Komitə sədri: “Kontuziyalı insanlara əlillik təyin olunana qədər müavinət, təqaüd verilməsinin alternativləri tapılmalıdır” - MÜSAHİBƏ Siyasət

Komitə sədri: “Kontuziyalı insanlara əlillik təyin olunana qədər müavinət, təqaüd verilməsinin alternativləri tapılmalıdır” - MÜSAHİBƏ

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin APA-a müsahibəsi

- Milli Məclisdə aparılan islahatlar, struktur dəyişikliklərinin yekunlaşması fonunda Əmək və sosial siyasət komitəsinin fəaliyyətində hansı yeniliklər olub?

- Parlament seçkilərindən sonra Milli Məclisin fəaliyyətində həm struktur-təşkilat, həm də mahiyyət baxımından xeyli yeniliklər oldu. Milli Məclisin rəhbərliyi, komitələrin rəhbərləri dəyişdi. İlk olaraq müxalifət partiyalarının deputatları da həm Milli Məclisin rəhbərliyində, həm də komitələrin rəhbərliyində təmsil olundular.

Ümumilikdə, parlamentin son 1 ildəki fəaliyyətini müsbət qiymətləndirirəm. Əmək və sosial siyasət komitəsi də parlamentin ən çox iş yükü olan komitələrindən biridir. Ən çox müraciətlər, şikayətlər və ərizələr, eyni zamanda ən çox təkliflər də bizim komitəyə daxil olur. Eyni zamanda hər kəsin sosial sahədə problemləri varsa, təbii ki, icra orqanlarına müraciətlə yanaşı, Milli Məclisə də müraciət edir. Hesab edirəm ki, istər seçicilərlə iş baxımından, istərsə də qanunvericilik sahəsində komitəmizin işi müsbət qiymətləndirilə bilər.

Yaz sessiyasında bizim xeyli qanunumuz qəbul olunub. Bu sıraya Əmək Məcəlləsinə, o cümədən məşğulluq, ünvanlı sosial yardım, sosial sığorta, şəhid adının əbədiləşdirilməsi ilə bağlı qanunlara dəyişiklik daxildir. Bu sessiya da kifayət qədər məhsuldar və uğurlu sessiya olub.

Eyni zamanda ötən il 44 günlük Vətən müharibəsində Zəfər qazandıq. Şəhidlərimiz, qazilərimiz, yaralılarımız var. Bunlar birbaşa Milli Məclisin səlahiyyətində olan məsələlər deyil, amma qanunvericiliyin təkmilləşdirilməsi, eyni zamanda yerlərdə görüşlər zamanı qaldırılan məsələlərin qurumlara çatdırılması istiqamətində işlər görülür.

- Pandemiya dövründə qanunvericiliyə komitələrlə bərabər, Milli Məclisin də videokonfrans formatında plenar iclaslarının keçirilməsi ilə bağlı dəyişiklik edildi. Lakin indiyə qədər Milli Məclisin videokonfrans formatında iclasının keçirilməməsinin səbəbi nədir?

- Bu, birincisi, səsvermədə həm gizliliyinin qorunması, həm də vaxtında keçirilməsi ilə bağlıdır. İkincisi, hər bir texnologiya nə qədər müasir olsa da, müəyyən dövlət sirləri ortaya çıxır. ZOOM proqramı bizim proqramımız deyil, belə proqramların hamısı müxtəlif dövlətlər tərəfindən izlənilə və hətta bəzi hallarda müdaxilə oluna bilinən məsələlərdir. Hər bir deputatın qapalı, gizli şəxsən səsverməsi mümkün olmalıdır. Ona görə də bu sahədə çətinliklər yarandı. Bu səbəbdən Milli Məclisin plenar iclaslarında deputatlar məcburdur ki, şahmat qaydasında otursunlar. Bir qrup deputat da qonaqlar və jurnalistlər üçün nəzərdə tutulan yerlərdə otururlar.

