Tramp NATO ölkələrini hədələyib
15 Aprel 23:53

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan genişmiqyaslı bərpa və yenidənqurma prosesi ölkənin müasir inkişaf strategiyasının ən mühüm istiqamətlərindən birini təşkil edir. “Böyük Qayıdış” proqramı çərçivəsində həyata keçirilən tədbirlər təkcə keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışını təmin etməyə yönəlməyib, eyni zamanda Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşma modelinin qurulmasını, iqtisadi dirçəlişin sürətləndirilməsini və müasir infrastrukturun formalaşdırılmasını hədəfləyir.
Bu proses çərçivəsində regionda “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, ekoloji cəhətdən təmiz enerji mənbələrinə əsaslanan yaşayış məntəqələrinin salınması, yeni nəqliyyat və kommunikasiya xətlərinin qurulması, eləcə də biznes və investisiya mühitinin yaxşılaşdırılması xüsusi əhəmiyyət daşıyır. Bütün bunlar azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına inteqrasiyasını sürətləndirməklə yanaşı, onları gələcəkdə Azərbaycanın ən inkişaf etmiş regionlarından birinə çevirməyi qarşıya məqsəd qoyur.
“Böyük Qayıdış davamlı inkişafın təminatı…”
Deputat Tənzilə Rüstəmxanlı “Xalq Cəbhəsi” nə açıqlamasında vurğulayıb ki, Böyük Qayıdış” proqramı Azərbaycan Respublikasının 2030-cu ilə qədər müəyyən etdiyi beş Milli Prioritetdən biri kimi mühüm strateji əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”, eləcə də qəbul olunan digər sənədlər və icra edilən genişmiqyaslı layihələr ölkənin yeni inkişaf mərhələsində qarşıya qoyulan hədəflərin reallaşmasına xidmət edir: “Bu proqram dövlətin Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi, həmin ərazilərdə dayanıqlı məskunlaşmanın təmin olunması və uzunmüddətli iqtisadi inkişafın formalaşdırılması istiqamətində qətiyyətli siyasətinin bariz nümunəsidir. İşğaldan azad olunmuş ərazilərin bərpası, yenidən qurulması və ölkə iqtisadiyyatına inteqrasiyası əsas prioritet kimi müəyyənləşdirilib. Proqram çərçivəsində müasir biznes mühitinin yaradılması, investisiyaların cəlb edilməsi, yeni iş yerlərinin açılması və insanların öz doğma yurdlarına qayıdışının təmin olunması başlıca məqsədlər sırasındadır. Qarşıya qoyulan hədəflərə nail olmaq üçün “Böyük Qayıdış”ı təmin edən infrastrukturun qurulması xüsusi önəm daşıyır və bu prosesdə qabaqcıl beynəlxalq təcrübədən geniş istifadə edilir".
Deputat bildirib ki, azad edilmiş ərazilərin zəngin sosial-iqtisadi potensialı və müasir qlobal çağırışlar nəzərə alınmaqla həyata keçirilən tədbirlər regionun davamlı və dayanıqlı inkişafına zəmin yaradır.
Qarabağda yeni həyat
Millət vəkili Mehriban Vəliyeva “Xalq Cəbhəsi”nə açıqlaması zamanı söyləyib ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə “Böyük Qayıdış” proqramı çərçivəsində həyata keçirilən siyasət dövlətin uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir.
Onun sözlərinə görə, növbəti mərhələdə qarşıya qoyulan əsas məqsəd təkcə keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışını təmin etmək deyil, eyni zamanda həmin ərazilərdə dayanıqlı məskunlaşma modelini formalaşdırmaq, iqtisadi dirçəlişi sürətləndirmək və təhlükəsizlik mühitini tam təmin etməkdir: “Bu istiqamətdə dövlət siyasətinin əsas prioritetlərindən biri müasir və dayanıqlı yaşayış infrastrukturunun qurulmasıdır. Prezident İlham Əliyev rəhbərliyi ilə azad olunmuş ərazilərdə "ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları tətbiq olunur, ekoloji cəhətdən təmiz enerji mənbələrinə əsaslanan yaşayış məntəqələri salınır. “Artıq Zəngilanın Ağalı kəndi, Laçın, Füzuli və digər bölgələrdə həyata keçirilən layihələr bu modelin uğurla icra olunduğunu göstərir”, – deyə o vurğulayıb”.
M.Vəliyeva bildirib ki, yeni tikilən yaşayış kompleksləri, məktəblər, xəstəxanalar, inzibati binalar və sosial obyektlər sakinlərin rahat və təhlükəsiz həyatını təmin etməyə yönəlib: “Məskunlaşmanın əsas şərtlərindən biri də məşğulluğun təmin olunmasıdır və bu baxımdan iqtisadi aktivliyin artırılması xüsusi əhəmiyyət daşıyır. “Azad olunmuş ərazilər artıq ölkənin yeni iqtisadi inkişaf mərkəzlərinə çevrilir. Burada sənaye parkları və məhəllələri yaradılır, kənd təsərrüfatı, turizm, logistika və yaşıl enerji sahələrinə investisiyalar cəlb olunur”.
O qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sahibkarlığın inkişafı üçün əlverişli biznes mühiti formalaşdırılıb, vergi və gömrük güzəştləri tətbiq olunur: “Bu addımlar həm yerli əhalinin məşğulluğunu artırır, həm də regionun iqtisadi cəlbediciliyini gücləndirir. Təhlükəsizlik məsələsi “Böyük Qayıdış” proqramının ən mühüm komponentlərindən biridir. İşğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı mina təmizləmə işləri aparılır, müasir təhlükəsizlik infrastrukturu qurulur və sabitlik təmin edilir. Eyni zamanda, müasir nəqliyyat və kommunikasiya xətləri – avtomobil yolları, dəmir yolları və beynəlxalq hava limanları regionun əlçatanlığını artırır. Sosial rifahın yüksəldilməsi də dövlət siyasətinin ayrılmaz hissəsidir. Qayıdan əhali üçün sosial müdafiə tədbirləri gücləndirilir, təhsil və səhiyyə xidmətlərinin keyfiyyəti artırılır. Dövlət tərəfindən təqdim olunan güzəştlər və dəstək mexanizmləri insanların yeni həyat şəraitinə uyğunlaşmasını asanlaşdırır.“Böyük Qayıdış” proqramının növbəti mərhələsi kompleks və çoxşaxəli yanaşmaya əsaslanır. “Əsas məqsəd azad olunmuş əraziləri Azərbaycanın ən inkişaf etmiş, təhlükəsiz və müasir regionlarından birinə çevirməkdir. Prezident İlham Əliyevin siyasi iradəsi və ardıcıl siyasəti nəticəsində Qarabağ və Şərqi Zəngəzur sürətlə dirçəlir və ölkənin ümumi inkişafında aparıcı mövqelərdən birini tutmağa doğru irəliləyir”.
Günel Elxan