Qələbədən sonrakı dönəm: informasiya savaşı Layihə

Qələbədən sonrakı dönəm: informasiya savaşı

Nəyi necə etməliyik?

30 ilə yaxın bir müddətdə davam edən Qarabağ problemi nəhayət, öz həllini tapdı. 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın zəfəri ilə başa çatdı. Azərbaycan ordusunun cəbhədə endirdiyi sarsıdıcı zərbələrə davam gətirə bilməyən işğalçı Ermənistan birgə bəyanata imza atmağa məcbur oldu. Meydanda hərbi üstünlüyümüz bizi diplomatik masada da diktə edən tərəfə çevirdi. Təbii ki, qələbənin həm də diplomatik tərəfi var. Uzun illər bütün təzyiqlərə, təxribatlara rəğmən Prezident İlham Əliyevin qətiyyəti və uğurlu siyasi gedişləri həm geopolitik şərtləri lehimizə çevirdi, həm də bölgədə mühüm oyunçuya çevrildik. Bununla Ermənistana verilən dəstəyi neytrallaşdırmaq mümkün oldu.
Amma qələbə qazanmağımız bizim arxayınlaşmağımız anlamına gəlməməlidir. Bizi qarşıda daha bir cəbhədə savaş gözləyir.
Müharibənin ilk günlərində Ermənistanı əzdiyimizi görən Fransanın həmsədrlik səlahiyyətindən sui-istifadə edərək Minsk Qrupunun təcili toplantısını çağırması və digər həmsədrlərin də dəstəyini qazanaraq Azərbaycanı əngəlləməyə çalışması gerçəkləri ortaya qoyur.
Diaspor üzrə tədqiqatçı ekspert Elnur Eltürk hesab edir ki, Fransa bu addımı təkcə geosiyasi maraqlarına görə deyil, eyni zamanda, bu ölkədə güclü olan erməni lobbisinin basqısı nəticəsində də atırdı: “Fransa senatının qəbul etdiyi məlum qətnamə də bu qəbildən idi. Bundan başqa, prezident Makron “sarı jiletlilər” aksiyasından sonra zədələnən imicini, eyni zamanda, az qala sıfıra enən reytinqinin bərpasını da düşünür və yaxınlaşan seçkidə ermənilərin səsini itirmək istəmirdi. Buna görə də xaricdə çox güclənməli və xüsusilə xarici media ilə çox ciddi işləməliyik”.
Qeyd edək ki, yeni dünya düzənində Türkiyənin güclü mövqelərə sahib olması, Yaxın Şərqdə, Liviyada və Afrikanın digər bölgələrində güclənməsi geosiyasi maraqların toqquşmasına gətirib çıxardı. Təbii resurslar baxımından Afrikanın önəminin artması, yeni iqtisadi perspektivlərin meydana gəlməsi geosiyasi qarşıdurmaları da pik həddə çatdırdı. Bu vəziyyət isə beynəlxalq hüququn daha çox tapdanmasına səbəb olurdu ki, Minsk Qrupunun həmsədrlərindən və BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri olan Fransanın timsalında biz bunu gördük.
Bütün bu qarşıdurmalardan maksimum yararlanmağa çalışan erməni lobbisi qarşıdakı seçki kartından da yararlanaraq, rəsmi Parisə təzyiqlər etməklə həmsədrlik institutunun Azərbaycanı əngəlləməsinə çalışırdı. Bununla yanaşı, erməni lobbisi bütün gücü ilə xarici media ilə işləyir və dünya ictimaiyyətinə yalan məlumatlar ötürüməklə həm də ictimai dəstək qazanmaq istəyirdi.
Azərbaycan müharibə dönəmində informasiya savaşında da ciddi və effektiv addımlar atdı. Bunun bizə örnəyini Prezident İlham Əliyev göstərdi. Dövlət başçısı gərgin iş rejiminə baxmayaraq transmilli televiziyalar daxil olmaqla xarici mediadan mükəmməl şəkildə yararlandı. Bununla da uzun illər xarici media vasitəsilə dezinformasiya yayan erməni lobbisinin də strategiyasına ciddi zərbələr endirildi. Prezidentin köməkçisi Hikmət Hacıyevin də bu imkandan maksimum yararlanması effektiv nəticəyə səbəb oldu. Bu strateji əhəmiyyət daşıyan taktiki gedişlər nəticəsində Ermənistan həm dövlət olaraq meydanda, həm də lobbi olaraq informasiya savaşında məğlub oldu.
Amma mübarizə hələ bitməyib. İnformasiya savaşını təkcə dövlətin və ya dövlət başçısının üzərinə yıxmaq olmaz. Ermənistanda bu işlə erməni lobisi məşğul olur. Azərbaycanda isə dövlətlə yanaşı, həm diaspor təşkilatları, həm də media mənsubları olaraq biz bu savaşda öndə olmalyıq.
Zəfər paradında Azərbaycan Prezidenti İlham Əliyevin, eyni zamanda, qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın səsləndirdiyi fikirlər bizim üçün yol xəritəsidir.