- Növbədənkənar sessiyada Əmək və sosial siyasət komitəsində hansı qanun layihələrinin müzakirəyə çıxarılması nəzərdə tutulub?

- Biz daha çox müvafiq icra hakimiyyəti qurumları, konkret olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə işləyirik. Bəzən işçi qruplarımız da bir yerdə olur. Bu, daha çox işgüzarlıq və fəallıq, eyni zamanda problemi vaxtında görmək və müdaxilə etmək imkanı yaradır.

Əlliyin təyin olunması ilə bağlı qanunvericiliyə ciddi dəyişikliklər nəzərdə tutulub. Qanun layihəsi hazırdır və bu layihəni növbədənkənar sessiyada müzakirə edəcəyik.

“Məşğulluq haqqında” qanuna da çox vacib dəyişikliklərimiz var, layihəni artıq birinci və ikinci oxunuşda qəbul etmişik. Mayın 27-də də parlamentdə üçüncü oxunuşda müzakirəyə çıxarılacaq. “Məşğulluq haqqında” qanunda əsas dəyişiklik özünüməşğulluq proqramı ilə bağlıdır. Artıq Azərbaycanda özünüməşğulluq proqramı çərçivəsində dəstək sahəsində 50 mindən çox aztəminatlı insanın məşğulluğu təmin olunub. Bu da 50 min mikromüəssisə, ailə-fermer təsərrüfatı deməkdir. Burada çalışan insanların həm monitorinqinin aparılması, həm də onlara müvafiq təlimlərin verilməsi ilə bağlı “Məşğulluq haqqında” qanuna dəyişiklik edilir.

- Deputat həmkarlarınızın da təklifləri olur ki, istehsalat şəraitində əlil olanlarla müharibədə əlil olanlara yanaşmada, tətbiq olunan güzəştlərdə fərq qoyulmalıdır. Siz bu fikirlərlə razısınızmı?

- Əlillik dərəcəsinin verilməsində fərq ola bilməz. İstər ümumi səbəb, istər qəzaya düşmüş, istər anadangəlmə, istər Çernobılda xidmət etmiş, istər Qarabağda döyüşdə olsun, əgər şəxs bir oynağını dizdən aşağı itiribsə, bunun həyat fəaliyyəti bu dərəcədə məhdudlaşıb. Tutaq ki, həyat fəaliyyəti 20-30 faiz məhdudlaşıbsa, səbəbindən asılı olmayaraq əlillik dərəcəsi eyni verilməlidir. Amma Azərbaycanın ərazi bütövlüyünün, dövlətçiliyinin qorunmasında, torpaqlarımızın işğaldan azad edilməsində əlil olan şəxslərə daha çox imtiyazlar verilir. Tutaq ki, II qrup əlillik dərəcəsi ümumi səbəbdən də, uşaqlıqdan, yaxud da Qarabağda döyüşlə bağlı verilib. Lakin Qarabağda əlil olanın imtiyazları daha çoxdur. Məsələn, pensiyası çoxdur, əlavə ona 300 manat müavinət verilir, dövlətdən pulsuz təmirli mənzil almaq hüququ yaranır, ehtiyacı, tibbi göstərişi varsa, avtomobil almaq hüququ olur. O cümlədən övladının pulsuz təhsil almaq hüququ müəyyənləşir. Onlar üçün 15 imtiyaz müəyyənləşib. Amma dərəcələrə görə fərq ola bilməz. Dərəcə həyat fəaliyyətinin onun həyat fəaliyyətinin, sağlamlığının itirilməsinin bir göstəricisidir.

Yeri gəlmişkən, Prezidentin göstərişi ilə əlillərə protezlər, ortopetik məmulatlar verilir. Elə protezlər var ki, qiyməti 100 min manata yaxındır. Bud-çanaq oynağından ayağını itiribsə, elektron protez taxmaqla maşın da sürəcək, futbol da oynayacaq. Amma o protezləri digər səbəblərdən əlil olanlara vermək imkanı yoxdur, çünki bunlar məhduddur, Qarabağ əlillərinə verilir. Yaxud mühərrikli arabalar gəlib, qiyməti avtomobildən də bahadır. Mühərrikli arabalar birinci növbədə Vətən uğrunda döyüşlərdə əlil olanların haqqıdır. İmkan olarsa, o birisi vətəndaşımız da mühərrikli araba alacaq.

