“Televiziyaların köklü islahatlara ehtiyacı var“ Layihə

“Televiziyaların köklü islahatlara ehtiyacı var“

Yaqut Tapdıqqızı: "Bu kadr dəyişikliyindən tutmuş, proqram siyasətinə qədər hər bir məsələni əhatə etməlidir"
Həsir Əhmədli: "İntellektsiz və aqressiv aparıcılar professionallarla əvəzlənəcək"

Bu gün Azərbaycan televiziyaları sözün əsl mənasında böhran dövrünü yaşayır. Efir savadsız, şit və həyasız aparıcılarla doludur. Hormal layihələr ortaya qoyulmur. Xarci, əsasən də Türkiyə televiziyalarından köçürmələr isə bərbad və kobud formada tamaşaçılara təqdim olunur. Bunun səbəbi nədir? Azərbaycan televiziyalarında hansı islahatlar aparılmalıdır? Teleradio Şurasının ayırdığı vəsait teleserialların keyfiyyətinə təsir göstərə bildimi? İntellektsiz və aqressiv aparıcıların efirdə "meydan sulaması"nın səbəbi nədir?
Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin müəllimi Nəsir Əhmədli bildirdi ki, jurnalistika sahəsində hələ də ən populyar araşdırmalardan olan "Mətbuatın dörd nəzəriyyəsi" ("Four theories of the press") kitabının müəllifləri - Fred S.Sibert, Uilbur Şramm və Teodor Piterson (ABŞ) təxminən 60 il əvvəl (1956) belə bir tezis irəli sürmüşdülər ki, KİV hansı cəmiyyətin çərçivəsi daxilində fəaliyyət göstərirsə, həmin cəmiyyətin "sosial və siyasi strkturlarının formasını və çalarını qəbul edir". Onun sözlərinə görə, Həsən bəy Zərdabi isə yazırdı ki, hər bir vilayətin qəzeti o vilayətin güzgüsüdür: "Bu o deməkdir ki, medianın, o sıradan telekanalların ideal vəziyyətinə nail olmaq üçün cəmiyyətin özündə demokratik islahatlar aparılmalıdır. 1994-cü ildə yazmış olduğum bir məqalədə demişdim: "...icra hakimiyyətinin icma hakimiyyətinə, məhkəmələrin məzhəkələrə, rəsmi informasiya orqanlarının rəsmi insinuasiya, yaxud inspirasiya orqanlarına çevrildiyi cəmiyyətdə televiziyalara Babək Hüseynoğlu deyil, Babək Xürrəmidin özü də başçılıq etsə, yenə çox şeyə nail olmaq mümkün deyil". Şükür ki, indi ölkədə islahatlar gedir və inşallah, nə vaxtsa bu, televiziyalara da təsir edəcək, ayrılan vəsaitlər təkcə serialların deyil, bütün verilişlərin keyfiyyətini yaxşılaşdıracaq, intellektsiz və aqressiv aparıcılar professionallarla əvəzlənəcək".
Bakupost.az saytının redaktoru "Televiziyaların monitorinqi" rubrikasının müəllifi Yaqut Tapdıqqızı bildirdi ki, bu gün Azərbaycan televiziyalarının köklü islahatlara ehtiyacı var: "Bu kadr dəyişikliyindən tutmuş, proqram siyasətinə qədər hər bir məsələni əhatə etməlidir. İlk oncə reytinqə hesablanan verilişlərdən yaxa qurtarmalıyıq. Tamaşaçı zövqünün formalaşmasına xidmət edilməlidir. Düzdür, bu gün Azərbaycanın kütləvi tamaşaçısı "ağlaşma qurulan verilişlərə, acı talelərə baxmağa öyrəncəli ola bilər. Amma bu onun günahı deyil. O istəməsə belə onun evinə girən televiziyalardır. Verilişlərimiz ancaq ittiham edir, oyun qurur, səhnə yaradir. Bir misal deyim üç uşağını uşaq evinə atan ana ittiham olunur. "Heç olmasa qız övladına sahib çıxardın", "Sən ac qalsan ac qalar, tox olsan tox olardı", "Sən necə anasan?", "Adam belə gözəl 3 balanı necə atar?". Bu cür ictimai qınaq Azərbaycan televiziyalarında "dəb"də olan verilişlərin birində idi. Təxminən 2-3 gün sonra yenə bir ana danlanırdı. Bu dəfə uşağını atmadığına görə. "Sən bu cür səfil yerdə iki uşağı tələf edəcəksən". "Gəl daşı ətəyindən tök, ver onları uşaq evinə, istəyəndə gedib görərsən". Ana isə elə hey ağlayır: "Mən uşaqlarımı heç kimə verməyəcəm. Bazarda tum satıb onlara baxıram. Heç kimə dəxli yoxdur". Vallah, məətəl qalmışam. Uşağını atanı da, atmayanı da qınayırıq. Sanki insan taleləri üstündə oyun oynayırıq. Orası bəllidir ki, bu cür müzakirələr heç nəyi həll etmir. Amma heç olmasa uğursuz tale yaşayan insanları oyunumuza alət etməyək. Axı, onsuz da həyat onlara öz zərbəsini vurub. Qalib tərəf kimi görünmək üçün növbəti zərbəni də biz jurnalistlər vurmayaq. Bir sozlə ucuz reytinq dalınca qaçırıq". Onun fikrincə, televiziya bu gün maarifləndirmə, məlimatlandırma əyləndirmə funksiyalarını tamamilə başqa yöndə dəyişib: "Çox uzağa getməyək, qonşu Türkiyəyə baxaq. Onlarda televiziya bizdən 8-10 il sonra yaranıb. formalaşıb. Bu gün onların serialları əksər ölkələrdə nümayiş olunur. Hiss-həyəcan danışıq tərzi tamaşaçını ekrana bağlayır. Mən başqa dövlətləri demirəm. Bizə ən yaxın olanla müqayisə edirəm. Bəs bizdə? Adi orfoepik qaydaya belə riayət olunmur. Süni danışıq, süni gülüş və məntiqsiz ssenari... Səbəb nədir? Ucuz işçi qüvvəsi əldə etmək üçün seriallara kim gəldi çəkilir, bir də baxırsan xəbər rejissoru kino çəkir. Bunlar başqa-başqa şeylərdir. Türkiyə bir serialdan milyonlarla gəlir əldə edir, Azərbaycan büdcədən serial çəkilişinə pul ayırır. Nəticə də sıfır".
