müşahidə edəndən qısa müddət sonra bu hadisəni şərh etdikdə hadisənin bir hissəsini görürlər, qalan hissəsini isə beyin avtomatik olaraq özü düşünür və həmin hadisəni tamamlayır. Bilirsiniz, bu da bir çox hallarda sonda yanlış qərarların qəbul olunmasına gətirib çıxarır. Amma andlı iclasçılar çox dəqiqliklə prosesi izləyirlər. Ona görə ki, o hadisə onlar üçün birinci haldır. Bu baxımdan onlar daha doğru, düzgün qərar qəbul edə bilirlər".
Millət vəkili qeyd etdi ki, andlı iclasılar hakimiyyətdən daha az asılı olurlar: "Ona görə az asılıdırlar ki, onlar karyera barədə düşünmürlər. Onların hansısa bir qurum qarşısında statistik hesabatlılığı yoxdur. Amma bilirik ki, hakimlərdə bu cür asılılıqlar var. Ona görə də hesab edirəm ki, bu institut mütləq saxlanılmalıdır".
Onun sözlərinə görə, daha bir məsələ də var ki, vətəndaşların özü birbaşa məhkəmə prosesində iştirak edirlər və cinayət törətmiş şəxslərin və onların yaxınlarının hansı məhrumiyyətləri yaşadıqlarını görürlər: "Bu həm də preventiv xarakter daşıyır ki, onların özləri gələcəkdə cinayət törətməsinlər. Bu baxımdan həm də cinayətkarlığın qarşısının alınmasına xidmət göstərmiş olur. Burada qanuna tabe olmama vərdişi əslində doğrudur. O baxımdan ki, andlı iclasçılardan fərqli olaraq hakimlər bir çox hallarda qanunun dar çərçivəsində fəaliyyət göstərirlər. Amma andlı iclasçılar daha çox sosial ədalətin bərpa olunması barədə düşünürlər. Məhkəmə hakimiyyətinin də əsas məqsədi ondan ibarətdir ki, ölkədə məhz sosial ədalət bərpa olunsun. Ona görə də andlı iclasçılar tərəfindən çıxarılan bəraət hökmlərinin sayı adi məhkəmələr tərəfindən çıxarılan bəraət hökmlərinin sayından on dəfə çox olur. Bu kimi kifayət qədər arqumentlər gətirə bilərəm. Ona görə də hesab edirəm ki, nəinki andlı iclasçılar institutu bizim qanunvericilikdən çıxarılmamalıdır, əksinə məhkəmə islahatları aparılmalıdır.
Mən komitənin iclasında da söylədim, bizdə prokurorluq hakimlərin seçilməsində iştirak edir. Hiyə? Milli Məclisin üzvləri, Ədliyyə Hazirliyinin işçiləri Məhkəmə-Hüquq Şurasının üzvləridir. Halbuki, birinci maddədə yazırıq ki, Məhkəmə-Hüquq Şurası hakimlərin özünüidarə orqanıdır. Hakimlərin özünüidarə orqanında Ədliyyə Hazirliyinin nə işi var və üstəlik o quruma rəhbərlik edir? Hakimlərin seçilməsində, yerləşdirilməsində, cəzalandırılmasında iştirak edən bir quruma icra hakimiyyətinin, yəni Hazirlər Kabinetinin bir üzvü rəhbərlik edir. Halbuki Ədliyyə Hazirliyi sırf məhkəmələrin maddi-texniki təhcizat məsələləri ilə məşğul olmalıdır. Mən düşünürəm ki, biz məhkəmə islahatları aparmalı olduğumuz halda, bu cür mütərəqqi bir institutun cinayət qanunvericiliyindən çıxarılması ilə geri addım atmış oluruq. Buna görə də düşünürəm ki, bunun əksinə Azərbaycanda məhkəmələrin müstəqilliyinin təmin olunması istiqamətində konkret addım atılmalıdır".
Millət vəkili qeyd etdi ki, hakimlər seçilərkən, onların dünyagörüşünə, səviyyəsinə diqqət yetirilməlidir: "Elektron məhkəmələrlə bağlı bu yaxınlarda biz Hüquqşünaslar Konfederasiyasının təşəbbüsü ilə bir seminar keçirdik. Orada Yasamal Məhkəməsinin Ramin adlı hakimi çıxıb deyir ki, Gədəbəy məhkəməsinin binası dağılıb getmişdi, belə bir binada hansı ədalətli qərarların qəbul olunmasından söhbət gedə bilər. İrad tutdum ki, binanın pis vəziyyətdə olmasının ədalətli qərar qəbul olunmasına nə aidiyyatı var. Hakim açıq havada da ədalətli qərar qəbul edə bilər. Əvvəllər, sovet dövründə səyyar məhkəmələr keçirilirdi. Bilirsiniz, hakimlər gedirdilər kəndə, klubun həyətində, məktəbdə səyyar məhkəmə iclasları keçirirdilər ki, camaat o prosesdə iştirak etsinlər. Və mənim bu iradımı, o, qəbul etmək əvəzinə yenə də uzun-uzadı yenidən çıxış edib özünə haqq qazandırmaq istəyirdi ki, yaxşı bina olmasa ədalətli qərar qəbul etmək olmaz. Bu düşüncəli insanlar çox təəssüf ki, bizim məhkəmə hakimiyyətində kifayət qədərdir. Mən bunu da yeri gəlmişkən müvafiq yüksək vəzifəli şəxslərin diqqətinə çatdırıram ki, hakimlər seçiləndə onların səviyyəsinə, dünyagörüşünə xüsusi diqqət yetirilməlidir".

Cavanşir Həsənli