Azərbaycanla Bolqarıstan strateji tərəfdaş oldular Siyasət

Azərbaycanla Bolqarıstan strateji tərəfdaş oldular

Martın 4-də, Bolqarıstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rosen Plevneliyev ilə təkbətək görüşü olub.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, humanitar, mədəni və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib, yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana rəsmi səfərinin ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi işinə böyük töhfə verəcəyi qeyd olunub. Əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivin və yaxşı imkanların olduğu bildirilib.
Söhbət zamanı ikitərəfli münasibətlər və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan Prezidentinin Rosen Plevneliyev ilə geniş tərkibdə görüşündə isə Azərbaycan ilə Bolqarıstan arasında strateji əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu qeyd edilib.
Görüşdə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı, investisiya qoyuluşu, energetika, TAP və TANAP strateji layihələri, informasiya-kommunikasiya texnologiyaları, əczaçılıq, ərzaq məhsulları, turizm, infrastruktur və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyev "Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə"ni imzalayıblar.
Dünən Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstanın Baş naziri Boyko Borisov ilə təkbətək görüşü olub
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Əlaqələrimizin strateji əməkdaşlıq səviyyəsinə yüksəlməsinin önəmi vurğulanıb. İqtisadi əlaqələrimizin genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu qeyd edilib.
Söhbət zamanı ikitərəfli münasibətlərin müxtəlif sahələrinə dair ətraflı fikir mübadiləsi aparılıb. Daha sonra tərəflər arasında geniş tərkibdə görüş keçirilb.
Görüşdə siyasi əlaqələrimizin yüksək səviyyədə olduğu bildirilib. Azərbaycan Prezidentinin Bolqarıstana rəsmi səfərinin iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivlərinin müzakirə edilməsi üçün önəmli olduğu vurğulanıb. Ölkələrimizin energetika sahəsində, həmçinin "Cənub" qaz dəhlizi layihəsində uğurlu əməkdaşlığının önəmi qeyd olunub. Azərbaycan ilə Bolqarıstan arasında dostluq münasibətlərinin əlaqələrimizin daha da genişləndirilməsinə təkan verdiyi bildirilib.

Söhbət zamanı, həmçinin infrastruktur, sənaye, nəqliyyat, maliyyə, turizm, idman, humanitar və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyevin və Baş nazir Boyko Borisovun geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb.
"Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında elektron rabitə, informasiya texnologiyaları və elektron idarəçilik sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov və Bolqarıstanın nəqliyyat, informasiya texnologiyaları və rabitə naziri İvaylo Moskovski imzalayıblar.
"Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Bolqarıstan Respublikasının Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Protokol"u Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimov və Bolqarıstanın turizm nazirinin müavini xanım İrena Georgiyeva imzalayıblar.