Millət vəkilindən qanunvericilik təşəbbüsü Siyasət

Millət vəkilindən qanunvericilik təşəbbüsü

Qüdrət Həsənquliyev: “ Sabah xarici hərbi qüvvələri dəstək üçün ölkəmizə necə dəvət edə bilərik? Yaxud antiterror məsələlərində, müdafiə məqsədilə necə hərbi qüvvələr göndərə bilərik? Düşünürəm ki, bütün bunları tənzimləyən qanun qəbul olunmalıdır”

“Bizə təqdim olunan iş planına görə, yaz sessiyasında ciddi qanun layihələri müzakirə olunacaq, bir çox hesabatları dinləyəcəyik. Bununla yanaşı hesab edirəm ki, biz, dövlət quruculuğu məsələlərinə də diqqət yetirməliyik”.

Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirləri parlamentin yaz sessiyası çərçivəsində keçirilən ilk plenar iclasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev səsləndirib. Millət vəkili əlavə edib ki, bu istiqamətdə də müvafiq qanunlarda dəyişikliklər edilməli, yaxud yeni qanunlar qəbul olunmalıdır: “Mən, bunlardan birini təklif eləmək istəyirəm. Bu da Azərbaycan Respublikasına xarici hərbi qüvvələrin dəvət olunması, yaxud Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin ölkədən kənara göndərilməsi ilə bağlıdır. 2010-cu ildə Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı ilə bağlı Azərbaycan Respublikasının qanunu var. Həmin qanunun 4.4-cü maddəsinə əsasən Azərbaycan öz ərazisində sülhməramlı əməliyyatlar aparmaq üçün digər dövlətlərə və beynəlxalq təşkilatlara müraciət edə bilər.

Yenə həmin ildə Milli Məclisin qərarı ilə təsdiq olunmuş hərbi doktrinanın 4-cü bölməsinin 29-cu bəndində qeyd olunur ki, Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə yol vermir. Bununla belə hərbi-siyasi şəraitdə əsaslı dəyişikliklər baş verdiyi təqdirdə Azərbaycan öz ərazisində xarici bazaların yerləşdirilməsinə, yaxid digər formada xarici hərbi iştirakın yer almasına müvəqqəti icazə vermək hüququnu özündə saxlayır”.

Millət vəkili bildirib ki, amma bu məsələlər ayrılıqda qanunvericiliklə tənzimlənmir: “Ona görə də biz bilmirik ki, müvəqqəti icazə nə qədər davam edə bilər? Dəvət hansı formada həyata keçirilməlidir? 1995-ci ildə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrin bağlanması, icrası və ləğv edilməsi haqqında Azərbaycan Respublikasının qanunu qəbul olunub. Həmin qanuna görə, dövlətlərarası müqavilələr Milli Məclisdə təsdiq olunmalıdır. Amma bizim qanunvericiliklə o da bəlli olmur ki, belə müqavilələr təsdiq olunmadıqda o qüvəyə minir, yoxsa yox? Biz bilirik ki, bəzi hallarda Milli Məclisdə ratifikasiya olunmadan da həmin müqavilələr qüvvəyə minir. Ümumiyyətlə beynəlxalq müqavilələr nədir? Bizim qanunvericilikdə bunun da dəqiq anlayışı verilməyib. Düzdür, Azərbaycan 2017-ci ildə Beynəlxalq Müqavilələr hüququ haqqında Vyana Konvensiyasına qoşulub. Orada bunun izahı verilir və Azərbaycan konstitutsiyasına görə, də əgər həmin anlayışlar konstitusiya ilə ziddiyyət təşkil etmirsə onlar hüquqi qüvvəyə malikdirlər. Amma bir daha söyləmək istəyirəm ki, bu gün Türkiyə ilə imzaladığımız ittifaq haqqında, yəni Şuşa Bəyannaməsinin təsdiqi də olacaq. Bu münasibətlə də öncədən hamınızı təbrik edirəm. Orada da müəyyən beynəlxalq öhdəliklərimiz olacaq. Sabah xarici hərbi qüvvələri dəstək üçün ölkəmizə necə dəvət edə bilərik? Yaxud antiterror məsələlərində, müdafiə məqsədilə necə hərbi qüvvələr göndərə bilərik? Düşünürəm ki, bütün bunları tənzimləyən qanun qəbul olunmalıdır. Hazırda bizdə bu istiqamətdə qanunlar ya yoxdur, ya da qanunlarda boşluqlar var. Hörmətli sədr, təklif edirəm ki, Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübariziə komitəsi müvafiq dövlət orqanları ilə əlaqə saxlasın. Biz yaz sessiyası ərzində bu məsələləri tənzimləyək. Düşünürəm ki, bu məsələlərin tənzimlənməsi həm Azərbaycan Respublikasının Prezidentini, həm Azərbaycan dövlətini bir çox kənar təzyiq və təsirlərdən qorumağa imkan yaradacaq, parlamentin qəbul olunmuş qərarlarda məsuliyyətini artıracaq. Parlament bu proseslərdə ali nümayəndəli orqan kimi yaxından iştirak edəcək. Həm də məsuliyyəti bölüşəcək. Ona görə də qanunvericiliyin o sahədə təkmilləşdirilməsinə və sistemləşdirilməsinə çox böyük ehtiyac var. Ona görə də belə bir qanunun qəbul olunmasını təklif edirəm”.

Əli Zülfüqaroğlu