O, həmçinin əlavə etdi ki, son dövrlər cəmiyyətdə qəribə bir tendensiya da formalaşıb: "Bütün qəşəng qızlar və cəlbedici oğlanlar jurnalist olmaq istəyirlər. Ən dəhşətlisi isə odur ki, ağıldan kəm olanlar da bu peşəyə yiyələnmək arzusuna düşürlər. Onlar üçünsə əlverişli və münbit şərait var. İndi jurnalist olmaq üçün qədim təhsil ocağının Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmək, yaza bilmək, analitik təfəkkür, heç də mütləq deyil. Bunun üçün ölkədə göbələk kimi bitən "jurnalistika akademiyası" inkubatorlarında yetişdirilmək kifayətdir.
Bu inkubatorlar siyahısında 14 peşəkar jurnalist məzunu cəmiyyətə buraxdığını elan edən Azərbaycan "ABŞ jurnalistika akademiyası da var. "Akademiya" məzunlarının peşəkar jurnalistikaya vəsiqə aldıqlarını bəyan edib. Amma deməyib ki, hansı kriteriyalara görə bu "jurnalistlər" peşəkar hesab edilir. Özü də sözügedən peşəkarlıq ANS TV və ABŞ səfirliyinin dəstəyi ilə baş tutan 5 aylıq kurslardan sonra qazanılır. Amerika Birləşmiş Ştatlarının müvəqqəti işlər vəkili Adam Sterlinq Azərbaycanda müstəqil medianın inkişafının ölkəsi üçün əsas məqsəd olduğunu deyib. Məhz bu əsas məqsədə çatmaq üçün tələm-tələsik 5 aya jurnalist yetişdirirlər. 5 ay... Gülməlidir. Bir qoyunun balasına belə ərsəyə çatmaq üçün heç olmasa 6 ay gərəkdiyi halda, 5 aya peşəkar jurnalist? Yoxsa ali məqsəd üçün təlimatlandırılmış robot? Sözügedən akademiya indiyə qədər 100 belə jurnalist hazırlayıb".
O, həmçinin əlavə edib ki, ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Tarqayın qənaətinə görə isə Azərbaycanın daha 500 belə jurnalistə ehtiyacı var? Yenə müəmmalı məqam. Hesablamaların hansı statistikaya görə, kim tərəfindən aparıldığı məlum deyil. Məlum olan isə odur ki, yetişən jurnalistlərin heç biri Mirzə Cəlil, Həsən bəy Zərdabi, Əlibəy Hüseynzadə, Əhməd Ağaoğlu kimi millətinə, vətəninə yanan, onun maariflənməsinə can fəda edən olmayacaq. Çünki onların qələminin mürəkkəbi xaricdən gəlir. Ağı qara, qaranı ağ yazmaq "peşəkarlardan" gözləniləndir".
