“Hüquqi sistemdə əsas çağırış: tətbiq və etimad” Layihə

“Hüquqi sistemdə əsas çağırış: tətbiq və etimad”

Hüquq və azadlıqların təmin olunması müasir dövlət idarəçiliyinin və hüquqi sistemin əsas sütunlarından biri hesab edilir. Lakin bu hüquqların yalnız qanunvericilikdə təsbit olunması kifayət etmir - onların real həyatda işləməsi, vətəndaşlar tərəfindən dərk edilməsi və düzgün tətbiqi də mühüm rol oynayır. Ekspertlər hesab edirlər ki, hüquqi mədəniyyətin formalaşması, vətəndaş fəallığı və dövlət institutlarının effektiv fəaliyyəti bu prosesdə həlledici əhəmiyyət daşıyır. Mövzu ilə bağlı həm hüquqi yanaşmalar, həm də ictimai iştirakçılıq mexanizmlərinin rolu geniş müzakirə olunur.

“Hüquq və azadlıqların real təminatı”

Milli Məclisin deputatı Fazil Mustafa “Xalq Cəbhəsi”nə açıqlamasında söyləyib ki, hüquq və azadlıqların real təminatı onların dərk olunmasından və tətbiqindən asılıdır.

O bildirib ki, bu məsələyə yalnız Konstitusiyaya ciddi əməl olunması kontekstində yanaşmaq lazımdır: “Konstitusiyada vətəndaşların bütün əsas hüquq və azadlıqları təsbit edilib. Lakin əsas məsələ ondan ibarətdir ki, insanlar bu hüquqlara necə yanaşır, onları nə dərəcədə anlayır və gündəlik həyatlarında tətbiq edə bilirlər. Bu, olduqca ciddi və fundamental məsələdir. Mövcud həyat şərtləri tələb edir ki, hər bir vətəndaş öz hüquqlarını bilsin, onları müdafiə etməyi bacarsın və bunu həyat prinsipinə çevirsin. Passiv mövqe sərgiləyən, öz hüquqlarından xəbərsiz olan insan üçün həmin hüquqların mövcudluğu formal xarakter daşıyır və praktiki əhəmiyyət kəsb etmir”.

Millət vəkili qeyd edib ki, hüquq anlayan üçündür, azadlıq onu dərk edən üçündür: “Əgər vətəndaş bu anlayışların mahiyyətini qavramırsa, onların nə mənəvi, nə də maddi baxımdan dəyəri olur. Ona görə də insanlar ilk növbədə öz hüquq və azadlıqlarını, eyni zamanda vəzifələrini dərindən anlamalı, daha sonra isə bu prinsiplərə uyğun davranmalıdırlar”.

“Hüququn tətbiqi əsas problemdir”

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev bildirib ki, hüququ yaşadan, onu tətbiq edən, onu qoruyan, təminat verən norma məhz 71-ci maddədir: “Konstitusiyanın 71-ci maddəsinə görə; insan hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu müddəa çox vaxt deklarativ kimi qəbul edilir, lakin onun praktik mənası daha dəqiqdir. Dövlət yalnız hüquqları tanımır; onların pozulduğu hallarda da məsuliyyət daşıyır. Hüquq işləmədikdə problem çox vaxt qanun mətnində yox, onun tətbiqində yaranır. Biz hər zaman bunu söyləyirik ki, bizdə qanunlar kifayət qədər ədalətlidir, kifayət qədər vardır, amma onun tətbiqində çox zaman problemlər yaranır. Məhz bu mənada, maddənin ən gözəl tərəfi də ortaya çıxır: Hüquqların birbaşa tətbiqi.

Azərbaycan Respublikası Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir və burada sadalanan bütün hüquqlar, azadlıqlar birbaşa tətbiq olunur. Bunun üçün xüsusi olaraq qanunlara bir zərurət yoxdur ki, əgər qanun yoxdursa o demək deyildir ki, həmin hüquq tətbiq olunmamalıdır. Yəni vətəndaş öz hüququnu müdafiə edərkən əlavə mexanizmlər gözləməməli, birbaşa Konstitusiyaya istinad edə bilməlidir. Və bu baxımdan Konstitusiyanın birbaşa hüquqi qüvvəsi buna tam təminat verir; yəni həmin hüquqların və azadlıqların həyata keçirilməsinə.

