16:44
1 099
“ABŞ və İran arasında əldə olunan atəşkəsdən fərqli olaraq İsrail və Livan arasında əldə olunan razılaşma bir az fərqli situasiyadır. Çünki İsrail rəsmi Livan hakimiyyəti ilə müharibə aparmır, bu ölkədə fəaliyyət göstərən və İsrail tərəfindən ekstremist, terrorist təşkilat kimi qəbul edilən Hizbullahla savaşır”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib.
T.Əliyev qeyd edib ki, İsrailin Livan hakimiyyətindən tələb ondan ibarətdir ki, Hizbullahın silahsızlaşdırılması, ümumiyyətlə, onun fəaliyyətinin dayandırılması fonunda iki dövlət arasında sülh və əməkdaşlıq münasibətləri normallaşsın: “Yəni İran və ABŞ arasındakı situasiyadan fərqli olaraq atəşkəsi imzalayan tərəflər savaşan tərəflər deyil. Ona görə burada elə atəşkəsin imzalandığı tarixdən dərhal sonra müxtəlif mövqelərə hava zərbələrinin endirilməsi, buna adekvat olaraq Hizbullah tərəfindən İsrail ərazisinə raketlərin atılması, İsrail hərbçilərinə qarşı cavab tədbirlərinin görülməsi demək olar ki, atəşkəsin elə ilk günlərindən, ilk saatlarından davam edən bir prosesdir”.
Siyasi şərhçinin sözlərinə görə, bu gün də bu halların baş verməsi o anlama gəlir ki, heç bir halda İsrail və Livan arasındakı atəşkəsi tam etibarlı, dayanıqlı və davamlı atəşkəs hesab etmək doğru deyil: “Heç şübhəsiz ki, İsrail tərəfinin istədiyi formada Hizbullah tamamilə tərksilah edilənə qədər atəşkəsin pozulması davam edəcək. Əks təqdirdə, Hizbullah özünü İranın müəyyənləşdirdiyi müvaqimət oxunun tərkib hissəsi hesab edərək İranla İsrail arasında savaş bitənə qədər Hizbullahla İsrail arasında da savaş dayanmayacaq, bu və ya digər formada zaman-zaman davam etdiriləcək. Ona görə bunu yeni eskalasiyanın başlanması kimi yox, elə mövcud olan eskalasiyanın mərhələli şəkildə daha aktiv fazaya keçidi kimi qiymətləndirmək daha doğru olar”.
Röya İsrafilova