İranın Ermənistan siyasəti: reallıqlar nədən ibarətdir? Siyasət

İranın Ermənistan siyasəti: reallıqlar nədən ibarətdir?

İranın Azərbaycanın torpqlarını işğaldan azad edəndən sonra həddindən artıq ciddi narahatlıqlar keçirməsi ilk öncə normal məntiqlə başadüşülən deyil. Digər tərəfdən isə Tehranın bu hərəkətləri İranın uzun illər Azərbaycana qarşı hansı mövqedə olduğunu üzə çıxarır.
Bölgədə yaranan yeni reallıqlar var və istər-istəməz bu reallıqlar Azərbaycanın getdikcə güclənməsinə şərait yaradır.
Ekspertlər “Xalq Cəbhəsi”nə İranın Azərbaycana qarşı addımlarını şərh etdilər.
Politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, İran bölgədə geosiyasi reallıqlar fonunda formalaşan reallığı qəbul etmək istəmir: “Altılıq platformasında özünün mövqeyinin zəifləməsindən, Türkiyənin isə aktiv rol alacağından narahatdır”. O, əlavə edib ki, İran İsraili bəhanə edərək Azərbaycana təzyiq siyasəti həyata keçirir: “Amma, göründüyü kimi bu da əks effekt verir. İranın Azərbaycan sərhədləri yaxınlığında hərbi təlimlər keçirməsi İranın destruktiv siyasətinin nəticəsidir və regionda müsbət siyasi-iqtisadi çağırışa dirənişidir. İran region ölkələrinin iqtisadi inteqrasiyasını qəbul etmək istəmir. Zəngəzur dəhlizinin açılmasına qarşıdır. Azərbaycan Prezidenti ötən gün bununla bağlı konkret mesajlar verdi və bu yoldan heç kəsin döndərə bilməyəcəyini bildirdi. Ölkədə yeni iqtisadi-siyasi platforma yaranıb. Türkiyə-Azərbaycanın koordinasyalı siyasi-hərbi kombinasyası uğurla inkişaf edir. Pakistan-Türkiyə-Azərbaycan hərbi ittifaqı fonunda hərbi təlimlər keçirilir. Yəni bu proses göstərir ki, Azərbaycanı regionda mövqeləri gücləndirir və gələcək perspektivdə daha da güclü ölkə olacaq”.

İşğal dövründəki vəziyyət arzusu

Ekspert əlavə etdi ki, İran məhz Azərbaycanın güclü ölkə olmasından narahatdır: “Rəsmi Tehranın bu siyasəti isteriyadan irəli gəlir. Tehran düşdüyü burulğanın içərisində çabalayır. Çalışır ki, işğal dövründəki vəziyyət yaransın. Təbii ki, bu İranın maraqlarına xidmət edir.
Xatırladım ki, Şuşanın işğalında İranın rolu hər kəsə bəllidir. İşğal olunmuş ərazilərdə daşlar belə iranlı işbazlar tərəfindən daşınırdı. İşğal dövründə Ermənistanla İran arasında iqtisadi əlaqələr var idi, birgə iqtisadi layihələr reallaşırdı. Amma indi qanunsuz addımların qarşısı qətiyyətlə alınır ki, İran bununla barışmaq istəmir.
Azərbaycan regionda təhlükəsizliyin təmin edilməsi istiqamətində uğurla addımlayır. Amma İran buna qarşı hərbi təlimlərlə təzyiq etməyə çalışır. Əlbəttə burada məğlub tərəf İran olacaq”.

Antitürk siyasəti

Politoloq Samir Hümbətov isə dedi ki, İranın Azərbaycana qarşı yürütdüyü antiazərbaycan, antitürk siyasəti yeni deyil. Ekspert diqqətə çatdırdı ki, bu siyasətin kökləri 2 əsrdən artıq bir dövrü əhatə edir: “Bu tarixi biz, Qacar hakimiyyətinin möhkəmlənməsindən bəri götürə bilərik. İranda idarəçilik türk tayfalarının əlində olub. Tarixə baxsaq farsların türklərə qarşı nifrətini də görmək mümkündür. Müstəqilliyimiz qazandığımz ilk dövrlərdə İranın bizə qarşı belə sərt syasətinin şahidi ola bilərik. Hətta, xalq cümhuriyyəti müstəqil olanda belə, Azərbaycan cümhuiriyyətini tanıyan axırıncı dövlətlərdən biri oldu. Bu da vəziyyətin nədən ibarət olduğunu aydın şəkildə göstərir. Müstəqillik elan olunanda İranda xof yarandı. Onlar düşündü ki, Azərbaycan ərazilərinin cənub hissəsini də istəyə bilər. Təəssüf ki, İranda idarəçilikdə bəzi azərbaycanlılar fars təsirinin altına düşdülər. İran nəyin bahasına olursa olsun Azərbaycanın dirçəlməməsinə çalışdı. Qarabağın eyni zamanda Şuşanın işğal ediməsində İranın rolu oldu. Onu da qeyd etmək lazımdır ki, Ermənistanın Azərbaycana qarşı aqressiyası iranın əlinə fürsət verdi. İran bütün gücü ilə Azərbaycana maneə yaratmağa çalışdı. 30 il ərzində İranın Ermənistanı iki əllə dəstəkləməsinin səbəblərindən biri də bu idi. İndi artıq Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəndən sonra İranın əli yerdən göydən üzülüb. İran fikirləşirdi ki, Azərbaycanın başı prolemlərə qarışmalıdır. Ona görə də sərhədlərimizdə təlim keçirirlər, Amuli kimi əyalət mollaları Azərbaycanla bağlı ağıllarına gələni danışırlar. İranda bəzi dairələr var ki, onlar Azərbaycana qarşı düşmənçilik, nifrət hissi ilə yaşayırlar. Hesab edirəm ki, bu məsələlər boşuna deyil. Onlar 40 milyon azərbaycanlının milli istəklərindən qorxurlar. Təlimlər zamanı ordudakı türk əsgərlərinin bozqurd mesajı İranı daha da silkələyib. Bizdə olan məlumata görə, bu şəkillərlə bağlı təhqiqata başlayıblar. İran ordusu daxilində türklər daha çoxdur. Ona görə də İran bu amildən qorxur. Hesab edirəm ki, Azərbaycana qarşı atılan hər hansı bir addıma ilk növbədə İranın daxilindən cavab veriləcək”.

