Ermənistanın Azərbaycanın daxili işlərinə müdaxiləsi və işğalçılıq siyasəti Layihə

Ermənistanın Azərbaycanın daxili işlərinə müdaxiləsi və işğalçılıq siyasəti

4-cü yazı

1992-ci il yanvarın 30-da Azərbaycan Respublikası ATƏM-ə üzv qəbul edildikdən bir müddət sonra, fevralın 12-18-də regiona səfər edən nümayəndə heyəti bir hesabat hazırladı. Hesabatda 1987-ci ildən etibarən münaqişənin təkamülü, baş verən hadisələr, ayrı-ayrı dövlətlərin mövqeləri, sülh təşəbbüsləri əksini tapmış, görüləcək işlər barədə tövsiyələr verilmişdi. Ermənistan isə Azərbaycan ərazilərinin işğalını ən qəddar üsullarla genişləndirirdi. Bu qəddarlığın ən yüksək nöqtəsi strateji əhəmiyyət daşıyan Xocalı şəhərində törədilən soyqırım oldu. Şəhərdə Dağlıq Qarabağda yeganə olan hava limanı yerləşirdi. 1992-ci il fevralın 26-27-də Ermənistan silahlı birləşmələri və Xankəndində yerləşən 366-cı keçmiş sovet alayı 7 min nəfər əhalisi olan Xocalı şəhərində azərbaycanlı əhaliyə qarşı kütləvi soyqırım həyata keçirdi. 650-dən çox adam öldürüldü, 1275 nəfər əsir götürüldü, 487 nəfər şikəst edildi. Öldürülənlərin 106 nəfəri qadın, 83 nəfəri isə azyaşlı uşaq idi. Ermənistanın müdafiə naziri və sonralar prezidenti olan Serj Sarqsyan Böyük Britaniya jurnalisti Tomas de Vaala verdiyi müsahibəsində etiraf edirdi: "Xocalıya qədər azərbaycanlılar belə fikirləşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər. Biz bunu (stereotipi) qırdıq."
Markar Melkonyan isə yazır ki, Xocalı sakinləri altı mil qət edərək demək olar, təhlükəsiz yerə çatmışdılar, lakin əsgərlər onlara çatdılar. Sonra çəkmələrinə bərkidilmiş bıçaqları qablarından çıxarıb adamları doğramağa başladılar.
Xocalıda baş verən soyqırım hadisəsi Ermənistanın bəşəriyyətə və sivilizasiyaya qarşı törətdiyi ağır cinayətdir. Azərbaycan hakimiyyətinin Xocalıda baş verənlərin miqyasını xalqdan gizlətmək cəhdləri respublikada ictimai-siyasi vəziyyəti gərginləşdirdi.
Azərbaycan Ermənistanın hərbi təcavüzünü dayandırmaq üçün beynəlxalq səylərini davam etdirdi. 1992-ci il martın 2-də Azərbaycan Respublikası keçmiş DQMV-nin inzibati ərazisi də daxil olmaqla BMT-yə üzv oldu. Bununla da onun beynəlxalq sərhədləri tanındı, beynəlxalq hüququn mühafizəsi altına alındı. Azərbaycan martın 13-də BMT Təhlükəsizlik Şurasına, dünya birliyi dövlətlərinin parlamentlərinə müraciət edərək Ermənistanın təcavüzünü dayandırmaq üçün təcili tədbirlərin həyata keçirilməsini xahiş etdi.
Prof. M.Qasımlının araşdırmasında bildirilir ki, Azərbaycan Respublikasının müraciətinə cavab olaraq BMT baş katibi münaqişə bölgəsində vəziyyəti öyrənmək üçün mart ayında xüsusi nümayəndəsi, ABŞ-ın keçmiş dövlət katibi Sayrus Vensin rəhbərliyi altında bir heyəti regiona göndərdi. Nümayəndə heyəti hesabat hazırlayaraq baş katibə təqdim etdi. Azərbaycan tərəfi Ermənistanın təcavüzü məsələsini ATƏM-in müzakirəsinə çıxardı. ATƏM Nazirlər Şurasının martın 24-də Helsinkidə keçirilən əlavə iclasında böhranın ATƏM-in himayəsi altında mümkün qədər tez bir zamanda ATƏM prinsip, öhdəlik və müddəaları əsasında sülh yolu ilə həlli istiqamətində danışıqlar üçün forumu təmin edəcək Dağlıq Qarabağa dair ABŞ, Rusiya, Türkiyə, Fransa, İtaliya, Almaniya, Belarus, İsveç, Finlandiya, Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə Minskdə konfrans çağırılması qərara alındı. Konfransın əsas məqsədi Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi üçün siyasi danışıqları başlamaq idi. Yenicə yaradılmış MDB-nin mərkəzi Minsk hesab edildiyi və Belarus hökuməti ölkənin paytaxt şəhərini çağırılması nəzərdə tutulan bu tədbirə verdiyi üçün ona Minsk konfransı deyilir.
