Veriliş tamaşaçını qane etmirsə, kanalı dəyişsin... Layihə

Veriliş tamaşaçını qane etmirsə, kanalı dəyişsin...

Huşiravan Məhərrəmli: "Hər kəs televiziya kanallarından səviyyəli, intellektual xarakterli verilişlər gözləyir"
İntiqam Soltan: "Uşaq verilişlərimiz çox biabırçı həddədir"
Zeynal Məmmədli: "Televiziyanın borcudur ki, dünyanı uşaqların evinə gətirsin"

Televiziya adi bir kommersiya strukturu deyil, cəmiyyəti həm də yönləndirən, istiqamətləndirən, ictiami şüuru və rəyi formalaşdıran maarifləndirici bir qurumdur. Təbii ki, əyləncə funksiyası da var. Çox təəssüf ki, son zamanlar hazırlanan bütün verilişlər məhz bu funksiyanın üzərində qurulub. Efir, səhnə mədəniyyətinin mövcud durumu, aparıcıların professionallığının aşağı olması xüsusi narahatlıq doğurur.
Milli Televiziya və Radio Şurasının sədri Huşiravan Məhərrəmlinin fikrincə, bu gün Azərbaycanın televiziya kanallarında ən ciddi məsələ kadrlarla bağlıdır: "Mən özəl televiziya kanallarının fəaliyyətindən çox narazıyam. Tədbirlərdə də insanlar bununla bağlı narazılıqlarını bildirirlər. Hər kəs televiziya kanallarından səviyyəli, intellektual xarakterli verilişlər gözləyir. Bizim televiziya kanalları çox təəssüf ki, xarici, xüsusilə Türkiyə kanallarında olan verilişlərin bir nüsxəsini çıxarıb göstərirlər. Bu da aşağı keyfiyyətli olur. Ona görə də bizdə bayağı verilişlərin sayı çoxdur. Verilişlərin ən böyük nöqsanlarından biri onları hazırlayanların lazımi səviyyədə olmamasıdır. Məsələn o, bir veriliş hazırlayırsa, onun ən asan, ucuz yolunu seçir. Bəzən 1-2 estrada müğənnisi çağırıb onların əsasında bu verilişi qurur. O estrada müğənnisi özünə uyğun insanlar arasında qəbul olunsa da xalq arasında o qədər də bəyənilmir. Hətta mən bəzən televiziya kanallarının rəhbərlərinə deyirəm ki, o müğənniləri efirə çağırın, oxusunlar, amma danışmasınlar. Bir-iki kəlmə danışarkən onların hansı səviyyədə olduqları görünür. Seriallarla da bağlı çoxlu nöqsanlar var. Amma müəyyən qədər işlər görmək lazımdır ki, işin içərisindəki nöqsanlar aradan qaldırılsın. Yumoristik verilişlərlə bağlı problemlər son vaxtlar özünü daha çox büruzə verir. Bir sıra kanallarda bizim gənc yumor ustaları bəzən ədəbsiz lətifələr əsasında süjetlər hazırlayırlar, sətiraltı onları ifadə edirlər. Televiziya kanallarının rəhbərləri də bunu yayımlayırlar. Onlar öz valideynlərinin yanında söyləyə bilmədikləri lətifələri efirdə deyirlər. Onlar anlamırlar ki, efir 9 milyonun ailəsidir. Bununla bağlı monitorinq şöbəsi bizə tez-tez şikayət edir. Professional insanlar yerində yoxdursa, bu cür nöqsanlar özünü göstərəcək. Bizim televiziya kanallarında mövzu seçimi ilə bağlı problemlər hiss olunur. Bəzən elə mövzular seçirlər ki, onlar hələ cəmiyyətdə müzakirə olunma dərəcəsinə çatmayıb. Çox nadir hallarda bir-iki yerdə özünü göstərən hadisəni ictimai müzakirəyə çevirirlər".
