ABŞ ekspertlərinin absurd iddiaları... Siyasət

ABŞ ekspertlərinin absurd iddiaları...

Arzu Nağıyev: "ABŞ hər yerdə olduğu kimi öz "demokratiya və pluralizm" kartını ortaya atır"
Azər Həsrət: "Niyə dünyanın heç bir yerində hələ də bu səbəbdən həll edilmiş münaqişə örnəyi yoxdur?"

Bu günlərdə Vaşinqondakı Demokratiya Uğrunda Milli Fondunda təşkil edilən və avtoritar rejimlərin rəsmi media siyasətinə dair tədbirdə erməni diaspor nümayəndəsi qəfildən belə bir sual verib: "Nüfuzlu insan haqları təşkilatlarının hesabatlarında, eləcə də "Freedom House"un reytinq cədvəllərində Azərbaycanın daha yaxşı nəticə göstərməsi Dağlıq Qarabağın gələcək taleyinin həllinə də təsir edə bilərmi?". Məruzəçi George Maşinqton Universitetinin professoru Robert Orttungın məsələyə münasibəti qısa və diplomatik oldu: "Nə qədər çox alternativ media olsa, problemin həllinə bir o qədər artıq tövhə gətirərdi".
"Münaqişənin həllinə nail olmaqda maraqlı tərəf kimi Azərbaycanın daha azad mediaya sahiblənməsi, internetdə daha çox müzakirələrə açıq olması sülhü yalnız asanlaşdırardı",- deyə o, fikrini izah edib.
Orttung daha sonra əlavə edir: "Vətəndaşların hakimiyətə suallar ünvanlayıb sülh üçün ictimai müzakirə açmaq imkanı olmalıdır. Nifrət qorxudan və məlumatsızlıqdan doğur və onun öhdəsindən gəlmək üçün bu vəziyyətdən çıxmağa imkan verən proses də olmalıdır.
"Sərhədsiz vasitəçilər" təşkilatının Nyu-Yorkdan olan analitiki Tomas Fuitak bu suala cavabında Azadlıq Radiosuna deyib ki, hakimiyyətlər sülh haqqında real dialoqun necə yaradılması üzərində düşünməli, müstəqil ictimai debatlara hazırlanmalıdırlar: "Nifrət qorxudan və məlumatsızlıqdan doğur, onun öhdəsindən gəlmək üçüün bu vəziyyətdən çıxmağa imkan verən proses də olmalıdır. Hüquqi sülh o zaman baş verir ki, adamlar qarşılıqlı dialoq mühitində bir birini anlmağa nail olsunlar. Əks halda isə biz, yalan sülhdən danışa bilərik, o isə münaqişənin ömrünü yalnız uzadır".
ABŞ eksperntlərinin bu absurd iddiaları "Plüralizm, azad media Qarabağın həllini yaxınlaşdıra bilər" fikri nə ilə bağlıdır? O zaman Vaşinqtonun vaxtilə "demokratiyanın beşiyi" saydığı Gürcüstanın separatçı rejimlərlə bağlı problemi niyə həll olunmadı?
Siyasi təhlilçi Arzu Nağıyev bildirdi ki, hər bir konfliktin və ya münaqişənin həllində yollardan biri də ortaq maraq müqabilində danışıqlardır. Onun sözlərinə görə, Qarabağ məsələsində də maraqlı tərəflərdən biri də əlbəttə ki, ABŞ-dır: "Həm ərazinin geosiyasi və strateji baxımdan əlverişli olması, həm də təbii, daha doğrusu neft və qaz sərvətləri. Gürcüstanla müttəffiglik edərək ABŞ Qara dəniz vasitəsilə müəyyən irəlləyiş əldə etdi və hiss edəndə ki, Rusiya bundan artıq ona imkan verməyəcək və hakimiyyətin dəyişməsi ilə bunu bir daha sübuta yetirdi. Eyni zamanda öz forpostu olan Ermənistanda da strateji üstünlük əldə etdi. ABŞ-in dini baxımdan da marqlarını nəzərə almaq lazımdır. Məlumdur ki, Qarabağ münaqişəsi zamanı türk dövlətləri arasında quru sərhədlərin olmaması başlıca məqsəd olub. Son zamanlar da Azərbaycan Gürcüstan vasitəsilə bu vəziyyətdən çıxa bilir. İranla da müəyyən kompromislər əldə edilir, artıq ABŞ hər yerdə olduğu kimi öz "demokratiya və pluralizm" kartını ortaya atır. Başqa cür ola da bilməzdi. Çünki qoyulan hər bir suala Azərbaycan cavab vermək iqtidarındadır. Bir məsələ də, bu yolla Ermənistanı iqtisadi blokadadan və siyasi izolyasiyadan çıxarmaq ola bilər".
Siyasi şərhçi Azər Həsrət isə vurğuladı ki, əslində, bu sualın cavabı elə özündədir: "Doğrudan da plüralizm, media azadlığı münaqişələrin həllində rol oynaya bilirsə, niyə dünyanın heç bir yerində hələ də bu səbəbdən həll edilmiş münaqişə örnəyi yoxdur? Yoxdur və ola da bilməz. Elə Gürcüstan təcrübəsi bunu təsdiq etməyə yetər. Digər tərəfdən də işğalçı Ermənistanı adıyla çağırmaq yerinə ABŞ-dan bu cür absurd iddiaların tirajlanması bir daha təsdiq edir ki, problemi özümüzdən başqa kimsə həll etmək istəmir. Hətta bunu etməyə gücü yetəcək ABŞ belə. Ona görə də Azərbaycan özünün siyasi və əsgəri imkanlarına, iqtisadi gücünə və insan potensialına dayanaraq bir an öncə öz torpaqlarını işğaldan azad etmək haqqında qərarını verməlidir. Ayrıca qeyd etmək istədiyim bir məqam da odur ki, Azərbaycan elə işğalçı Ermənistandan qat-qat azad, plüralist bir ölkədir və o məntiqlə Qarabağ erməniləri gərəkdir ki, bölücülükdən əl çəksin. Amma çəkmirlər. Deməli, plüralizm, azad media iddiaları həqiqətən də absurddur".

Əli