Konfransa hazırlıq məqsədi ilə İtaliyanın xarici işlər naziri, professor Mario Rafaelliyə sədr mandatı verildi. 1992-ci il mayın 1-də ATƏM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin Helsinkidə keçirilən 10-cu iclasında Dağlıq Qarabağa dair konfransın təşkili, iclasların keçirilmə şərtləri, sədrin səlahiyyətləri və s. haqqında qərar qəbul edildi. Qərara əsasən Minsk qrupunun əsas vəzifəsi münaqişənin nizamlanması istiqamətində fəaliyyət göstərmək, Minsk şəhərində konfran¬sa üzv olan dövlətləri toplamaq və yekun sənəd qəbul etmək idi. Mayın 7-də Mario Rafaelli başda olmaqla ATƏM nümayəndə heyəti regiona səfər edərək hesabat hazırladı.
Bu zaman İran prezidenti Haşimi Rəfsəncaninin vasitəçiliyi ilə mayın 7-də Yaqub Məmmədov və Ermənistan Respublikasının prezidenti Levon Ter Petrosyan arasında keçirilən görüş nəticəsində atəşin dayandırılması, münaqişənin sülh yolu ilə həlli məsələlərini nəzərdə tutan Tehran bəyannaməsi imzalandı. Lakin bəyannamənin "mürəkkəbi qurumamış" Azərbaycan mədəniyyətinin beşiklərindən biri, əhalisi təqribən 50 min nəfər olan Şuşa şəhəri üzərinə erməni silahlı dəstələrinin şiddətli hücumu başlandı və mayın 8-də işğal edildi. Şəhərdəki tarix və mədəniyyət abidələri, kitabxanalar, klublar və məktəblər yerlə-yeksan edildi, qədim əlyazmalar yandırıldı. Şuşanın işğalı ilə Ermənistan bütün Dağlıq Qarabağın işğalını başa çatdırdı. Dağlıq Qarabağ regionundan bütün azərbaycanlılar qovularaq məcburi köçkünə çevrildilər.
Romada Minsk konfransına hazırlıq üzrə fəaliyyət davam etdiyi bir zamanda Ermənistan Dağlıq Qarabağın ətrafındakı ərazilərinin işğalını genişləndirirdi. Ermənistan silahlı qüvvələri Vardenis rayonu ərazisindən hücuma keçərək 1936 kv. km ərazisi və 150 yaşayış məntəqəsi olan Kəlbəcər rayonunu 1993-cü il martın 27-dən aprelin 3-dək işğal etdi. Yüzlərlə adam əsir alındı və itkin düşdü. Rayonun 62 min əhalisi məcburi köçkünə çevrildi. Tarixi və memarlıq abidələri, klub və kitabxanalar, tarix-diyarşünaslıq muzeyi yerlə-yeksan edildi. Azərbaycan Respublikası aprelin 1-də dünya ölkələrinin parlamentlərinə, Avropa Parlamentinə, ATƏM və BMT-yə müraciət edərək təcavüzkara münasibət bildirilməsini xahiş etdi. Aprelin 6-da BMT Təhlükəsizlik Şurasının iclasında sədrin bəyanatı qəbul edildi. Bəyanatda Azərbaycan ilə Ermənistan arasında münasibətlərin pisləşməsindən, Dağlıq Qarabağ münaqişəsində düşmənçilik hərəkətlərinin güclənməsindən, xüsusilə yerli erməni qüvvələrinin Azərbaycan Respublikasının Kəlbəcər rayonuna müdaxiləsindən ciddi narahatlıq ifadə olunur, sülh və bölgənin təhlükəsizliyi üçün qorxu törədən belə düşmənçilik hərəkətlərinin hamısına dərhal son qoymaq və bu qüvvələri oradan çıxarmaq tələb edilir, bölgədəki bütün dövlətlərin suverenliyini və ərazi bütövlüyünü, onların sərhədlərinin pozulmazlığı təsdiq edilir, ATƏM çərçivəsində sülh prosesinə tərəfdar çıxılır, Minsk konfransının tezliklə çağırılmasına ümid ifadə edilir, mülki əhalinin iztirablarını azaltmaq üçün münaqişəyə cəlb olunmuş bütün rayonlara humanitar yardım göstərilməsi sahəsində beynəlxalq fəaliyyətin maneəsiz həyata keçirilməsi tövsiyə edilirdi.
