Azərbaycanın müasir siyasi sistemi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır Layihə

Azərbaycanın müasir siyasi sistemi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır

Mehdi Balabəyov: “Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub”

Düz 32 il əvvəl ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdaraq Azərbaycan xalqını, dövlətini və millətini parçalanmadan xilas etdi.

Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan edib və bu gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub, Azərbaycan dövlətçiliyi yox olmaq təhlükəsindən qurtulub.

Azərbaycan xalqının tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev həmin gün Ali Sovetin sədri seçilib. Bununla da uzun illər davam edən gərginlik və qarşıdurma səngiyib və ölkə vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas olub. Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin edir.

Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ suverenliyi qoruyub inkişaf etdirmək idi və bu ümummilli liderin iradəsi sayəsində reallığa çevrildi. O, Milli Azərbaycan dövlətçiliyi konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq, ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu.

Heydər Əliyev 1993-cü il iyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün yerli və xarici jurnalistlər üçün brifinq keçirib, iyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşüb. Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxartdı. Dünyada Azərbaycanla bağlı formalaşan fikri müsbət yöndə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti və xarizması siyasi böhrana son qoydu və Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı.

1997-ci ildə Milli Məclisin deputatları 15 iyun tarixinin təqvimə Azərbaycan Respublikasının Milli Qurtuluş Günü kimi salınması təklifi ilə çıxış ediblər və parlament bu təklifi bəyənib. Həmin vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş Günü kimi qeyd edilir.

Hazırda Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunub.

Ata vəsiyyətini layiqincə yerinə yetirən Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin işğal altında saxladığı əzəli və əbədi torpaqlarımızı azad edib.

Bununla da Azərbaycan dövləti Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə BMT-nin qətnamələrini döyüş meydanında təkbaşına icra edib. Beləliklə, 30 ilə yaxın müddət ərzində düşmənin işğalda saxladığı Azərbaycan torpaqları əsarətdən qurtulub.

Milli Qurtuluş Günü ilə bağlı fikirlərini qəzetimizə bölüşən YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov deyib ki, müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanda yaşanan durum hər kəsə məlumdur. O illər tariximizin qara səhifəsi kimi daim vərəqlənir. Dövlət başçısı İlham Əliyev bu çağırışı edir ki, müstəqillik tariximizin ayrı-ayrı mərhələləri müqayisəli təhlil edilməli, gənc nəsil müstəqillik yolumuzun heç də hamar olmadığını bilməlidir.

1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir. Həmin illərdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmətə malik oldu. Ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynayıb: “Məhz bu gün böyük qürur hissi ilə qeyd edirik ki, hazırkı Azərbaycan Ümummilli Lider Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunan Azərbaycandır. Məhz Ulu Öndərin yaratdığı möhkəm təməl Azərbaycana davamlı uğurlar qazandırır. Sabitlik təmin edildi, normal biznes mühiti yaradıldı. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Ordu quruculuğu istiqamətində başladığı işlər və müəyyənləşdirdiyi strategiya sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır, texniki təchizat baxımından bir çox ölkələrin ordularını üstələyir.

Ümummilli Lider Heydər Əliyev güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Onun ən böyük gücü dərin, universal biliyində, qətiyyətində, işgüzarlığında, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında idi. Zəngin idarəçilik təcrübəsi sayəsində Azərbaycanın dünyaya Günəş kimi doğmasını təmin etdi. Bu gün Azərbaycanın sözünün imzası qədər əhəmiyyətli olması da Heydər Əliyev siyasətinin təntənəsidir”.

O, qeyd edib ki, ümummilli Lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Onun həyat amalının təntənəsidir: “Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlayıb, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olub. Geniş bilik və dərin təfəkkür sahibi olan dahi şəxsiyyət Heydər Əliyev düşünülən və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll edib. Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirib və məharətlə həyata keçirib.

Azərbaycanın müasir siyasi sistemi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması və Ümummilli Lider Heydər Əliyevin partiyaya Sədr seçilməsi faktiki olaraq Azərbaycanda müasir siyasi sistemin yaranmasına səbəb oldu. Çünki Yeni Azərbaycan Partiyası o vaxtkı antimilli iqtidara qarşı müxalifət kimi yaranmışdır. Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanda böyük əks-səda doğurdu.

Azərbaycanın müxtəlif bölgələrindən partiyaya üzv olmaq istəyənlərin axını müşahidə edildi və qısa müddət ərzində Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsinə, ümumxalq partiyasına çevrildi. Hazırda partiyanın sıralarında 750 minə yaxın üzvün birləşməsi Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin siyasətinə inamın, dəstəyin ifadəsidir. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın tarixi Zəfərimizin reallıqları fonunda 2021- ci ildə keçirilən VII qurultayında bu əminliyi ifadə etdi ki, YAP ənənələri olan partiyadır. YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq. Bu fikirlər Ümummilli Liderin Yeni Azərbaycan Partiyasının gələcəyinə inamının ifadəsi olan “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” çağırışının davamıdır.

Qısa təhlil belə bir ümumiləşdirməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyevin qayıdışı ilə başlanan inkişaf, tərəqqi bütün sahələri əhatə etməklə tarixi Zəfərimizi şərtləndirdi. Bu gün azad Qarabağımız, azad Şərqi Zəngəzurumuz cənnət məkana çevrilir, soydaşlarımız doğma yurd-yuvalarına qayıdaraq bu torpaqlara yeni nəfəs verirlər. Ərazi bütövlüyü və suverenliyi tam bərpa edilən Azərbaycanın qarşısında yeni üfüqlər açılır”.

Cavid