Müsavatda “başqanlıq fırtınası” Siyasət

Müsavatda “başqanlıq fırtınası”

Partiyanın başına kimin gələcəyindən daha çox, mümkün parçalanmalar müzakirəyə çevrilib

Müsavat Partiyasının başqanı İsa Qəmbər qurultay öncəsi bu vəzifədə sonuncu mətbuat konfransını keçirib. İsa Qəmbər qeyd edib ki, qurultay Müsavat üçün önəmli hadisə olacaq. O, xatırladıb ki, partiyanın Nizamnaməsinə əsasən Müsavat başqanı ardıcıl iki dəfədən artıq seçilə bilməz və buna görə də qurultayda yeni başqan seçiləcək.
Qeyd edək ki, qurultayın gərgin keçəcəyi hiss olunur. Başqanlığa namizədlərin di iddialı açıqlamaları bunu deməyə əsas verir.
Başqan kreslosuna ən iddialı namizəd olan Qubad İbadoğlunun sözlərinə görə, o, seçkidə qələbə qazanacaq: "Hesab edirəm ki, qalib olacam. Seçkiyə qələbə ilə gedirəm. Partiyadaşlarımın mənə olan münasibəti optimist olmağa əsas verir".
Səxavət Əlisoy ümidli olduğunu desə də, uduzmağa hazır olduğunu bildirməkdən çəkinmir: "Ümidliyəm. Kimin seçilməsindən asılı olmayaraq, ömrümüzün 20 ilini Müsavat Partiyasına vermişik".
Gənclərin dəstəklədiyi Tural Abbaslı seçkidən 50 faiz qalibiyyət gözlədiyini bildirir: "Kimsə desə ki, mən şanslı, yaxud da şansız namizədəm, demək o, müsavatçıları tanımır. Müsavatçıların hansı kriteriyalarla kimə səs verəcəklərini özlərindən başqa heç kim bilmir. 50 faiz qələbə, 50 faiz məğlubiyyətlə gedirəm. Hər şey ola bilər. Birinci turda uda da bilərik, uduza da. Üz üzdən utanar prinsipi var. Elə üzvümüz var ki, 4 namizədin hər birinə "sənə səs verəcəm" deyib".
Digər iddialı namizəd Arif Hacılı isə İsa Qəmbərin özünün namizədinin kim olduğunu bildiyini söyləyib: "Ancaq hesab edirəm ki, indi həmin şəxsin adını açıqlamaq doğru olmaz. Yəqin ki, ehtiyac olarsa, İsa Qəmbər bu sualın cavabını qurultayda açıqlayacaq".
Hamizədlər arasında gərginlik yaradan daha bir faktor isə mühacir müsavatçılardan gələn dəstək bəyanatlarıdır.
Başqanlığa namizəd Arif Hacılı bildirib ki, xaricdəki nümayəndələrin səs vermək hüququ olmasa da, onların Müsavat Partiyasının qurulmasında fəaliyyətləri böyük olub:
"Onlar yeni başqanın kim olması ilə bağlı fikirlərini bildirirlər. Həmin şəxslər mühacirətdə olsalar da, onların sözü qurultay nümayəndələri üçün önəmlidir".
Tural Abbaslı isə hesab edir ki, bu bəyanatlar yalnız qurultay nümayəndələrinə təsir etmək imkanı baxımından dəyərlidir.
Səxavət Əlisoy isə bu bəyanatları populizm əlaməti və primitiv siyasət hesab edir: "Bəyanatların partiyanın fəaliyyətinə heç bir təsiri yoxdur. Dəstək bəyanatları sadəcə olaraq SSRİ dövründəki "zəhmətkeşlərin məktubu"na bənzəyir. Onların dəstək söhbətini doğru hesab etmirəm. Müsavatın gələcək fəaliyyəti üçün bunu ziyanlı hesab edirəm. Bu dəstəklərin verilməsini bolşevik metodu kimi dəyərləndirirəm. Hətta rayonlarda, bölgələrdə toplaşaraq dəstək verməyi də populizm hesab edirəm".
Onun sözlərinə görə, onlara bunu mediaya çıxartmamağı məsləhət görüb: "Çünki burada bu dəstəyin heç bir əhəmiyyəti yoxdur. Müsavat Partiyası populizmdən birdəfəlik imtina etməlidir! Bütün bu dəstəklər qurultaydan sonra partiyada gərginliyin yaranmasına səbəb olacaq".
Qubad İbadoğlu isə dəstək bəyanatlarını belə şərh edib: "Bunlar ictimai dəstəkdir. Nümayəndələr proseslə bağlı narahatlıq və fikirlərini bölüşmək üçün bəyanatlar səsləndirirlər. Lakin bu sadəcə ictimai dəstək olduğu üçün partiyanın fəaliyyətinə ciddi təsir göstərə bilməz".
Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Səxavət Əlisoyun qurultayda uğurlu nəticə əldə edə bilməyəcəyi təqdirdə istefa verəcəyi ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib ki, bu hədələyici bəyanatlar onu deməyə əsas verir ki, qurultay o qədər də asan keçməyəcək. YAP rəsmisinin sözlərinə görə, burada hansı tərəfin seçilməsindən asılı olmayaraq qarşı tərəf mütləq istefa verəcək: "Çünki bu partiyada daxili vəziyyət çox gərgindir. Onların bir-birinə qarşı ittihamları, fikirləri artıq pik həddə çatıb. Bu mənada hesab edirəm ki, Müsavatın qurultayı çox gərgin şəraitdə keçəcək və mütləq birinci tərəf seçilərsə, ikinci tərəf istefa verəcək".
Daha bir maraqlı məqam isə qurultaydan bir neçə gün öncə Müsavatla AXCP arasında münasibətlərin yenidən kəskinləşməsidir. Əldə etdiyimiz məlumata görə, qarşıdurmanın yaranmasında Müsavat Partiyasının rəhbərliyi, konkret olaraq, İsa Qəmbərin özü maraqlıdır. Bu da qurultaydan sonrakı dövrdə Müsavat Partiyası daxilindəki mümkün parçalanmadan diqqəti bəribaşdan yayındırmaq məqsədi daşıyır.
Yeri gəlmişkən "Yeni Müsavat" qəzetinin baş redaktorunun müavini Azər Ayxan AXCP qərargahının sahibi Azər Əsgərovun "Yeni Müsavat" qəzeti vasitəsilə Əli Kərimlini ittiham etməsinə qarşılıq olaraq, əks tərəfin onları xəyanətdə suçlamalarına belə münasibət bildirib: "Bu, AXCP sədri və onun ətrafındakı qaragüruh dəstəsinin klassik metodudur. Kimi xoşlamırlarsa, kim bunların sifətini açıb ortaya qoyursa, kim bunların macəraçı siyasətini dəstəkləmirsə dərhal şantaja, qarayaxmaya və çamuratmaya keçirlər və bu da növbəti bir həyasızlığın nümunəsidir".
Azər Ayxan eyni zamanda xatırladıb ki, əslində, həmin ittihamları "Yeni Müsavat" qəzeti deyil, məhz Azər Əsgərov irəli sürüb: "Azər Əsgərov dediyi fikirlərində bütün detalları açıqlayıb. Yəni bizə müraciət edib, biz də onun mövqeyini vermişik. Burada başqa bir şey yoxdur ki?"

Əli