Sənin namaz qıldığın yerdə donuz saxlayırlarsa

Milli Cəbhə Partiyasının (MCP) sədri, millət vəkili Razi Nurullayev deyib ki, İran, əslinə qalsa Azərbaycanın müstəqilliyini həzm edə bilmir: “Azərbaycanın bir hissəsi İranda olduğu üçün, müstəqil Azərbaycanı təhdid kimi görür”. Millət vəkili əlavə edib ki, bunlarla yanaşı Azərbaycanın İsrail dövləti ilə isti münasibətlərindən qıcıqlanır: “Elə bu səbəbdən bizi qıcıqlandırmaq, təzyiq göstərmək üçün də Ermənistanla əməkdşalıq edir və onu qardaş ölkə adlandırır. Amma, qardaş sənin namaz qıldığın yerdə donuz saxlayırsa, sənin dini inancını təhqir edirsə, bu qardaş yox, düşməndir. Göründüyü kimi İranın dini baxışları, inancı ilə müqayisədə apardığı siyasət tərs mütənasibdir. İran dövlətinin Azərbaycanı ərazisində İsrail qoşunu yerləşdirməsi kimi əsassız iddialarla günahlandırması çox məntiqsizdir. Ortaya video qoyun, şəkil qoyun, faktlar gətirin. Azərbaycan İranı fakt qarşısında qoydu və sübut etdi ki, bu dövlət Qarabağdakı separatçılara yük daşıyıb, sərhədlərimizi pozub. Onların isə heç bir faktı yoxdur, havadan danışırlar. Azərbaycan sülhsevər qonşudur”.

Bəs islam təəssübkeşliyi?

Millət vəkili Elnur Allahverdiyev isə hesab edir ki, Azərbaycanın xarici siyasətinin əsasında qonşu dövlətlərlə dostluq və mehriban münasibətlər xüsusi əhəmiyyət kəsb edir: “Bu siyasətin bünövrəsi Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub, Prezident cənab İlham Əliyev tərəfindən isə uğurla davam etdirilir. İranın bu kontekstdə yeri dövlətimiz və xalqımız üçün ələxüsus önəmlidir”. Millət vəkili “çünki biz tək qonşu deyilik, ümumi dinimiz və dilimiz var”, - deyə vurğulayıb: “İranda milyonlarla müsəlman Azərbaycan türkü yaşayır ki, biz vahid ana dilində - Azərbaycan dilində danışırıq. Ancaq müasir tariximiz, xüsusilə son 30 il göstərir ki, müsəlman İran müsəlman Azərbaycanın qanına susamış Ermənistana münasibətdə qeyri-adi məhəbbət sərgiləyir. Elə məhəbbət ki, erməniləri aclıq çəkməyə qoymur, yanacaqsız buraxmır. Bu azmış kimi, sözügedən mübhəm münasibət tək Ermənistana deyil, bizim ərazimizdə, müsəlman torpağı olan Qarabağda kök salmış separatçı, terrorçu çeteyə nəzərən də bəslənilir.
Biz 30 ildir bundan xəbərdarıq və yeri düşən kimi eyham vurub, bütün bunların arzuolunmaz olduğunu, əlaqələrimizin ən azı tarixinə yaraşmadığını deyirdik. Ancaq ötənilki müharibə göstərdi ki, narahatlıq və narazılığımızın İranın rəsmi dairələri üçün heç bir önəmi yoxmuş. Müharibədən bir il keçməsinə baxmayaraq, heç nə dəyişməyib. 2020-ci il sentyabrın 30-da, müharibənin üçüncü günündə parlament iclasındakı çıxışımda İrandan Ermənistana gedən hərbi yük karvanlarına toxunmuşdum. Bir il keçib, ancaq problem aktuallığını itirməyib...”.
Millət vəkilinin sözlərinə görə, bu gün elə bir vəziyyət yaranıb ki, İran Ermənistanı uşaq kimi bəsləyib qoruyan yeganə dövlətə çevrilib: “Niyə? Nə səbəbdən? İqtisadi maraqlar? 25 min separatçıdan gözlənilən qazanc o qədərmi böyükdür? Siyasət? Bəs islam təəssübkeşliyi? Müsəlmançılıq?
Azərbaycan müstəqil dövlətdir. Biz qarşımıza qoyduğumuz bütün məqsədlərə çatmışıq. Bu gündən belə də müəyyən etdiyimiz istənilən hədəflərə çatacağıq və bu yolda heç bir maneə iradəmizə tab gətirə bilməz!”.

Əli