Dövlət büdcəsi ikinci oxunuşda qəbul edilib Siyasət

Dövlət büdcəsi ikinci oxunuşda qəbul edilib

Milli Məclisin növbəti plenar iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. İclasa spiker Sahibə Qafarova sədrlik edib.
Deputat Tahir Mirkişili deyib ki, işğaldan azad olunmuş ərazilərin bərpası üçün büdcədən 2,2 milyard manat vəsait ayrılmasını yaxşı qarşılayırıq. Deputat həmkarlarımız xaricdə və ölkədə yaşayanların öz vəsaitləri hesabına bu layihələrdə iştirak etməsi ilə bağlı təkliflər səsləndirib. Deputat bu istiqamətdə ayrıca fondun yaradılmasının müsbət olduğunu da söyləyib: “Burada təkcə dövlət büdcəsindən olan vəsaitlərin deyil, sahibkarlardan və digər şəxslərin də ianələri hesabına fondun gəlirləri arta və bu gəlirlər işğaldan azad olunmuş ərazilərin bərpasına yönələ bilər. Bu da işlərin daha sürətlə aparılmasına imkan verər”.
Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, bu məsələyə hökumət üzvləri öz münasibətini bildirəcək.
Deputat Tahur Kərimli diqqətə çatdırıb ki, hərbçilərin maaşının qaldırılmasına ehtiyac var. T. Kərimli həmçinin dövlət televiziyasına da əlavə texniki qurğuların alınması üçün vəsaitin ayrılmasını təklif edib:
“Biz müharibə vaxtı hadisələrdən canlı yayımları Türkiyə telekanallarından canlı izləyirdik. AzTV-nin səyyar qurğulara ehtiyacının olduğunu gördük. Ona görə də bu kanala əlavə vəsaitin ayrılması yaxşı olardı”.
Sədr Sahibə Qafarova isə cavabında bildirib ki, televiziya kanallarımız ictimaiyyəti yetəri qədər informasiya ilə təmin edib.
Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov “biz görürük ki, Qarabağda müəyyən təxribatlar baş verir. Ona görə də əhalinin ora köçürülməsini təmin etməliyik, - deyə bildirib ki. Siyavuş Novruzov əhalinin orada məskunlaşması zamanı təxribatların olmayacağını da söyləyib: “Biz təkcə sülhməramlılara arxayın olmamalılyıq. Biz Azərbaycan Ordusuna arxayın olmalıyıq. Ona görə də insanlarımızı tez zamanda ora yerləşdirməliyik. Digər rayonlardakı problemləri 1 il gec həll etmək olar. Əsas diqqəti Qarabağa yönəltmək olar ki, orada vakuum yaranmasın”.
Deputat bildirib ki, bu insanlar vətən üçün, xalq üçün döyüşüb: “Biz maddiyyatı onlardan üstün tutmamalıyıq. Hər bir azərbaycanlının arzusu ərazi bütövlüyümüzü təmin etməkdir. Biz bu istiqamətdə çalışmamalıyıq. Dərsliklərimizi də bu istiqamətdə yazmalıyıq. Onlar ən yüksək təminata layiqdirlər”.
Siyavuş Novruzov həmçinin Qarabağ müharibəsi veteranlarına verilən müavinətin artırılmasını təklif edib. O bildirib ki, bir müddət bundan əvvəl Prezidentin sərəncamı ilə Qarabağ müharibəsi veteranlarına verilən müavinət 50 manatdan 80 manata qaldırılmışdı: “Hesab edirəm ki, bu məbləğ artırılaraq 150-180 manat olmalıdır”.
Milli Məclisin deputatı Fazil Mustafa parlamentin hərbçilərin ailə vəziyyətinə toxunub. Fazil Mustafa çıxışı zamanı sözünün Bakıda kabinetdən çıxmayan, kresloda oturan hərbçilərə aid olmadığını deyib.
“Dediyim kateqoriyadan olan hərbçilərin uşaqları və ailələri üçün infrastrukturu biz təmin etməliyik. Söhbət təkcə müavinət verilməsindən getmir. Sovet dövründə zabitlər, hərbçilər üçün belə infrastrukturlar var idi. Yəni bu uşaqların əqli, mədəni inkişafına nail olmalıyıq. Hərbçi ailələri, uşaqları üçün müavinətdən başqa yollar tapmalıyıq”.
Deputat bundan sonra dünya ermənilərinə qalib gəlməli olduğumuzu da qeyd edib.
Büdcə müzakirələti zamanı çıxış edən deputat Aqil Abbas “bayaqdan müzakirələrə qulaq asıram. Deputat həmkarlarım büdcədən müəyyən yerlərə maliyyə ayrılmasını xahiş edir. Biri deyir kanalizasiyaya bu qədər, digəri isə deyir ki qazlaşdırmaya bu qədər ayrılsın. Biz yeni müharibədən çıxmış dövlətik”, - deyə bildirib.
Deputat qeyd edib ki, dövlət lazım olan yerlərə maliyyə ayırır: “Şəhid ailələri və qazilərimizin problemləri dövlət tərəfindən aradan qaldırılır. Düşünürəm ki, indiki halda bunlar daha əsasdır. Hər şeyə maliyyə ayrılmasını istəyirik. Danışanda deyin ki hardan alaq. Bəlkə siz bilirsiz?”.
Qeyd edək ki, 2021-ci il dövlət büdcəsinin gəlirləri isə 25 427,0 milyon manat nəzərdə tutulur ki, bu da ÜDM-in 33,6 %-i həcmində olmaqla, 2020-ci ilin proqnozu ilə müqayisədə 1 303,0 milyon manat və yaxud 5,4 %, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə 1 208,9 milyon manat və yaxud 5 % çoxdur.
Gələn ilin dövlət büdcəsinin xərcləri 28 543,0 milyon manat (ÜDM-də xüsusi çəkisi 37,7 %) proqnozlaşdırılır ki, bu da 2020-ci ilə nisbətən 1050,8 milyon manat və yaxyd 3,8 %, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 4 117,1 milyon manat və yaxud 16,9 % çoxdur.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq II oxunuşda qəbul edilib.

