“Ermənistan öz oyununu oynamağa qadir deyil” Siyasət

“Ermənistan öz oyununu oynamağa qadir deyil”

Tofiq Abbasov: "İrəvan yaxşı bilir ki, hazırda Azərbaycanla Rusiya arasında strateji əməkdaşlıq anlamına gələn münasibətlər formalaşıb"
Elşən Qaraçuqlu: "Ermənistanın Moskvaya barmaq silkələyəcək bir gücü də yoxdur"
Azər Həsrət: "Ermənistan istənilən addımını ağası olan Rusiyayla razılaşdırır"

Ermənistanın Avrasiya İqtisadi Birliyinə giriş tarixi dəyişdirilə bilər. Bu barədə mətbuata açıqlamasında Ermənistanın baş naziri Ovik Abramyan məlumat verib. Onun sözlərinə görə, ölkəsi mütləq bu birliyə daxil olacaq. Bu sözdən sonra dediklərini zarafata salıb "heç vaxt olmamaqdansa gec olması daha məsləhətlidir".
Abramyan hər şeyin 3 iyulda keçiriləcək görüşdən sonra bəlli olacağını deyib. Bununla yanaşı baş nazir ölkənin birliyə daxil ediləcəyi təqdirdə Ermənistanla Dağlıq Qarabağ arasında buraxılış məntəqələrinin qoyulub-qoyulmayacağı haqqında sualdan yayınıb.
Yerli jurnalistlər müəyyən ediblər ki, son bir neçə gündə Dağlıq Qarabağı hökumət başçısı başda olmaqla bir çox yüksəkçinli ziyarət edib. Bu cür səfərlər təbii ki, təsadüf deyil. Qəzet əməkdaşlarının fikrincə, ola bilər ki, Ermənistanın bu birliyə daxil olacağı təqdirdə yarana biləcək problemlər, heç kimin tanımadığı Dağlıq Qarabağla Ermənistan arasında buraxılış məntəqələrinin yerləşdirilməsi müzakirə edilir.
Ermənistan üçün vacib məsələnin Rusiyanın xarici işlər naziri Sergey Lavrovun səfəri zamanı həll ediləcəyi ilə bağlı ümidlər özünü doğrultmadı.
Jurnalistlər qarşısında çıxış edən ölkənin ilk ombudsmanı Larisa Alaverdyan bildirib ki, Sergey Lavrovun erməni kökləri İrəvana yaxşı heç nə gətirmədi: "O, burda çox şeydən danışdı. Amma biz işəyarayan heç nə eşitmədik".
Bəzi ekspertlər hesab edirlər ki, Azərbaycan prezidentinin Rusiya, Qazaxıstan, Belarus rəhbərlərinə Ermənistanın Avrasiya İqtisadi Birliyinə işğal edilmiş Dağlıq Qarabağla daxil olmasının mümkünsüzlüyü barədə məktubu İlham Əliyevin ermənilər üzərində yeni diplomatik qələbəsidir.
Rusiya prezidentinin müşaviri Sergey Qlazyev deyib ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması təkcə Rusiya-Azərbaycan münasibətlərini möhkəmləndirməyəcək: "Həm də Avrasiyaya inteqrasiya layihələrinin reallaşdırılmasına kömək edəcək".
Dövlət rəsmisinin sözlərinə görə Azərbaycan Rusiyanın ənənəvi və xeyirxah partnyorudur. Vladimir Putinin müşaviri təəssüflə bildirib ki, Azərbaycan Avrasiya İqtisadi Birliyi layihəsinə qoşulmur: "Rusiya və Azərbaycanın mədəni, humanitar və ticarət sahələrində əməkdaşlığının birliyinə nail olduq. Amma təəssüf ki, Azərbaycan Avrasiyaya iqtisadi inteqrasiya prosesində iştirak etmir. Bu, Rusiya üçün çatışmazlıqdır. Biz Azərbaycanı Avrasiyaya inteqrasiya prosesinin dəyərli iştirakçısı kimi görmək istərdik".
Rusiya prezidentinin məsləhətçisi onu da vurğulayıb ki, rəsmi Moskva Dağlıq Qarabağ münaqişəsinin Cənubi Qafqazda iqtisadi inkişafı tormozladığını anlayır: "Heç kimə sirr deyil ki, Azərbaycanla Ermənistanın münaqişəsi buna mane olur. Tərəflərin qarşılıqlı anlaşması Cənubi Qafqazda uzunmüddətli sülhü təmin etsəydi, həmin əngəllər aradan qalxardı. O əngəllər ki, bu gün Azərbaycanın Avrasiya inteqrasiya prosesində dəyərli iştirakına mane olur".