Şəhid ailəsinə 20-yə yaxın imtiyazlar, güzəştlər müəyyənləşib. Ümumi səbəbdən əlil olanlar üçün də imtiyaz və güzəştlər müəyyənləşib, amma bu imtiyaz və güzəştlər nisbətən azdır.

- Azərbaycan qanunları Avropa standartlarına uyğunlaşdırılır. Ancaq belə fikirlər var ki, Avropa standartlarına uyğunlaşdırılmış qanunun müharibə aparan ölkədə tətbiqi doğru deyil, standartlar fərqli olmalıdır.

- Avropa standartları deyəndə, biz yüksək keyfiyyətdən, təminatdan danışırıq. Düzdür, bizim ölkəmizin büdcəsi ilə yüksək inkişaf etmiş ölkələrin büdcələri eyni deyil. Xüsusən 2014-cü ildən sonra neft qiymətləri xeyli düşdü, daha sonra pandemiya başladı. Bizim əsas gəlirimiz neft ixracı ilə bağlıdır. Biz qeyri-neft sektorunun inkişafından dividentlər götürməyə başlamışdıq, pandemiya ilə bağlı iqtisadi əlaqələr, turizm əlaqələri pozuldu, kənd təsərrüfatı məhsullarımızın ixracı üçün imkanlar məhdudlaşdı. Ona görə də bizim büdcə bir qədər ehtiyatlı, qənaətcil büdcədir. Amma mən qanunlarımızı Avropa standartlarına uyğunlaşdırmağın tərəfdarıyam.

Tutaq ki, Hollandiyada 1 hektar ərazidən götürülən kənd təsərrüfatı məhsulu bizimkindən 10 dəfə çoxdur. Deməli, biz məhsuldarlığı 10 dəfə qaldırmalıyıq ki, həyat səviyyəmiz ona gəlib çatsın. Biz yavaş-yavaş ona doğru da gedirik. İşimizə əsas maneə torpaqlarımızın işğal altında olması idi. İşğaldan azad edilən ərazilərdə böyük turizm, kənd təsərrüfatı potensialı, yeraltı sərvətlərimiz var və bununla əlaqədar yaxın gələcəkdə çox yaxşı göstəricilərimiz olacaq. Zəngəzur dəhlizinin açılması Azərbaycan iqtisadiyyatına, logistika sahəsinə yeni bir nəfəs gələcək. Təsəvvür edin ki, turist Avropadan öz avtomobili ilə İstanbula, Türkiyə üzərindən Naxçıvana, Naxçıvandan da Zəngəzur dəhlizi ilə Qarabağa, Şuşaya gələcək. Turist istirahət edəcək, bizim maddi-mədəniyyət, tarixi abidələrimizlə, mətbəximizlə tanış olacaq, pul xərcləyəcək, gedəndə də böyük təəssüratla gedəcək. O turist gedib ölkəsində sahibkar dostuna deyəcək ki, tutaq ki, Azərbaycanda çox gözəl şaftalı yetişdirilir, çox dadlı ərzaqlar, qoyunçuluğun inkişafı üçün imkanlar var, emal sənayesi qurmaq, turizm obyekti yaratmaq olar. Müharibə bitib, inşallah, pandemiya da bitsin, ilin sonuna kimi də Zəngəzur dəhlizi açılacaq, iqtisadi potensialımız artacaq. Ona görə də qanunlarımızı dönmədən Avropa standartlarına uyğunlaşdırmaq lazımdır.