İclasda həmçinin “sosial müavinətlər haqqında” qanuna dəyişiklik layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Qanuna təklif edilən dəyişikliyə əsasən, müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların uşaqlarına da sosial müavinət veriləcək.
Hərbi qulluqçuların uşaqlarına sosial müavinət şəxs müddətli həqiqi hərbi xidmətdə olduqda təyin olunacaq. Qanuna daha bir dəyişikliklə isə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqda və ya vəfat etdikdə müavinətlərin ödənişi dayanacaq. Qanuna dəyişiklik layihəsi 2021-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq II oxunuşda qəbul edilib.
Bundan başqa iclasda “Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat məbləğində müəyyən edilib. Xatırladaq ki, 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində müəyyən edilmişdi.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq II oxunuşda qəbul edilib.
Üçüncü oxunuşda müzakirəyə çıxarılan “Siyasi partiyalar haqqında” qanuna təklif edilən dəyişikliklərdə yeni çağırış Milli Məclisə keçirilmiş seçkilərin yekunlarına əsasən Milli Məclis səlahiyyətli tərkibdə formalaşdığı gündən etibarən siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün hər il dövlət büdcəsindən ayrılan vəsaitin rüblər üzrə bərabər hissələrlə siyasi partiyanın bank hesabına köçürülməsinə dair yeni qayda müəyyənləşib.
Qüvvədə olan qanuna əsasən, Dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür. Vəsaitin 40 faizi Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatlarının sayına proporsional olaraq bölünür.
Dəyişikliyə əsasən artıq vəsaitin 5 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş seçkilərdə etibarlı səslərin ən azı 3 faizin qazanmış, lakin Milli Məclisdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional qaydada bölünəcək. Vəsaitin 40 faizi Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında bərabər bölünəcək. Vəsaitin 50 faizi Milli Məclisin say tərkibinə (125) bölünəcək və bunun nəticəsində alınan məbləğ Milli Məclisdə təmsil olunan siyasi partiyalardan seçilmiş deputatların sayına vurulmaqla müəyyən edilmiş məbləğ həmin siyasi partiyalara ayrılacaq. Milli Məclisə keçirilmiş təkrar və əlavə seçkilər nəticəsində, həmçinin fəaliyyətdə olan deputatların partiya mənsubiyyətinin yaranması (dəyişməsi) ilə əlaqədar, habelə digər səbəblərdən Milli Məclisdə siyasi partiyaları təmsil edən deputatların sayı artdıqda və ya azaldıqda bu vəsaitin həmin siyasi partiyalara ayrılması zamanı da nəzərdə tutulmuş qayda tətbiq olunacaq. Siyasi partiyalar üçün nəzərdə tutulmuş vəsaitin müvafiq rüb üzrə istifadə olunmamış hissəsi həmin rübün sonunda Milli Məclisdə siyasi partiyaları təmsil edən deputatların sayına uyğun olaraq proporsional qaydada siyasi partiyalara ayrılacaq.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Digər qanun layihələri də müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.
Xatrladaq ki, Milli Məclisin payız sessiyasının növbəti iclası dekabrın 29-da keçiriləcək. Parlamentin sədri Sahibə Qafarova deyib ki, büdcə zərfinin müzakirələri növbəti iclasda üçüncü oxunuşda davam etdiriləcək.

Əli Zülfüqaroğlu