Gerçək dostluq səmimiyyətdən başlayır Siyasət

Gerçək dostluq səmimiyyətdən başlayır

İran nə zaman bizə dost oldu ki, onu düşmənə çevirmək barəsində də düşünək?

Azərbaycandan gedən nümayəndə heyətləri və bayrağımızla bağlı İran İslam Respublikasında hər dəfə baş verən “xətalarda” “cadugər” axtarmağın, bizimkiləri günahkar çıxarmağın yanlış olduğunu düşünürəm. İranın mövcud dini-siyasi və hərbi rejimi haqqında məlumatlı olan hər kəs çox yaxşı bilir ki, dövlət başçılarının görüşləri istisna olmaqla, İran İslam Respublikasında keçirilən görüş və qəbullarda başqa ölkələrin protokol xidmətləri, demək olar ki, iştirak etmirlər. Buna min cür bəhanələrlə maneə yaradılır, müraciətlərə günlərlə cavab verilmir, “unudulur”, “nəzərdən qaçırılır” və s. Burada İran rejimində dominant mövqedə olanlara xas klassik “saray hiyləgərliyi” kimi amillər də rol oynayır, şübhəsiz. Xüsusilə də Azərbaycana və üçrəngli müqəddəs bayrağımıza münasibətdə. Bayrağımızın yaşıl rənginin yuxarıda olmasını təmin etmək məqsədilə arxa fonda dayaq, yaxud öndə masa üzərinə tərsinə yerləşdirilməsində də yuxarıda sadaladığım amillər rol oynayır. Bu həm də Azərbaycan cəmiyyətinə, xüsusilə də qafaları siyasiləşmiş dini ideologiya ilə zəhərlənmiş bir qrup nüfuz müvəkkilinə mesaj xarakteri daşıyır. Amma bu adamlar başa düşmürlər ki, Azərbaycan bayrağında rənglərin yerini dəyişməklə azərbaycanlıların milli identikliyini, mənsub olduqları mədəniyyətə münasibətini dəyişmək mümkün deyil. Digər tərəfdən, bizim üçün bayrağın üzərindəki rənglərdən daha çox onların ifadə etdiyi məna əhəmiyyət kəsb edir. Üç rəng Azərbaycanın inkişafının təməlini təşkil edən üçlü platformadır. Bu platforma isə üç rəngdən və bu rənglərin verdiyi mənadan ibarət vahid bir yoldur. Yəni Azərbaycançılıq üç rəngin təşkil etdiyi bütöv, vahid bir platformanın üzərində dayanır.

...Azərbaycanla İranın münasibətlərinə gəldikdə isə, rəsmi Tehranın 30 il ərzində yol verdiyi saysız-hesabsız “yanlışlıqlara” baxmayaraq, ölkəmiz öz yaxın qonşusuna münasibətdə kifayət qədər sayğılı və səmimi davranıb. Bu səbəbdən, hətta İrana münasibətdə ən kəskin mövqedə dayanan vətəndaşımızın da İran rəsmiləri ilə müqayisədə kifayət qədər tutumlu davrandıqlarını düşünürəm. Bunun qarşılığında İrandan gözləntilərimiz də çox deyil. İran xalqımızın 103-il bundan öncə seçdiyi dünyəvi inkişaf yoluna hörmətlə yanaşmalı, Azərbaycanın düşmənlərindən ölkəmizə qarşı təzyiq və ya qıcıqlandırıcı vasitə kimi istifadə etməkdən əl çəkməli, qarşılıqlı münasibətlərdə və regionda baş verən proseslərdə beynəlxalq hüququn norma və prinsiplərini əsas turmalıdır. Vəssalam.

