Uels sammiti Ermənistanı əndişələndirib Siyasət

Uels sammiti Ermənistanı əndişələndirib

İrəvanda hesab edirlər ki, Ermənistan regional və beynəlxalq oyunçular arasında "haqq-hesab"ın mərkəzi olacaq"

Cavid

NATO-nun Uels Sammitində qəbul olunan bəyannamədə beynəlxalq hüquqi yanaşma baxımından ilk dəfə Qarabağ münaqişəsi üçün önəmli məqam yer aldı. Söhbət, ərazi bütövlüyünün toxunulmazlığından gedir. Hansı ki, bu günə qədər Qarabağ münaqişəsi ilə bağlı Helsinki Yekun Aktının 3 əsas prinsipi önə çəkilirdi:
1. Ərazi bütövlüyün toxunulmazlığı.
2. Öz müqəddəratını təyin etmə.
3. Güc tətbiqinin yolverilməzliyi.
Ermənistan prezidenti Serj Sərkisyanın da imza atmağa məcbur olduğu sənəddə ilk dəfə öz müqəddəratını təyin etmə prinsipi olmadan Azərbaycanın ərazi bütövlüyü dəstəkləndi.
Halbuki, bu günə qədər münaqişənin həlinə məsul olan ATƏT-in Minsk qrupu bir-birinin ziddinə olan müddəalarla işləyir. Belə ki, Ermənistan öz müqəddəratını təyin etmə, Azərbaycan isə ərazi bütövlüyünün toxunulmazlığı prinsipini irəli sürür.
İrəvan iddia edir ki, Dağlıq Qarabağ erməniləri öz müqəddəratını təyin edə bilərlər. Azərbaycanın mövqeyi belədir ki, öz müqəddəratını təyinetmə prinsipi Azərbaycanın ərazi bütövlüyü prinsipini üstələyə bilməz.
Bu məsələ münaqişənin həll olunmasında əsas sənəd hesab olunan Madrid prinsiplərində öz əksini tapır. Bu prinsiplərə görə, Ermənistan ilk mərhələdə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan 6 rayonu geri qaytarılmalıdır. Bundan sonra regionda bütün kommunikasiyalar açılır, azad edilmiş torpaqların reabilitasiyası üzrə donor konfransı keçirilir, regionda sülhməramlı müşahidəçilər yerləşdirilir, evlərinə qayıdan köçkünlərin təhlükəsizliyi təmin edilir. Növbəti mərhələdə Laçın və Kəlbəcər rayonları tamamilə azad edilir, azərbaycanlı icma Dağlıq Qarabağa qayıdır, bundan sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın hüquqi statusu müəyyən edilir. Bu zaman Dağlıq Qarabağa Rusiya Federasiyası tərkibində Tatarıstan və Başqırdıstan modeli üzrə yüksək muxtariyyət statusu verilir.
Uzun illər bu prinsiplər ətrafında müzakirələr aparılsa da, ortada heç bir nəticə yoxdur. Buna səbəb isə erməni tərəfinin qeyri-konstruktiv mövqeyidir. Belə ki, İrəvan hər dəfə hansısa bəhanə ilə prosesdən yayınır.
Ukrayna böhranı isə Dağlıq Qarabağ münaqişəsində yeni situasiya yaratdı. Krımın ilhaqı ilə başlanan böhranla bağlı da istinad olunan iki əsas prinsip var: ərazi bütövlüyü və öz müqəddəratını təyin etmə. Rusiya öz müqəddəratını təyin etmə prinsipini əsas götürərək Krımın ilhaqına haqq qazandırır. Amma ortada Ukraynanın ərazi bütövlüyünün pozulması faktı var. Krımın ilhaqı Ermənistanın maraqlarına cavab verir. Lakin dünya birliyi Ukraynanın ərazi bütövlüyü tanıyır ki, bu da İrəvan üçün Dağlıq Qarabağ məsələsində paralel zərbə hesab olunur. Azərbaycanın mövqeyi bununla güclənir. Digər tərəfdən Ukraynanın şərqində baş qaldırmış separatizmə Kiyevin müdaxiləsi onun öz ərazisində antiterror əməliyyatları keçirməsi kimi qəbul edilir. Halbuki buna Ukraynadan əvvəl Azərbaycanın da haqqı var idi. Çünki BMT qətnamələrində işğal olunan ərazilər Azərbaycanın torpaqları kimi qəbul edilir və rəsmi Bakı antiterror əməliyyatlarına başlamaq üçün hüquqi bazaya malikdir.