- Müharibədə və hərbi xidmətdə yaralanmış, əlil olmuş şəxslərin müayinə və müalicəsinin ömürlərinin sonuna kimi hərbi hospitallarda aparılması məsələsinə baxıla bilərmi? Çünki hərbi xidmətdən tərxis olunduqdan, ehtiyata buraxıldıqdan sonra həmin insanlar müayinə və müalicə üçün mülki xəstəxanalara yönəldilir ki, burada da narazılıq yaradan müəyyən məsələlər ortaya çıxır.

- İstənilən müharibə yeni bitəndə 1-2 il belə problemlər olur. Birinci Qarabağ müharibəsində də belə problemlər oldu. O zaman ölkəmizin iqtisadi, tibbi imkanları olduqca məhdud idi. Mən həmin illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Əlilliyin Reabilitasiya və Ekspertizası İdarəsinin rəisi idim. Hətta əsa tapa bilmirdik, ölkəmizdə istehsal yox idi, xaricdən də aylarla gözləyirdik. İnsanlar 6 ay əlil arabasını ala bilmirdi, protezləri bəzən 1 il, daha çox müddət gözləməli olurdu. Protezlər də Rusiyanın taxta, ağır protezləri idi. Biz yavaş-yavaş indiki mərhələyə gəlib çıxmışıq, artıq elektron protezlərdən danışırıq.

Hərbi hospitallar isə ancaq hərbçilər üçündür. O, artıq mülki vətəndaşdırsa, ona hospitaldakı səviyyədə, ondan da yüksək səviyyədə bizim mülki klinikalarda bu xidmətlər göstərilməlidir. Bu insanlara hər birimiz ömür boyu borcluyuq, dövlətimizin də qanunları bu imkanları verir. Amma burada hər bir məsələyə, müraciətə fərdi yanaşmaq lazımdır. İnsan gəlir ki, yaralanıb, ayağını itirib, ona niyə protez qoymurlar?! Ancaq əməliyyat olunandan sonra 4 ay lazımdır ki, o güdül formalaşsın. Güdül formalaşmasa, ona protez qoymaq mümkün deyil. Bunu bəzən həkimlərimiz o insanlara izah edə bilmirlər. Bəzən görürsən ki, xəstəsi çox olur, bunu izah etməyə vaxtı çatmır. Əslində, bu, biganəlikdir, haqq qazandırmaq olmaz. Amma vətəndaşa izah edəndə ki, tibbi göstərişə əsasən, bax bu müddət ərzində sənə protez qoymaq olmaz, lakin sənə əlil arabası, yaxud iki əsa verərik ki, hərəkət edəsən, razılaşır. Hospitaldakı həkimləri də mən həkim kimi başa düşürəm. Bu insanlar bütün günü qanla işləyir, onun da psixologiyası, psixikası var. Yaralı, qışqıran, ağlayan gəlir, o biri tərəfdə də valideynlər, xəstə yaxınları öz düşüncələrinə görə istəyirlər ki, daha yaxşı xidmət göstərilsin.

Bir məqamı da qeyd edim. Kontuziyalı insanlarla bağlı 1 il ərzində müalicə getməlidir ki, görəsən ki, əlillik hansı dərəcədə olacaq - birinci, ikinci, yaxud üçüncü qrup... Amma müalicə bitənə qədər, tutaq ki, 1 il müddətində bu insan necə dolanmalıdır?! Əlilliklə bağlı da pensiya verilmir. Bu alternativlər tapılmayanda narazılıqlar ortaya çıxır. Bu insanlara sığorta pulu verilir. Sığorta pulu da əgər əlillik dərəcəsinə bağlıdırsa, bildirilir ki, əlillik dərəcəsi alsın, sonra verilsin. Dövlətimiz, Heydər Əliyev Fondu tərəfindən də o ailələrə ilkin yardım göstərildi. Bununla yanaşı, alternativlər də tapılmalıdır. Tutaq ki, hərbi xidmətdədirsə, yaxud işləyən insan idisə, iş yerindən ona 1 il ərzində müavinət, təqaüd kəsilməli idi. Belə problemlər var və biz də bunu bilirik, üzərində müəyyən işlər gedir.