Huşirəvan Məhərrəmli yerli TV kanalların mənfi yüklü informasiyaları tamaşaçıya çatdırılmasında qüsurların olduğunu bildirir: "Bəzən televiziya kanalları qalmaqallı, sensasiya doğuracaq xəbərləri qışqıraraq, hay-küylə verməyə çalışır. Mənfi yüklü informasiyalar verirlər. Amma həyatda müsbət yüklü informasiyalar da kifayət qədərdir. Əgər professionallıq öz yerində olarsa, bu problem də öz həllini tapar. İnsan ölümü dünyanın hər yerində var, amma onu elə vermək lazımdır ki, insan psixologiyasına mənfi təsir etməsin. İnsan ölümləri, intihar səhnələri ilə bağlı müəyyən nöqsanlar var. Bu nöqsanları tədricən aradan qaldırırıq. Biz belə bir qayda qoymuşuq ki, saat 23:00-a qədər uşaqların psixikasına mənfi təsir edən verilişlər, o cümlədən intihar səhnələri, tibbi əməliyyatlar aparılan səhnələr yayımlanmasın. Yəni bu qayda qanunvericiliklə tənzimlənir. Amma bəzən elə hadisə olur ki, çox böyük ictimai-siyasi əhəmiyyətə malik olur ki, onu göstərmək məcburiyyətindədirlər. Amma gərək elə göstərilsin ki, dediyim qaydalara uyğun olsun".
Milli Televiziya və Radio Şurasının sədr müavini Qafar Cəbiyev bildirir ki: "Milli Televiziya və Radio Şurası qanunvericiliyə əsasən telekanalların yaradıcılıq fəaliyyətinə müdaxilə etmir. Yaradıcılıq fəaliyyəti hər bir teleradio şirkətinin öz işidir. Əgər hansısa veriliş tamaşaçını qane etmirsə, yaxşı olar ki, həmin vətəndaş kanalı dəyişsin".
Qafar Cəbiyev onu da əlavə edir ki, telekanallar və radiolar ailə-məişət məsələsi qabardılan proqramlarla bağlı mövcud problemlər haqqında düşünməlidir: "Ən yaxşı nəzarət ictimai nəzarətdir. Əgər cəmiyyət, tamaşaçılar hər hansı verilişlə bağlı narazılıq edirsə, telekanallar bunu nəzərə almalıdırlar. Cəmiyyət üçün xarakterik olmayan, xoş olmayan faktları ictimailəşdirmək, bütün dünyaya təqdim etmək doğru deyil".
Bakı Uşaq Teatrının direktoru İntiqam Soltan uşaq verilişlərinin hazırlanma prosesindən də razı qalmadığını söyləyir: "İstənilən uşaq verilişində bayağı ünsiyyət və münasibət özünü göstərir. Uşaq verilişlərinin çəkilişlərində dəfələrlə olmuşam, gördüyüm mənzərə məni heç də qane etməyib. Həmin verilişlərdə valideynə xoş gəlməsi üçün hansısa kəlməni uşaqlara məcburən söylətdirdiklərinin şahidi olmuşam. Hiss olunur ki, həmin veriliş tamaşaçı üçün deyil, fərdi valideynlər üçün tərtib olunur. Uşaq proqramları efirə ayrılmış vaxtı doldurmaq üçün hazırlanır. Mən də uşaq verilişi hazırlamaq istəyirdim. Mənə zəng vurub dedilər ki, mümkündürsə, bu verilişi açıb, bizim çörəyimizə bais olma. Mən söyləmişdim ki, əgər uşaq verilişi hazırlasam, orada heç bir maddi vəsait rol oynamayacaq. Uşaqların marağını nəzərə alan uşaq verilişi hazırlamaq niyyətində idim. Düşünürəm ki, buna mane olmağa çalışan insanlar həmin verilişin rəqib olacağından ehtiyat etdilər. Azərbaycan incəsənət aləmində uşaq psixologiyasını bilən insan yox dərəcəsindədir. Heç Sovet dönəmində belə, normal uşaq pyesi, səhnəciyi olmayıb. Elə bu, sovet dönəminin bizə bəxş etdiyi gerilikdir. Bizim aldığımız təlim yanlış idi. İndi onun altını çəkirik. Uşaqların marağını nəzərə alan uşaq verilişləri sistemi, mexanizmi yoxdur. Əslində yaxşı mənada senzura, süzgəc olmalıdır. Bu gün bu cür verilişlər hazırlayanlar ona öz övladı və ya qardaşının, bacısının gözü ilə baxır və bütün Azərbaycan uşaqlarını da belə görürlər. Düşünürəm ki, uşaqlara ayrılmış bir verilişdə bir nəfərin baxış bucağı düzgün deyil. Uşaq verilişlərimiz çox biabırçı həddədir. Onlar heç bir məntiqə, maarifləndirmə sisteminə yaraşmır. Leksikonumda elə bir ifadə tapa bilmirəm ki, bugünkü uşaq verilişlərini təsvir edim".