Prezident İlham Əliyev: “Bizim məqsədyönlü səylərimiz nəticəsində münaqişə ilə bağlı, Qarabağın tarixi ilə bağlı dünya ictimaiyyətinə dolğun məlumat çatdırıldı. Ermənistanın yalançı təbliğatına son qoyuldu və bütün dünya gördü ki, Qarabağ bizim əzəli tarixi torpağımızdır...”.
Rəcəb Tayyib Ərdoğan: “Azərbaycanın torpaqlarını işğaldan azad etməsi heç də mübarizənin başa çatması demək deyildir. Bu günə qədər siyasi və hərbi sahələrdə davam etdirilən mübarizə bundan sonra çox fərqli cəbhələrdə davam edəcəkdir...”.
Göründüyü kimi, bizi qarşıdan böyük quruculuq işləri ilə yanaşı informasiya cəbhəsində ciddi savaş gözləyir. Təbii ki, Azərbaycanda az sayda olsa da, xarici media ilə işləyən jurnalistlərimiz və diaspor təmsilçilərimiz var. Bu işin əhəmiyyətini nəzərə alaraq müharibə davam edən dövr və müharibə bitdikdən sonra Ermənistanın işğalçı siyasəti ilə yanaşı, Gəncə, Bərdə və digər şəhərlərimizdə törətdiyi terror aktları, eyni zamanda, işğal müddətində Azərbaycana vurduğu maddi və mənəvi zərər, həmçinin digər vandalizm aktları ilə yanaşı dünyanın müxtəlif ölkələrinin mətbuat orqanlarında yazılarla çıxış etdik və bəzi xarici media qurumlarına açıqlamalar verdik. Bu ölkələrə Belçika, İspaniya, İngiltərə, Əlcəzair, Misir, Səudiyyə Ərəbistanı, Moldova, Ukrayna və digər dövlətlərin media orqanları aiddir. Bu proses dönəmində maraqlı bir hadisəni bölüşmək fikrimizin nə qədər əsaslı olduğunu sübut edir.
Misirin tanınmış “Nile1.com” informasiya agentliyinə Ermənistanın Gəncədə törətdiyi terrorla bağlı açıqlama verdik. Bizimlə söhbət edən misirli jurnalist Mahmud Diab məlumat verdi ki, Gəncə terroru barədə məqalə dərc edildikdən sonra ermənilər kütləvi şəkildə saytı şikayət ediblər. Onun sözlərinə görə, sayt Ermənistan və Yaponiyadan haker hücumuna məruz qalıb: “Bizə yazı ilə bağlı məlumatlar və şəkil göndərmişdilər ki, yazını saytdan silək. Hətta dəfələrlə haker hücumu təşkil edildi. İT mütəxəssislərimizlə birlikdə çətinliklə də olsa, saytı qoruyub saxlaya bildik”.
Bundan başqa, İtaliya-Azərbaycan Dostluq Dərnəyinin sədri, TRT-nin İtaliya müxbiri Dündar Keşaplının bizə bildirdiyinə görə, savaş dönəmində erməni lobbisi İtaliya mediası ilə ciddi iş aparıb: “Əvvəllər bizim Azərbaycanla bağlı İtaliyada yazılar çap etdirməyimiz indiki qədər çətin olmayıb. Erməni lobbisi demək olar ki, nüfuzundan asılı olmayaraq bütün media qurumları ilə işləyir. Əksər media qurumları ilə müqavilə bağlayaraq yalan məlumatlar yayırlar”.
Bütün bunlardan o nəticə çıxır ki, Ermənistan cəbhədə uduzsa belə, erməni lobbisi informasiya cəbhəsində yalanlarına davam edəcək.
Onu da xatırladaq ki, əvvəlki dönəmlərlə müqayisədə Azərbaycan diaspor təmsilçilərinin xarici media ilə iş prinsipində müsbət meyillər var. Buna misal olaraq İspaniya, Niderland, İngiltərə, Misir, müxtəlif Orta Asiya respublikaları və digər ölkələrdə Azərbaycan diasporunun xarici mediada dərc etdiyi yazıları göstərmək olar.
İspaniya Azərbaycanlıları Birliyinin sədri Vahid İmanovun sözlərinə görə, yaşadıqları ölkənin bir sıra media qurumları ilə əlaqələrə malikdirlər: “İspaniya Azərbaycanlıları Birliyi olaraq bir çox media qurumları ilə əlqələrimiz var, onlardan bəziləri ilə isə daha sıx münasibətlərimiz mövcuddur. Buna görə də istədiyimiz zaman və istənilən mövzuda onlarla əməkdaşlıq edə, Azərbaycan həqiqətləri ilə bağlı yazılarımızı dərc etdirə bilirik...”.
Bütün bu faktlara rəğmən biz qalib və haqlı dövlət olaraq informasiya savaşında da hücum mövqeyi sərgiləməyə davam etməliyik. Biz bu mövzuda maksimalist düşüncədən uzaq olmalıyıq. Əgər maksimalist düşünər və yalnız ən nüfuzlu media orqanları ilə çalışmağı prioritet olaraq seçəriksə, o zaman minimum nəticəyə də nail ola bilmərik. Ona görə də əlimiz çatan istənilən xarici media qurumları ilə əlaqə yaratmalı və var gücümüzlə çalışmalıyıq...

Əli Zülfüqaroğlu