Təhlükəsizlik Şurası sədrinin bəyanatında Kəlbəcərin işğalının yerli erməni qüvvələrinin hərəkəti kimi qələmə verilməsi reallığı əks etdirmirdi. Çünki Dağlıq Qarabağın erməni icmasının Azərbaycan ərazilərini işğal etmək gücündə olan ordu qurmaq üçün kifayət qədər insan qüvvəsi, iqtisadi-maliyyə gücü, hərbi-sənaye kompleksi yox idi. Aprelin 11-də Azərbaycan Respublikası yenidən BMT-yə müraciət edərək Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın ərazi bütövlüyünün pozulmasını yeni dünya qaydasına təhdid kimi qiymətləndirdi və təcavüzün davam etməsinin qarşısının alınması üçün tədbirlərin həyata keçirilməsini xahiş etdi. Məsələyə dair aprelin 14-də BMT baş katibi məruzəsini təqdim etdi. BMT Təhlükəsizlik Şurası 1993-cü il aprelin 30-da Azərbaycanın Kəlbəcər rayonundan və digər işğal olunmuş ərazilərindən bütün işğalçı qüvvələrin dərhal çıxarılmasını tələb edən 822 saylı qətnaməsini qəbul etdi. Təhlükəsizlik Şurası Ermənistan ilə Azərbaycan arasında münasibətlərin pisləşməsindən narahatlıq keçirdiyini bildirir, Kəlbəcər rayonuna yerli erməni qüvvələrinin son təcavüzündən, vəziyyətin bölgədə əmin-amanlığı qorxu altına aldığından narahat olaraq, çoxlu sayda mülki şəxslərin yerdəyişməsi və bölgədə, o cümlədən Kəlbəcər rayonunda yaranmış fövqəladə vəziyyətlə bağlı ciddi narahatlıq ifadə edirdi. Təhlükəsizlik Şurası bölgədəki bütün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətini, beynəlxalq sərhədlərin toxunulmazlığını və ərazi əldə etmək üçün qüvvə tətbiq etməyin yolverilməzliyini bir daha təsdiq edirdi. ATƏM çərçivəsində həyata keçirilən sülh prosesi dəstəklənir, atəşin biryolluq dayandırılması məqsədi ilə bütün hərbi əməliyyatların və düşmənçilik hərəkətlərinin dərhal dayan¬dırılması, eləcə də bütün işğalçı qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın son vaxtlar işğal edilmiş başqa rayonlardan dərhal çıxarılmasını tələb edilirdi. Bu işdə maraqlı olan tərəflər ATƏM-in Minsk qrupunun sülh prosesi çərçivəsində həll etmək məqsədilə dərhal danışıqları bərpa etməyə və problemin dinc yolla həllini çətinləşdirə biləcək hər cür fəaliyyətdən imtina etməyə israrla dəvət edilirdi. BMT Təhlükəsizlik Şurası bölgədə, o cümlədən münaqişənin əhatə etdiyi bütün rayonlarda mülki əhalinin iztirablarını yüngülləşdirmək üçün humanitar yardım göstərilməsi sahəsində beynəlxalq fəaliyyətin maneəsiz həyata keçirilməsini təmin etməyə çağırırdı. Eyni zamanda BMT baş katibindən ATƏM sədri, habelə Minsk qrupunun sədri ilə məsləhətləşmələr keçirib bölgədəki, o cümlədən Azərbaycanın Kəlbəcər rayonundakı vəziyyətə qiymət verməyi və Təhlükəsizlik Şurasına yeni məruzə təqdim etməyi tövsiyə edirdi.
Prof. M.Qasımlının araşdırmasında bildirilir ki, qətnamə qəbul edildikdən bir neçə gün sonra, mayın 3-də ABŞ, Rusiya, Türkiyə sülh təşəbbüsü ilə çıxış edərək təkliflər planını işləyib hazırladılar. Cədvələ görə, qüvvələr martın 27-nə olan vəziyyətə gətirilməli, 60 günlük atəşkəs elan edilməli, müşahidəçilər Kəlbəcərdən erməni qoşunlarının çıxarılmasını təsdiq etməli, Minsk qrupunun məsləhətləşmələri davam etdirilməli idi. Azərbaycan bu təkliflərlə razılaşdı. Ermənistan prezidenti Levon Ter Petrosyan isə mayın 26-da bəyanat verərək "Dağlıq Qarabağ əhalisi"nin təhlükəsizliyi və hüquqları üçün təminat istədi, Azərbaycanın Dağlıq Qarabağ problemini hərbi yolla həll etməyə yönələn siyasətindən imtina etdiyinə tam əmin olmadığını" bildirdi...

Uğur