Moskva görüşü Azərbaycanın tarixi zəfərinin daha da möhkəmlənməsi baxımından növbəti diplomatik mərhələ oldu - Tamam Cəfərova Siyasət

Moskva görüşü Azərbaycanın tarixi zəfərinin daha da möhkəmlənməsi baxımından növbəti diplomatik mərhələ oldu - Tamam Cəfərova

Yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş baş tutdu. Bu görüş noyabr ayının 10-da imzalanmış bəyanatdan sonrakı postmüharibə dövründə əldə olunan nəticələrin müzakirə edilməsi baxımından hesabat xarakterli idi. Bu nöqteyi- nəzərdən görüşün əsas məqsədi Dağlıq Qarabağa dair imzalanmış məlum bəyanatın reallaşdırılmasının gedişini, yaranmış mövcud problemlərin aradan qaldırılmasına və regionda dinc həyatın qaydaya salınmasına dair sonrakı addımları birlikdə müzakirə etmək olub.

Bu sözləri açıqlamasında Milli Məclisin üzvü, Gender problemləri və konfliktologiya üzrə ekspert Tamam Cəfərova bildirib.

T.Cəfərova açıqlamasında qeyd edib ki, Moskva görüşü Azərbaycanın hərbi-siyasi yolla əldə etdiyi tarixi zəfərinin daha da möhkəmlənməsi baxımından növbəti diplomatik mərhələ oldu. Nəzərə alsaq ki, 10 noyabr 2020-ci il tarixli 9 maddədən ibarət Bəyanat Ermənistanın kapitulyasiya aktına imza atması idi, bu baxımdan 4 maddədən ibarət bu bəyanatı da həmin prosesin davamı kimi qiymətləndirməliyik.

Deputat xüsusilə vurğuladı ki, Moskva görüşünün ən vacib məqamlarından biri, tərəflərin 10 noyabr bəyanatının regiondakı bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasını nəzərdə tutan 9-cu bəndinin həyata keçirilməsinə dair üçtərəfli işçi qrupun yaradılması barədə razılıq əldə etməsidir. Azərbaycan, Ermənistan və Rusiyanın baş nazir müavinlərinin rəhbərlik edəcəyi işçi qrup yanvarın 30-dək ilk iclasını keçirəcək, fəaliyyət istiqamətləri üzrə ekspert alt qrupları yaradacaqlar. Dövlət orqanlarının səlahiyyətli nümayəndələrindən təyin olunacaq ekspert alt qrupları bir ay ərzində layihələri, eləcə də onların icrası üçün lazımi resurs və tədbirlərin siyahılarını təqdim edəcəklər. Bu baxımdan Cənab Prezident İlham Əliyevin sözləri ilə desək, “Regionun bundan sonrakı davamlı və təhlükəsiz inkişafını təmin etmək üçün görüş çox vacib idi”.
T.Cəfərova bildirdi ki, “burada vurğulamalı olduğumuz əsas məqam ondan ibarətdir ki, kommunikasiyaların bərpası Azərbaycan, Ermənistan, Rusiya və digər region dövlətlərinin maraqlarına cavab verir. Beynəlxalq kommunikasiyaların bərpası regionun inkişafında dinamizm yaratmaqla bərabər, həm də etibarlı təhlükəsizliyə xidmət edəcək”. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan regionun gələcək inkişafının təminatçısıdır.
Deputat qeyd edib ki, ən vacib məqamlardan biri Azərbaycanı Naxçıvanla birləşdirən dəmiryolu və avtomobil yolunun təmin edilməsidir. Bu, olduqca mühüm bir kommunikasiyadır və təkcə Azərbaycanın deyil, qardaş Türkiyənin, eyni zamanda digər qonşu ölkələrin də iqtisadi maraqlarının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu kommunikasiya xətlərinin açılması ilə Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası ilə, həmçinin Tükiyə ilə əlaqələri güclənəcək, ölkəmizin geoiqtsadi əhəmiyəti artacaq.

Sonda deputat qeyd edib ki, Prezident İlham Əliyevin sözləri ilə desək “Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb”. Moskva görüşü özlüyündə bunu bir daha təsdiq etdi. Azərbaycan tərəfi qapalı görüşdə istədiyinə nail oldu. Ortaq bəyanatın mətni – humanitar və kommunikasiya məsələləri ilə bağlı üçtərəfli işçi qrupunun yaradılması da bunu təsdiqləyir. Əgər rəsmi Bakının şərtləri qəbul edilməsəydi, üçtərəfli əməkdaşlıq formatı olmayacaqdı. Nəzərə alsaq ki, İkinci Qarabağ müharibəsinədək 30 il ərzində aparılan danışıqlar Azərbaycan üçün nəticəsiz diplomatik prosedur idi. Qarabağ problemi hərbi yolla həllini tapdıqdan sonra artıq rollar dəyişib. Artıq Ermənistan özü üçün uğursuz və nəticəsiz danışıqlarda iştirak etməyə məcburdur. Ermənistan Azərbaycanın onun üçün irəli sürdüyü əməkdaşlıq şərtlərini qəbul etməyə məcburdur. Əgər Paşinyan höküməti bir az olsun öz xalqının rifahını düşünürsə Azərbaycanın şərtləri ilə qeyd-şərtsiz razılaşmalıdır.