“Baş nazir separatçıların danışıqlar prosesinə cəlb edilməsində təkid edir” Siyasət

“Baş nazir separatçıların danışıqlar prosesinə cəlb edilməsində təkid edir”

Nəzakət Məmmədova: "Bir müddət öncə inkar etdiyi Rusiya və İrana üz tutur"

"Bildiyiniz kimi Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə Minsk qrupu həmsədrlərinin Paris görüşündə həmsədrlər danışıqların dinamikasına yeni impuls vermək üçün Azərbaycan və Ermənistan dövlət başçılarının sammitinin keçirilməsinin mümkünlüyünü bəyan ediblər. Buna qədər Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında iki dəfə MDB məkanında, bir dəfə isə Avropada qeyri-rəsmi görüş baş tutmuşdu və bu, Ermənistanın əvvəlki rəhbərlərinin iştirakı ilə aparılan danışıqlar prosesinin davamlılığına, işğalçı ölkənin yeni rəhbərliyinin təmaslara davam etdirəcəyini düşünməyə imkan verirdi". Bu fikirləri politoloq Nəzakət Məmmədova deyib.
O bildirib ki, lakin Paşinyanın hakimiyyətə gəldiyi gündən bu vaxtadək davam edən əsassız təklifləri, aqressiv ritorikası onun təzadlı davranışlarını şərtləndirməkdədir.
Politoloqun sözlərinə görə, istər xarici səfərlərində, istərsə də Ermənistan daxilindəki çıxışlarında Paşinyan danışıqlara hazır olmadığını, yaxud danışıqlara getmək istəmədiyini açıq-aşkar büruzə verir: "Müşahidə olunan hallardan biri odur ki, Paşinyan məsuliyyəti öz üzərindən atmaq, yaxud onu bölüşmək üçün Qarabağ separatçılarının danışıqlar prosesinə cəlb edilməsində təkid edir. Paşinyan son dövrdə ola bilsin ki, ABŞ-ın ondan güzəşt tələbinin qarşılığında "ən yaxşı təzə unudulmuş köhnədir" prinsipindən çıxış edərək bir müddət öncə inkar etdiyi Rusiya və İrana üz tutub. Paşinyanın Suriya torpağına erməni kontingenti göndərməyinin səbəbi çox ehtimal ki, ABŞ və yəhudi lobbisinin Qarabağ məsələsində güzəşt tələbinə, ABŞ və İsrailin Azərbaycanla həmrəyliyinə qarşı Ermənistan-Rusiya-İran İttifaqını möhkəmləndirmək məqsədi daşıyır. Ermənistanın Yaxın Şərq avantürasına sürüklənməsinin səbəbi ABŞ və İsrailə onun rəqibləri ilə birləşmək kimi şantaj mesajı çatdırmaqdır".
N.Məmmədova vurğulayıb ki, İran prezidenti Ruhaninin Azərbaycana qarşı hədyan fikirləri səsləndirməsi, Tehranda Qarabağla bağlı təxribatçı şüarların qaldırılması təsadüfi deyil: "Necə ola bilər ki, İran təhlükəsizlik qüvvələri Azərbaycana qarşı belə bir şüarların yazıldığı plakatların zala daxil olmasına icazə verib?! Paşinyan İran və Türkiyə kimi iki böyük gücün dəstəyini alaraq, ABŞ-ın Qarabağ məsələsində güzəşt tələbinə müqavimət göstərməyə çalışır. Xatırlayaq ki, ABŞ prezidentinin müşaviri Con Bolton ötən ilin oktyabr ayında Ermənistandakı seçkilərdən sonra Paşinyandan təşəbbüskarlıq gözlədiklərini vurğulamışdı. Seçki başa çatıb, hakimiyyət Paşinyanın əlində təmərküzləşib və o, konstruktiv danışıqlara getmək iradəsi və cəsarətini özündə tapmadığı üçün prosesdən yayınmağa, müttəfiqlərlə münasibəti möhkəmlətməyə çalışır".
Politoloq qeyd edib ki, digər tərəfdən, regionda siyasi çəki, müttəfiqlərin əldə edilməsi İrəvana və Bakıya Qarabağ məsələsində çox gərəkli olacaq: "Azərbaycan meqa layihələrdə iştirak etməklə, Rusiya və İranla nəqliyyat layihələrində birgə çıxış etməklə Ermənistanın indi qazanmaq istədiyi mövqeyi çoxdan əldə edib. Məsələn, Ermənistan İrana elektrik enerjisi satışından başqa nə isə verə bilmir, halbuki Rusiya-Azərbaycan-İran Şimal-Cənub layihəsində iştirak edir və ölkəmiz İrana 500 milyon dollar kredit ayırıb. Paşinyanın Suriyaya göndərdiyi kontingentin isə heç bir əhəmiyyəti yoxdur, orada fəal döyüş əməliyyatları artıq başa çatıb, Ermənistan Suriyanın gələcəyini həll edən nə Astana, nə də Cenevrə proseslərinin üzvü deyil. Ermənistanın Suriyaya göndərdiyi kiçik kontingent qeyd etdiyimiz kimi ABŞ və İsrailə mənasız mesajdan başqa bir şey deyil".
N. Məmmədova əlavə edib ki, dövlət başçılarının görüşü labüd proses halını alarsa, Paşinyan danışıqlarda güzəştdən yayınmaq üçün Xankəndindən Dəməşqə uzanan geosiyasi ambisiyalara əl atıb, halbuki indiki şəraitdə Ermənistanın özünün normal, sivil, suveren dövlət kimi mövcudluğu sual altındadır: "Digər tərəfdən, ABŞ onun ideallarına xəyanət edənləri bağışlamır. Paşinyanın Qərbin, xüsusilə ABŞ-ın dəstəyini almaq, hakimiyyətə gəlmək üçün illərlə istifadə etdiyi demokrat maskası yırtılıb və o ABŞ-ın avtoritar hesab etdiyi Rusiya, terrora dəstək verməkdə suçladığı Tehran rejimi ilə yaxınlaşmaqdadır. Belə bir şəraitdə dövlət başçılarının sammitinə Ermənistanın təxribatçı yanaşması indidən göz önündədir və təəssüf ki, onun uğurla nəticələnəcəyini demək çətindir".