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, tanınmış media eksperti Zeynal Məmmədli uşaq verilişlərinin hazırlanmasının xüsusi bacarıq tələb etdiyini və bunun çox ciddi problem olduğunu bildirdi: "Ümumiyyətlə, uşaq verilişlərinə baxmıram. Burada söhbət peşəkarlıqdan, verilişlərin quruluşundan getmir. Həmin verilişlərdə uşaqlara sevgi hissinin belə olmadığını görmək elə də çətin deyil. Əgər verilişi aparan insanda uşaqlara qarşı sevgi yoxdursa, qalan mövzulardan danışmağın mənası yoxdur. Biz uşaqlara dünyanın çətinliklərini, məntiqi, cəmiyyət arasında özünü aparmaq qaydasını, mübahisə mədəniyyətini öyrədə bilmirik. Öz fikrimizi güclə uşaqlara sırıyırıq, nəticədə özümüzdən də eybəcər bir nəsil əmələ gəlir. Buna görə uşaq verilişlərini bəyənmirəm və zənnimcə, o verilişlər digərləri kimi qənaətbəxş deyil. Sovet dönəmində bir ideologiya hökm sürürdü. O dövr dünyanı insanlarımıza, uşaqlarımıza açmırdı. Uşaqların əksəriyyəti bilmir ki, Azərbaycanda Daşkəsən, Yardımlı deyilən bir bölgə var. Onları da qınamalı deyil. Bütün bunları onlar uşaq verilişlərindən öyrənməlidir. Cəmiyyətdə ictimai rəy yaratma mərkəzləri var ki, valideynlər oraya narazılıqlarını bildirməlidirlər. İctimai Televiziyanın birbaşa borcudur ki, uşaqlar üçün eksklüziv verilişlər hazırlasın. Dünyanı uşaqların evinə, ekranına gətirsin. Yaşıdlarının öz aralarındakı, valideyninə münasibətini göstərsin. Dünyanın çox yaxşı uşaq verilişləri tərcümə olunsun və görsünlər ki, xaricdə necə uşaq verilişləri hazırlanır".
Oqtay Zülfüqarov da uşaqlar üçün maraqlı verilişlərin olmadığını və bunun nəticəsində uşaqların seriallar, ailə-məişət proqramlarına meyilləndiklərini qeyd etdi: "Televiziyalar uşaqlara həftədə heç olmasa, yarım saat yer verməlidirlər ki, uşaqlar da həmin verilişlərə baxmağa həvəsli olsunlar. Uşaq bağçaları, məktəblər bu verilişlərdə iştirak etməlidirlər. İndi uşaqlar üçün meydan yoxdur. Hərdən uşaqlar üçün veriliş təşkil olunur, mənə müraciət edirlər, gedib çıxış edirəm. Əslində uşaqlar üçün hazırlanan verilişləri onlar həvəslə, səbirsizliklə gözləməlidirlər. Uşaq mahnılarına onların maraqlarını artırmaq lazımdır ki, böyüklərə həsr olunan mahnıları oxumasınlar. Uşaq gərək öz mahnısını oxusun. Mədəniyyətimizdə də durumun qeyri-qənaətbəxş olmasında ilk öncə özəl kanallar günahkardır. Nəticədə insanların zövqü korlanır, azyaşlı uşaqların beyninə zövqsüz mahnılar düşür. Hər kanal özü üçün müsabiqə keçirir. Bu müsabiqələrin səviyyəsindən danışmağa belə dəyməz. Bir çox ixtisaslı məzunlar isə sənəti biznesə dəyişir, yaxud xaricə üz tutur. Onların yazdığı səviyyəli musiqilər burada qiymətləndirilmir. Amma əcnəbi ölkələrdə həmin əsərlər dərsliyə salınır, onların sənətinə yüksək qiymət verilir".
Jurnalist Azər Həsrətin fikrincə, dövlət TV-radiosu və ictimai TV-radioda, eləcə də bəzi özəl kanallarda səviyyəli deyə biləcəyimiz verilişlər az deyil: "Sadəcə olaraq bəzi özəl kanalların məhəllə səviyyəli aparıcıları və onların təqdimatında efirə verilən dedi-qodu şəklindəki verilişlər pis mənada tamaşaçıların diqqətini cəlb etdiyindən intellektual verilişlər kölgədə qalır. Bunun da səbəbi həmin TV kanallarının yayım siyasətini müəyyən edənlərin özlərinin intellektual və mədəni səviyyəsinin aşağı olmasından qaynaqlanır. Ona görə də Azərbaycan tamaşaçılarının çoxu xairic kanallara üz tutmağa məcbur olur".

Ülviyyə Tahirqızı