Azərbaycanda, xüsusilə də vətəndaşlarımız arasında İrana olan neqativ münasibətin əsasında isə bu ölkənin dövlətimizə qarşı yürütdüyü siyasətə adekvat, bəlkə də müəyyən qədər yumşaq reaksiya dayanır. Heç kim İranın timsalında özünə düşmən axtarmır. Ortaq tariximiz, dəyərlərimiz var. İranda 35 milyon Azərbaycan türkü yaşayır. Bu ölkədə yaşayan digər xalqlarla da bizi bağlayan çoxsaylı mədəni-mənəvi tellər var. Türklərlə farsların və digər irandilli xalqların birgəyaşayışının tarixi müxtəlif mənbələrə görə 4-6 min ilə dayanır. Birgə dövlətlər qurmuşuq, eyni dövlətlərin ərazisində - öz tarixi yurd yerlərimizdə yaşamışıq, ortaq mədəniyyət nümunələrimiz, tarixi abidələrimiz var. Məhz bu səbəbdən, nəhayət ki, bir-birimizin varlığını və düşmən olmadığımızı qəbul etməliyik. İranın tutul xalqlarından biri olan farslar bu ölkənin digər qurucu-tutul xalqı olan Azərbaycan türklərinin mədəni varlığını tam və istisnasız olaraq qəbul etməli və bu reallığın müsbət kinetik enerjiyə çevrilməsi üçün səmimi davranmalıdır. Həmçinin İran sərhədləri yaxınlığında Azərbaycan Respublikası adlı dünyəvi dövlətin varlığı ilə həmişəlik olaraq barışmalı və bu reallığın dəyişməyəcəyini qəbul etməlidir. Çünki bu reallıq Azərbaycan türklərinin və Azərbaycanda yaşayan bütün qardaş xalqların vahid milli iradəsini əks etdirir. İranın siyasi dairələri bu ölkənin dövlət olaraq varlığını təmin edən, onun uğrunda saysız-hesabsız qurbanlar verən Azərbaycan türklərini və onların qurduğu Azərbaycan Respublikası adlı dövləti qoyub bir ovuc ermənini müdafiə və mühafizə etməməlidir.

İran rəsmiləri bizə “qardaş” deyirlər, qardaşlığın göstəricisi isə ilk növbədə səmimi olmaqdır.

İran İslam Respublikasında təxminən 100 min erməni yaşayır. Öz dillərində təhsil alırlar, ondan-bundan oğurladıqları mədəniyyətlərini istədikləri kimi inkişaf etdirirlər. İrana heç bir faydaları yoxdur – sözün bütün mənalarında. Yalnız özləri və ermənilik üçün yaşayırlar və nə zamansa İrandan da bir parça torpaq qoparmaq barədə düşünürlər. Tarixi Azərbaycan torpaqlarında formalaşdırılmış Ermənistan adlanan dövlətin də İran üçün heç bir faydası yoxdur. Nə təbii resursları var, nə də iqtisadi potensialı. Regiondankənar qüvvələr üçün maşa funksiyasını yerinə yetirir. İşğaldan azad etdiyimiz və hazırda Rusiya süülhməramlılarının müşahidəsi altında olan ərazilərimizin də, Ermənistan adlı ölkənin yerləşdiyi ərazinin də Azərbaycan türklərinin ana südü kimi halal yurd yerləri olduğunu İranda hər kəsdən yaxşı bilirlər. O zaman nədir bu Ermənistan sevgisinin səbəbi?

İzahi yoxdur...

Buraya qədər yazdıqlarım siyasi şərh, təhlil deyil, Azərbaycanda çoxlarının ağlından keçənlərdir. Bu səbəbdən də İranın yeni prezidentinin andiçmə mərasimindən sonra Azərbaycan mediasında və sosial şəbəkələrin Azərbaycan seqmentində aparılan müzakirələri təbii qəbil etmək lazımdır. Heç kim İranı düşmən gözündə görmək, yaxud “dostu düşmənə şevirmək” istəmir. İran nə zaman bizə dost oldu ki, biz onu düşmənə çevirmək barəsində də düşünək. Dövlət müstəqilliyimizin 30-cu ildönümünə sayılı aylar qalır. Bu zaman kəsiyində Azərbaycandan İrana yalnız və yalnız fayda dəyib. Bu müddət ərzində Azərbaycan ərazisindən İrana heç bir təhlükə yaranmayıb. Amma təəssüf ki, qarşı tərəfdən bunun əksini görmüşük. Bu qədər....

Elçin Mirzəbəyli