“Ermənistan Türkiyə və Azərbaycan tərəfindən çıxılmaz vəziyyətə salınıb” Siyasət

“Ermənistan Türkiyə və Azərbaycan tərəfindən çıxılmaz vəziyyətə salınıb”

Arzu Nağıyev: "Abxaziya tərəfdən dəmir yolunun bağlı olması da İran yolunun açılmasını zəruri edir"

Ermənistanla İran arasında dəmir yolu çəkiləcək. Bu, bəzi rəsmi bəyanatlarından da hiss olunur. Layihənin reallaşdırılmasında indi əsas məqsəd geosiyasi maraqlardır. Ermənistan-İran dəmir yolunun tikintisinin bu il başlaması da mümkündür. Bu haqda Rusiyanın "Nezavisimaya qazeta" nəşri yazıb. Qəzet Ermənistanın İrandakı səfiri Artaşes Tumanyanın "FARS" agentliyinə bəyanatını da misal gətirib. Bəyanatda deyilir: "Tehran Ermənistanla sərhəddə 60 kilometrlik dəmir yolu çəkəcək". Bundan başqa A. Tumanyan xatırladıb ki, Şimal-Cənub avtomobil yolunun tikintisi Gürcüstan sərhədindən Ermənistanın Mehri şəhərinə qədər olan hissəsinin çəkilməsi hesabına Ermənistan Qara dəniz vasitəsilə Fars körfəzinə çıxa biləcək. Tumanyanın fikrincə, bu yolun tikintisi Rusiya və Avrasiya İttifaqına üzv ölkələrin də mənafeyinə uyğundur. Məlumat üçün bildirək ki, İran-Ermənistan dəmir yolunun uzunluğu 300 kilometr olacaq. Layihənin dəyəri 3,2 milyard dollar dəyərləndirilir. Abxaziya tərəfdən dəmir yolunun bağlı olması da İran yolunun açılmasını zəruri edir
İrəvan Tehran anlaşmasını şərh edən analitik Arzu Nağıyev qeyd edib ki, cənub qonşumuz bəlkə də bu layihənin həyata keçirilməsini istəmir. Onların bu layihədən nə qazanacağı da aydın deyil. Sadəcə olaraq rəsmi Tehran Rusiya ilə bəzi layihələrdə həmrəy olduğunu biruzə verməyə çalışır: "Ermənistanın durumu məlumdur. Hazırda Türkiyə və Azərbaycan tərəfindən çıxılmaz vəziyyətə salınıb. Abxaziya tərəfdən dəmir yolunun bağlı olması da İran yolunun açılmasını zəruri edir".
Siyasətdə daimi dost olmur, maraqlar olur. Məhz ona görə də İran öz marağından çıxış edir.
Bununla yanaşı ekspert düşünür ki, sözügedən layihənin həyata keçirilməsi heç də real görünmür:
"Çünki bu layihə üçün ciddi sərmayə lazımdır. Söhbət milyardlardan – təxminən 3,2 milyard dollardan gedir. İran bu gün sanksiya altında olduğu üçün bunu edə bilmir. Rusiyada da iqtisadi tənəzzüldür. Ermənistan tərəfi bu işdə ümidini Çin sərmayəsində görür. Bu isə hələ söhbətdən o yana keçmir. Ermənistan dəmir yolları isə Rusiyanın idarəçiliyindədir. Deməli, bu layihənin baş tutmasında əsas məqsəd siyasətdir. Siyasətdə isə daimi dost olmur, maraqlar olur. Məhz ona görə də İran öz marağından çıxış edir".
A. Nağıyev hesab edir ki, cənub qonşumuzun məlum addımı məhz Rusiyanın Fars körfəzinə çıxışında maraqlı olmasıdır:"Daha doğrusu, Moskva bəyan edir ki, Avroasiya İqtisadi İttifaqına daxil olan dövlətlər bu yolla Fars körfəzinə çıxa bilər. İran da bunda maraqlıdır. İndiki məqamda Rusiyanın Cənubi Qafqaz dəmir yolları onsuz da ziyanla işləyir. Ermənistanı da bu layihəyə qoşmaq ikiqat ağırlıqdır. Deməli, ən yaxşı variant Türkiyə ilə danışığa gedib daşınmanı oradan etməkdir. Burda isə Azərbaycan faktoru var. Digər variant kimi Tiflis ilə danışığa gedib Abxaziya yolunu bərpa etməkdir. Bir sözlə, tikintidə ən böyük maraq Ermənistan və Rusiyanındır. Birində iqtisadi, digərində isə əsasən siyasi maraqlar. Əlbəttə, İran da bundan xeyir güdür və marağı var. Yəni yekun kimi demək olar ki, layihənin hazır olmasına baxmayaraq bu tikintinin taleyi, hələ ki, qaranlıq qalır".


Əli