Jurnalist Cəmaləddin Həsənoğlu isə vurğuladı ki, televiziyalrın problemi əslində bütün medinın problemlərindən kənarda deyil: "Medianın ən ümdə problemləri - peşəkarlıq, operativlik, yeni nəsillərin bir-birini ağrısız əvəzləməsi, operativlik, informasiyanın birinci ələdən əldə edilməsi və s. televiziyalara da xasdır. Televiziyalarda bu problemlərə Milli Teleradiso Şurasının da dəfələrlə səsləndirdiyi digər problemlər də əlavə olunur. Söhbət aparıcıların ədəbi dildə düzgün tələffüz normalarına riayət etməməsi, vulqarizmlərin, dialektizmlərin, ləhcə təlləffüzünün, bəzən də yad dillərdən-xüsusən də rus, Anadolu türkcəsi və ingiliscədən alınma sözlərin, bu dillərin tələffüz normalarının, hətta sintaksisin onların nitqində hiss olunmasından gedir. Bunun qarşısını almaq mümkündürmü? Təbii ki, bəlli dövlət qurumları efir məkanında Azərbaycan dilinin qorunmasına məsuldur, qanunvericilik ədəbi dilimizi dövlət himaysinə alıb və müvafiq qurumlar bu himayənin sadəcə deklorativ səciyyə daşımadığını sübut etməkdən çəkinməməlidir. Həm də yalnız televiziyalarda deyil, dövlətin ayırdığı vəsaitlə çəkilən seriallarda da bu tələblərin qorunmasına ciddi nəzarət edilməlidir. Məsələn, bir-iki seriyasını izlədiyim yerli seriallarını birində bir ailənin 5 üzvünün hərəsinin bir dialektdə danışması mənə yumşaq desək təəccüblü gəlmişdi. Səbəbsə çox sadə idi-aktyorlar çəkiliş meydançasında da, dublyajda da öz ləhcələrindən çıxıb ədəbi dildə danışmaq əziyyətinə qatlaşmamışdı. Mən ilk növbədə televiziyalarda bu problemin aradan qaldırılmasını istərdim. Seriallar üçün ayrılmış vəsaitdən necə istifadə edilməsinə gəlincə, yalnız bir-iki serialın bir-iki seriyasını izlədiyimdən rəy deməkdə çətinlik çəkirəm. Hər halda bu sahədə müəyən canlanma var".
Jurnalist Rövşən Ziya isə diqqətə çatdırdı ki, bu gün doğrudan da Azərbaycan telekanallarının ciddi islahatlara ehtiyacı var: "İlk növbədə aparıcı və diktorların dil üslubu dəyişdirilməlidir. Çünki, bəzi aparıcılar çəkiliş zamanı tez-tez rus dilindən və ya yerli ləhcələrdən istifadə edirlər. Amma bilirik ki, televiziyada kamera qarşısına çıxan şəxs Azərbaycan qrammatikasına riayət etməklə rəsmi dil üslubundan istifadə etməlidir. Sizə bir misal çəkim. Dünən axşam "Space"in Hər gün xəbərlər proqramının axşam buraxılışında xanım aparıcı bəzi qəribə ifadələrdən istifadə edirdi. Məsələn özəl tibb müəssisələri ilə bağlı hazırlanan reportajda xanım aparıcı deyir ki, "bu elanlar artıq gözümüzü mazol etdi". Sizcə, Azərbaycan qrammatikasında "mazol" sözü varmı? Təbii ki, yoxdur. Bu mənim gördüyüm onlarla hallardan biridir. Bu kimi hallar tək "Space"də baş vermir. Bütün televiziyalar bu vəziyyətdədir. Digər bir tərəfdən, televiziyalar cəmiyyətə zorla sırınan bəzi əndrabadi verilişlərdən xilas olmalıdır. Hansı telekanalı açırıq, vətəndaşların adi məişət problemini belə efirə çıxarırlar. Kimə lazımdır bu verilişlər? Şəxsən bir tamaşaçı kimi mənə lazım deyil. Bu verilişlərin hamısı yalnız bir məqsədə - millətin mənəviyyatının poulmasına yönəlib.
Əlbəttə, Teleradio Şurasının ayırdığı vəsait teleserialların keyfiyyətinə kifayət edir. Amma telekanalların tərkibində fəaliyyət göstərən kino-studiyalar nədənsə, bu serialların keyfiyyətini qaldırmaq barədə fikirləşmirlər. Təbii ki, yaxşı seriallar çəkilir və maraqla izlənilir. Amma elə serillar da var ki, adam baxmaq istəmir. Məsələn, "Space"də yayımlanan "Üç bacı" serialı və ya "ATV"də yayımlanan "Bozbaş Pikçers" studiyasının çəkdiyi əndrabadi süjetlər". Onun fikrincə, bunlara baxanda adam istəyir ki, televizoru birdəfəlik söndürəsən: "Çox əcaib flimlərdir və nədən bəhs etdikləri də bəlli deyil. Mənə elə gəlir ki, Milli Teleradio Şurası bu məsələ ilə bağlı xüsusi tədbirlər görməlidir. İntellektsiz və aqressiv aparıcıların efirlərdə "meydan sulaması"nın isə bir səbəbi var: Reklam və reytnq. Bilirik ki, bu gün reklam şirkətləri ancaq reytinqi güclü olan verilişlərə üstünlük verirlər. Bu gün də bu cür verilişlər evlərimizi zəbt etdiyi və millətin tən yarısının mənəviyyatını dəyişdiyi üçün reklam şirkətləri bu cür verilişlərələ işləməyə üstünlük verirlər. İntellektsiz və aqressiv aparıcılara gəlincə, bu sahədə də MTRŞ telekanallar qarşısında sərt tələblər irəli sürməli və onların kameralar qarşısında uzaqlaşdırılmasını tələb etməlidir. Onların yerinə isə savadlı və intellektual səviyyələri yüksək olan gənclər gətirilməli, cəmiyyətə yüksək səviyyəli verilişlər və proqramlar təqdim olunmalıdır".

Əli