Belə bir qərarın verilməsinin səbəbi nədir? İrəvan Moskvaya barmaq silkələyir? yaxud bu, razılaşdırılmış oyunun tərkib hissəsidir?
Politoloq Tofiq Abbasov bildirdi ki, Ermənistan kəsiri olan, uğursuz, özünə əmin olmayan adam kimi daim vaxt udmağa cəhd edir: "Bu həm də onunla bağlıdır ki, siyasi arenada bu yarıcan subyekt öz oyununu oynamağa qadir deyil. İrəvan yaxşı bilir ki, hazırda Azərbaycanla Rusiya arasında strateji əməkdaşlıq anlamına gələn münasibətlər formalaşıb. Bu məqamdan Ermənistan hakimiyyəti xeyli nigaran və həm də narahatdır. Avrasiya məkanına qoşulma məsələsində İrəvana Qarabağ və digər Azərbaycvan torpalqarı ilə əlaqədar məlum xəbərdarlıq edildikdən sonra, prezident Serj Sarkisyanın komandası lap çətin vəziyyətə düşüb. Bu komandanın çaşqınlığı həm də onunla bağlıdır ki, Rusiya sözügedən layihədə İrəvanı eşitmədən hansısa qərarları qəbul edir. Bu çox alçaldıcı yanaşmadır ermənilər üçün. Həm qısqanclıq, həm qorxu hissini gizlədə bilməyən Ermənistan rəhbərləri hazırda dar küncdə manevr etmək istəyir. Lakin üzdə olan da budur ki, belə gedişlərlə Moskvaya ciddi təsir göstərmək mümkünsüzdür. Əlaxüsus da indiki halda... Məsələyə intriqa gətirən odur ki, Ermənistan artıq bütövlüklə Azərbaycanın kölgəsində yer alıb. Bütün sahələrdə bu ölkə geriliyərək, elə vəziyyətə düşüb ki, ona hətta yaxın müttəfiqləri ağır yük kimi baxır. Odur ki, indi vəziyyətə hakim kəsilən tərəf kimi, xarici qüvvələr ilk olaraq rəsmi Bakının sözünü gözləyib sonra müəyyən qərarlar verir. Bu da Ermənistanı lap təşvişə salır".
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Qaraçuqlu isə diqqətə çatdırdı ki, ümumiyyətlə son vaxtlar Ermənistanın vəziyyəti o qədər də qibtə olunası deyil. Onun fikrincə, bunu, o dövlətin başında oturan şəxslərin bir-birinə zidd olaraq verdiyi bəyənat, çıxış və müsahibələrindən də aydın sezmək olar: "Ermənistan baş nazirinin Birliyə qoşulma tarixinin dəyişdirilməsi ilə bağlı fikirləri, Ermənistan və quruma daxil olan dövlətlərlə fikir ayrılığı ucbatından danışıqların bəlli olmayan vaxta qədər uzanacağı barədə düşünməyə əsas verir. Diplomatiyası satqınlıq üzərində qurulmuş bu marionet dövləti, Ukrayna hadisələrindən sonra Rusiyanın hansı istiqamətdə hərəkət edəcəyi daha çox maraqlandırır. Təbii ki, son dövlər Azərbaycanın tutduğu prinsipial mövqe də Ermənistanı və digər quruma üzv dövlətləri çıxılmaz vəziyyətdə qoyur. Ermənistan müstəqilliyini itirmiş, öz iqtisadiyyatı olmayan, müstəqil xarici siyasəti olmayan, lobbi dirəkləri laxlamış bir dövlətdir və onun Moskvaya barmaq silkələyəcək bir gücü də yoxdur".
Siyasi şərhçi Azər Həsrət dedi ki, Ermənistan istənilən addımını başının ağası olan Rusiyayla razılaşdırır və bu kimsəyə sirr deyil: "Ona görə düşünürəm ki, bu məsələdə də eyni yanaşma mövcuddur. Görünür, Ermənistanın Avrasiya İqtisadi Birliyinə qoşulmazdan öncə həll etməsi lazım olan məsələsi qalıb və böyük qardaşının iznilə həmin məsələni həll etmək üçün vaxta ehtiyacı var".

Əli