Ə. Nuriyev qeyd edib ki, praktikada isə tez-tez başqa mənzərələrlə qarşılaşırıq: “Vətəndaş əvvəlcə proseduru aşmağa çalışır, hüquq çox zaman ikinci plana keçir. Bu, hüquqi mexanizmin işləməsində yaranan boşluğun göstəricisidir. Eyni zamanda 71-ci maddə, hüquqların məhdudlaşdırılmasını ciddi şərtlərlə bağlayır. Məhdudetmə yalnız qanunla müəyyən edilməli, məhdud məqsəd daşımalı və mütənasib olmalıdır. Bu, qanunda çox aydın şəkildə öz ifadəsini tapmışdır.

Hüququn hüdudlarını müəyyən etmək istəyir. Hüququn həyata keçirilməsində sanki bir növ məhdudlaşma baş verir. Bu kontekstdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi tarazlığın qorunmasında xüsusi rol oynayır. Onun qərarları hüququn tətbiqinə də istiqamət verir.

Lakin hüququn taleyi təkcə bu cür ali instansiyalarda həll olunmur. Əslində, hüququn real vəziyyəti ən çox birinci dərəcəli məhkəmələrdə və inzibati qərarlarda, yəni dövlət orqanları tərəfindən qəbul edilən inzibati aktlarda özünü göstərir”.

Onun fikrincə, vətəndaş üçün hüququn keyfiyyəti də məhz bu mərhələdə ölçülür: “Yəni burada — birinci dərəcədə tətbiq prosesi baş verir və dövlət orqanları tərəfindən hüququn icrası reallaşır. Vətəndaş həmin hüququn işləkliyini və keyfiyyətli olub-olmadığını özü üçün burada müəyyənləşdirir.

Buradan da başqa bir məsələ - hüquq və siyasi mədəniyyət məsələsi ortaya çıxır. Hüquqi mədəniyyət, adətən, hüquqi biliklərlə əlaqələndirilir. Lakin təcrübə göstərir ki, təkcə bilmək kifayət deyil. Vətəndaş öz hüququndan istifadə etmədikdə, o hüquq zamanla sosial münasibətlərdən silinir, ictimai əlaqələri tənzimləmir və sanki onların kənarında qalır. Bu gün ən ciddi problemlərdən biri hüququn inkarı deyil, ondan uzaq durmaqdır. Hüququ tətbiq etməkdən, onu işlətməkdən boyun qaçırmaqdır. İnsanlar çox vaxt hüququn mövcudluğunu bilir, lakin onun işləyəcəyinə tam əmin olmurlar. Bu vəziyyət sosial-iqtisadi fəaliyyətə də birbaşa təsir göstərir.

İctimai iştirakçılıq təkcə çağırışlarla formalaşmır. İnsan o zaman aktivləşir ki, onun mövqeyi bir nəticə doğursun. Yəni insan, həqiqətən, ona verilən hüquq və azadlıqları həyatında hiss etdikdə, onların tətbiq olunduğunu gördükdə və bundan bir fayda əldə etdikdə fəallaşır. Praktiki müşahidələr göstərir ki, vətəndaş bir neçə dəfə nəticəsiz müraciətlərlə qarşılaşdıqda, bir müddət sonra artıq prosesdən uzaqlaşır. Bu, sadəcə qeydsizlik deyil, həm də bir reaksiyadır; bu, eyni zamanda laqeydliyə qarşı göstərilən bir təpkidir”.

Sonda o qeyd edib ki, bu baxımdan, ictimai iştirakçılıq mexanizmlərinin mövcudluğu yetərli deyil; onların təsir gücü əsasdır: “Əsas məsələ mexanizmlərin olması deyil, ən önəmlisi onların real təsir gücünə malik olmasıdır. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi son illərdə bu istiqamətdə daha çevik və açıq əməkdaşlıq modelləri qurmağa çalışır. Özəl təşəbbüslərin dəstəklənməsi, layihələrin genişləndirilməsi, dövlət-vətəndaş-cəmiyyət dialoqunun intensivləşməsi ictimai iştirakçılığın institusional əsaslarını gücləndirir. Bu prosesin ən müsbət tərəfi ondan ibarətdir ki, vətəndaş və cəmiyyət yavaş-yavaş sadəcə müşahidəçi kimi deyil, birbaşa iştirakçı kimi prosesdə yer almağa başlayır.

Bütün bu proseslərin mərkəzində isə, əlbəttə ki, etimad dayanır. Hüquq bərabər tətbiq olunduqda, qərarlar izah edildikdə, müdafiə mexanizmləri işlədikdə vətəndaş sistemə inanır, dövlət orqanlarına və inzibati qurumlara güvənir. Bu etimad hüquqi mədəniyyəti formalaşdırır və ictimai fəallığı artırır. Güvənin olmadığı yerdə nə hüquq işləyər, nə də iştirakçılıq olar”.

Günel Elxan