Elçin Əmirbəyov CNN Prima News xəbər agentliyinə müsahibə verib Müsahibə

Elçin Əmirbəyov CNN Prima News xəbər agentliyinə müsahibə verib

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Çex Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin aparıcı televiziya kanallarından biri olan CNN Prima News xəbər agentliyinə müsahibəsi baş tutmuşdur.

Müsahibə zamanı Azərbaycan ilə Çexiya arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. E.Əmirbəyov Azərbaycan və Çexiya arasında münasibətlərin dostluq, qarşılıqlı hörmət və ortaq maraqlar əsasında qurulduğunu qeyd edərək, 2015-ci ildə iki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin bu münasibətlərin inkişafında mühüm rol oynadığını vurğulayıb. O, enerji sahəsi ilə yanaşı müdafiə, sənaye, kənd təsərrüfatı, turizm və digər istiqamətlərdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün potensialın mövcud olduğunu bildirib.

Azərbaycanın geostrateji mövqeyinə toxunan E.Əmirbəyov ölkəmizin Cənubi Qafqaz və Mərkəzi Asiya arasında mühüm körpü rolunu oynadığını vurğulayaraq, bu xüsusda Azərbaycanı bütün Avropa ölkələri, eləcə də Çexiya üçün Mərkəzi Asiyaya etibarlı çıxış qapısı kimi xarakterizə edib.

E.Əmirbəyov iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun müsbət dinamika üzrə inkişaf etdiyini qeyd edərək, cari ilin əvvəlində Davos İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə Çexiya Respublikasının Baş naziri cənab Andrey Babiş arasında keçirilmiş görüşü bu baxımdan mühüm addım kimi qiymətləndirib. O, yaxın dövrdə yüksək səviyyəli qarşılıqlı səfərlərin və təmasların daha da intensivləşəcəyinə ümidvar olduğunu bildirib.

Müsahibədə xüsusilə enerji sahəsində əməkdaşlıq məsələlərinə toxunulub. E.Əmirbəyov Azərbaycanın uzun illərdir Avropanın enerji təhlükəsizliyinə töhfə verən etibarlı strateji tərəfdaş olduğunu qeyd edərək, Çexiyanın Azərbaycandan xam neft idxal edən əsas tərəfdaşlardan biri olduğunu diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycanın təbii qaz ixrac coğrafiyası genişlənməkdədir və hazırda ölkəmiz 16 dövlətə, o cümlədən Avropa İttifaqının 10 üzv ölkəsinə təbii qaz ixrac edir. Eyni zamanda, bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsi üçün əlavə investisiyalara və mövcud infrastrukturun, o cümlədən Cənub Qaz Dəhlizinin ötürücülük qabiliyyətinin artırılmasına ehtiyac olduğu qeyd edilib. Bu baxımdan, Azərbaycan ilə Avropa İttifaqı arasında sıx əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Bununla yanaşı, Azərbaycanın bərpaolunan enerji mənbələri və ölkəmizin iştirakçısı olduğu regional yaşıl enerji layihələri barədə də müqabil tərəflərə məlumat verən E.Əmirbəyov təmiz elektrik enerjisinin ötürülməsi istiqamətində Avropa ölkələri, o cümlədən Çexiya ilə əməkdaşlığın dərinləşdirilməsi baxımından geniş imkanların olduğunu qeyd edib.

E.Əmirbəyov Azərbaycanın qlobal enerji bazarında etibarlı və məsuliyyətli tərəfdaş kimi çıxış etdiyini bildirərək, ölkəmizin qısamüddətli böhranlara əsaslanan təchizatçı deyil, uzunmüddətli, sabit və proqnozlaşdırıla bilən tərəfdaş kimi qiymətləndirilməli olduğunu diqqətə çatdırıb.

Müsahibə zamanı regional və beynəlxalq məsələlərə də toxunulub. E.Əmirbəyov Azərbaycanın bütün, o cümlədən qonşu ölkələrlə münasibətlərdə qarşılıqlı hörmət və milli maraqlara əsaslanan müstəqil, praqmatik və çoxşaxəli xarici siyasət həyata keçirdiyini bildirib.

Azərbaycan ilə ABŞ arasında münasibətlərə dair sualı cavablandırarkən E.Əmirbəyov qeyd edib ki, son dövrdə bu əlaqələr keyfiyyət və məzmun baxımından yeni mərhələyə yüksəlmişdir. O, iki ölkə arasında strateji tərəfdaşlıq haqqında xartiyanın imzalanmasının ikitərəfli əməkdaşlığın inkişafına xüsusi təkan verdiyini vurğulayıb. Bununla yanaşı, ABŞ tərəfinin Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin irəlilədilməsinə verdiyi dəstək və Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat-kommunikasiya xətlərinin bərpası ilə bağlı oynadığı vacib rol barədə yüksək qiymətləndirilib.

Müsahibə çərçivəsində E.Əmirbəyov həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi barədə sualı cavablandırıb, əldə olunmuş razılaşmalar və davamlı sülhün təmin olunması istiqamətində görülən işlərdən də bəhs edib. O, Ermənistanda keçiriləcək parlament seçkilərinin və bu ölkənin yeni konstitusiyasının qəbul edilməsi ilə bağlı yaxın zamanda təşkili nəzərdə tutulan referendumun nəticələrinin iki ölkə arasında sülh sazişinin imzalanması, beləliklə də regionda uzunmüddətli və dönməz sülhün təmin olunması baxımından vacib rol oynayacağını diqqətə çatdırıb.

https://data.prima-net.cz/index.php/s/BS9JajqHXx9KYcS?dir=/&editing=false&openfile=true