Eyni zamanda “Şəhid ailəsi, yaxud Qarabağ müharibəsi əlilinə diqqət göstərilmir” demək də düzgün olmaz, kifayət qədər diqqət göstərilir. Elə müharibə bitən günün səhəri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ilk növbədə hospitalda yaralılarla görüşdülər. Prezident Şuşanın azad edilməsini isə Şəhidlər xiyabanında elan etdi. Bu, diqqət və qayğının birbaşa göstəricisidir. Eyni zamanda bütün icra strukturlarına Prezidentin tövsiyəsi, göstərişidir ki, mənim münasibətim belədirsə, sizin də münasibətiniz bu cür olmalıdır.

Sistem elə qurulmalıdır ki, qarşılıqlı əlaqə olsun. Məsələn, hərbi hospitalla mülki xəstəxana, mülki xəstəxana ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ekspertiza Xidməti arasında, daha sonra Məşğulluq Xidməti arasında qarışlıqlı əlaqə olmalıdır. Məşğulluq Xidməti uyğun iş yeri tapmalı, uyğun iş yeri yoxdursa, uyğun iş yerinin açılması üçün kim cavabdehdir, nə iş görməlidir, müəyyənləşməlidir. Bunlar hamısı cavan insanlardır, bir ayağını itirib, amma protez qoyulandan sonra yenə də işləyə bilər. Reabilitasiyanın ən mühüm şərti, anlamı və mahiyyəti odur ki, şəxs cəmiyyətə təzədən inteqrasiya olunsun, sosial izolyasiyadan çıxsın. Tutaq ki, əlillik qrupu, pensiya da ver, de ki, sən işləməyəcəksən, o insan özünü cəmiyyətə yararsız, psixoloji cəhətdən sınmış hesab edəcək. Amma sən pensiya ilə bərabər, ona bacardığı iş ver, yaxud ona müvafiq peşə öyrət, insan özünü faydalı sayacaq. Hər sabah evindən çıxacaq, paltarını geyinib işə gedəcək, əmək haqqı alacaq, özünü də yararlı hesab edəcək. Bayramlarda da təltif olunduğu medalları sinəsinə taxıb ön cərgədə duracaq.

Ona görə narazılıqların olmaması üçün qurumlar arasında sıx, işgüzar əlaqə mexanizmi qurulmalıdır, biri digərinin üzərinə atmamalıdır. Prezidentin sərəncamı ilə bütün yerli icra hakimiyyəti orqanlarında Vətən müharibəsi iştirakçıları və şəhid ailələriylə işin təşkili ilə bağlı xüsusi bir şöbə yaradıldı. Həmin şöbə birləşdirici həlqə olmalı, bu işlərin koordinasiyası oradan aparılmalıdır. Bütün arayışlar da ora verilməli, problemlər də araşdırılaraq oradan qiymət verilməlidir. Eyni zamanda dövlət başçısının fərmanı ilə “YAŞAT” Fondu yaradılıb. Fond bu qəbildən olan insanların məişət, sosial, tibbi problemlərinin həlli ilə məşğuldur. Düzdür, “YAŞAT” Fondu təzə yaranıb, imkanları da o qədər geniş deyil, birinci il ərzində də çoxsaylı müraciətlər olub. Yavaş-yavaş həmin müraciətlər həllini tapacaq. O cümlədən Fonda müxtəlif ianələr etməklə, büdcədən vəsaitlər ayırmaqla imkanları artırıla bilər. Pandemiyadan sonrakı dövrdə Fond özü də müxtəlif aksiyalar keçirə və müəyyən dəstəyi təmin edə bilər. Bu işlər görülür, sadəcə, aşağı və orta səviyyələrdə daha ciddi şəkildə koordinasiyanın olması lazımdır ki, narazılıqlar da aradan qaxsın.