Beləliklə, Ukrayna böhranı Dağlıq Qarabağ münaqişəsi üçün yeni nümunələri ortaya çıxardı.
NATO-nun Ukrayna böhranından sonra Rusiya təhlükəsinə qarşı keçirilən Uels sammitində qəbul etdiyi sənəddə öz müqəddəratını təyin etməni deyil, məhz ərazi bütövlüyünü irəli sürməsi bundan qaynaqlanır.
"NATO Ermənistanın, Azərbaycanın, Gürcüstanın və Moldovanın ərazi bütövlüyü və suverenliyinin müdafiəsi ilə bağlı öhdəliklərinə sadiqdir. Mövcud şəraitdə alyans Cənubi Qafqazda və Moldovada münaqişələrin beynəlxalq qanunvericilik əsasında və dinc yolla həllinə yönəlik səyləri dəstəkləməkdə davam edəcək", -deyə məlum sənəddə vurğulanır.
Görünür, NATO Ukraynada düşdüyü vəziyyətdən çıxış edərək, eyni presedenti Qarabağa da aid etdi. Bu, sənəd üzərində olsa da, ilk dəfə Azərbaycanın Qarabağ münaqişəsilə bağlı haqlı olaraq irəli sürdüyü ərazi bütövlüyünün toxunulmazlığı prinsipi ayrıca müddəa olaraq irəli sürüldü.
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Hatiq Miri NATO-nun Uels sammitində qəbul edilən sənədi yüksək qiymətləndirib. Onun sözlərinə görə, bəyannamənin münaqişələrlə bağlı hissəsində yalnız dövlətlərin ərazi bütövlüyü prinsipindən söhbət gedirdi: "Millətlərin öz müqəddəratını təyinetmə prinsipi təxirə düşdü. Ermənistanı, dolayısı ilə Rusiyanı narahat edən amil də məhz budur. ATƏT-in Minsk qrupunun söykəndiyi prinsiplər bir-birinin əksi olan prinsiplərdir. Onlardan biri ərazi bütövlüyü, digəri isə öz müqəddəratını təyinetmə prinsipidir. Bu prinsipləri 20 il ərzində razılaşdırmaq mümkün olmayıb. Bundan sonrakı 20 il ərzində də mümkün olmayacaq. Ona görə də münaqişənin həllində prinsiplər dəyişdirilməlidir".
Bu baxımdan, politoloq təklif edir ki, NATO-nun sənədi üzərindən çıxış etmək lazımdır.
Erməni politoloq Ayk Martirosyan isə deyib ki, Uels sammitində qəbul edilən bəyannamə Ermənistanın xeyrinə ola bilməz. O, yerli mətbuata bildirib ki, NATO-nun qəbul etdiyi sənəddə post-sovet ölkələrində həll olunmamış ərazi problemlərinin olduğu qeyd edilib: "Faktiki olaraq, 30-cu bənd buna həsr edilib. Sənəddə regiondakı ölkələrin ərazi bütövlüyü və suverenliyinin müdafiəsi nəzərdə tutulub. Həmin bəyannamə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bəyanatın gizli bəndlərində Ermənistanda Rusiya təsirinin zəiflədilməsi məsələsi də nəzərdə tutulub. NATO bunun üçün mübarizə aparacaq".
Politoloq qeyd edir ki, bu sənəd ikinci soyuq müharibənin hüquqi əsaslarını əsas tutaraq Qərbin Rusiyaya qarşı qəti qərarlar verməsinə imkan yaradır: "Bütün kontekstlərdə, xüsusi ilə Rusiya ehtimalı ilə bağlı olan 30-cu bənddə nəzərdə tutulanlar Ermənistan üçün son dərəcə əlverişsizdir. Ermənistan artıq öz qərarını verib və Rusiyanın tam təsiri altında qalacaq. Bu o deməkdir ki, müəyyən mənada, Rusiya Ermənistana qarşı hücumları, özünə qarşı edilmiş təzyiq kimi qəbul edəcək. Digər tərəfdən, Ermənistanla Azərbaycan arasında mümkün müharibə şübhəsiz ki, Ermənistanı regional və beynəlxalq oyunçular arasında "haqq-hesab"ın mərkəzinə gətirəcək. Bu isə Ermənistan üçün olduqca təhlükəli vəziyyətdir".
Politoloq Ermənistanın NATO ilə həmişə səmimi və dostluq münasibətləri saxlamağa borclu olduğunu deyir. Ayk Martirosyanın fikrincə, Şimali Atlantika alyansının əsas oyunçulardan biri olan Türkiyə Ermənistanın bilavasitə qonşusudur və buna görə Ermənistan ehtiyatlı addımlar atmalıdır.