Mətbuat azadlığı şəraitində şər və böhtan problemi Layihə

Mətbuat azadlığı şəraitində şər və böhtan problemi

Elçin Bayramlı: "Media ictimai rəyi formalaşdıran, cəmiyyəti informasiya ilə təmin edən bir institutdur"

Müasir dövrdə mətbuat və söz azadlığı cəmiyyətin və dövlətin demokratik inkişaf göstəricisi kimi qəbul olunur. Kütləvi informasiya vasitələri - qəzetlər, jurnallar, teleradiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir. Kütləvi informasiya vasitələri cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir. Bu mənada dördüncü hakimiyyət hesab olunan kütləvi informasiya vasitələri dünyada demokratiya və informasiya azadlığının mühüm vasitəsi hesab edilir.
Bu gün ölkəmizdə kütləvi informasiya vasitələrinin azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görülür. Ümumbəşəri dəyərləri, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikası insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı mövcud olan əksər beynəlxalq konvensiya və sazişlərə qoşulub. Azərbaycan Respublikasının Konstitusiyasında informasiya azadlığı və onun təmin olunması dövlətimizin ali məqsədlərindən biri kimi təsbit edilib.
Bu gün Azərbaycan dünyada demokratik və müstəqil mətbuata sahib ölkə kimi tanınır. Mətbuatın bütövlükdə dövlət qayğısı ilə əhatələnməsi sahəsində ortaya qoyduğu nümunə isə bütün dünya ölkələri üçün müsbət təcrübə sayılır. Media orqanlarına mütəmadi maddi yardımların edilməsi, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün müəyyən addımların atılması, hətta, qələm sahiblərinə dövlət tərəfindən mənzillərin verilməsi bir daha Azərbaycanın söz və mətbuat azadlığının qorunması sferasındakı dövlət iradəsini nümayiş etdirir.
Lakin çox təəssüflər olsun ki, bu gün Azərbaycanda bəzi mətbuat orqanları tərəfindən formalaşmış söz azadlığı və demokratik mühitdən sui-istifadə hallarına rast gəlinir. Onlar, xüsusilə də radikal müxalifətin nəzarətində olan qəzetlər və elektron resurslar Konstitusiya səviyyəsində müəyyənləşdirilmiş azadlıqları istismar edərək, insanları təhqir edir, şərəf və ləyaqətini alçaldır, eyni zamanda, şantaj edir. Əslində, demokratiya, mətbuat azadlığı təhqir və ya şantaj demək deyil. Söz azadlığı vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi və milli problemlərin aradan qaldırılmasına köməklik etməkdir.
Ekspert Elçin Bayramlının fikrincə, media ictimai rəyə ciddi təsir edən, dövlət siyasətini ictimai müzakirəyə çıxaran, cəmiyyəti informasiya ilə təmin edən, maariflənməyə xidmət edən, insanların mədəni istirahətini təmin edən bir ictimai institutdur. Bu funksiyalarını yerinə yetirməsi üçün mediaya, jurnalistlərə azadlıq verilməlidir. Lakin bu azadlığın hansısa çərçivələr daxilində olub-olmaması daim müzakirə obyektidir: "Qeyd etmək lazımdır ki, söz və mətbaut azadlığının qırmızı cizgisini, təhqirlə tənqidin sərhədlərini dəqiq ayırd edə biləcək mexanizm yoxdur. Qanunvericilikdə də bir sıra ümumiləşdirmələr və qeyri-dəqiq ifadələrin yer alması problemi qəlizləşdirir. Bu durumda "media azadlığı necə tənzimlənməlidir", ya da "söz azadlığına hansısa çərçivələr qoyulmalıdırmı?" sualları ortaya çıxır.
Bu məsələnin həll olunması üçün ideal olmasa da, sınaqdan çıxmış praktikalar yox deyil. Lakin nümunə göstərilən ölkələrin hamısında media qanunvericiliyi, jurnalistika ənənələri, ictimai münasibətlər sistemi eyni deyil. Eyni olan etik kodekslərdir ki, bu da məcburi xarakter və hüquqi status daşımır. Bundan başqa, hər cəmiyyətin öz realıqları, mənəvi-psixoloji mühiti, ictimai qınağın səviyyəsi burada əsas yer tutur. Azərbaycan kimi ölkədə medianın spesifik xüsusiyyətləri, tarixi ənənələri var. Milli mediamız fərqli ictimai-siyasi formasiyalarda inkişaf edib".
E.Bayramlı onu da qeyd edib ki, bu gün örnək göstərilən ölkələrdə də media tam azad deyil. Qərb mediası bütün dünyaya obyektivlik dərsi keçsə də, özləri öz dövlətlərinin və nəhəng transmilli şirkətlərinin maraqları naminə çox hallarda qeyri-obyektiv olmağı da bacarırlar: "Bu gün mediamızın inkişafına bəzi faktorlar maneə törədir. Burada jurnalistikanın maddi təminat və ictimai karyera baxımından perspektivli olmaması, peşəkar jurnalist çatışmazlığı, maliyyə müstəqilliyinin olmaması, reklam bazarının zəifliyi, ictimai qınaq təcrübəsinin, obyektiv reytinq mərkəzlərinin yoxluğu kimi faktorlar önəmli rolu oynayır. Azərbaycanda mətbu orqan təsis etməkdə məhdudiyyətlərin götürülməsi, internet medianın sürətli inkişafı müsbət tendensiyalardandır. Lakin bu prosesin mənfi tərəflərini də qeyd etmək lazımdır. Azərbaycanda mətbuat azadlığından sui-istifadə halları son vaxtlar getdikcə artır. Faktiki olaraq, elektron və print mediada tərəfsizlik, peşəkarlıq, obyektivlik kimi prinsiplərin arxa plana keçirildiyi müşahidə olunur. Əvəzində sifarişli, qərəzli, cəmiyyətin tələbatını ödəməyən materiallar çoxluq təşkil edir.
Bu faktlar media qanunvericiliyi və ictimai qınaq kontekstindən nəzərdən keçirildikdə belə bir sual çıxır: ifrat mətbuat azadlığı anarxiyaya və özbaşınalığa, insan hüquqlarının və qanunların pozulmasına, milli və dövlət maraqlarının zərbə altına qoyulmasına gətirib çıxara bilərmi? Bu suala cavab vermək üçün durumu nəzərdən keçirməyə ehtiyac var.
Mətbuatın tam nəzarətsiz, cəzasızlıq şəraitində fəaliyyət göstərməsi kimi ultra-azadlıq mühitində hər hansı bir cəmiyyətdə və ölkədə aşağıdakılar baş verir:
1.Mətbuat vasitələrinin sayı ifrat dərəcədə artır, oxucu auditoriyasının parçalanması nəticəsində tirajlar aşağı düşür, gəlirlər azalır, peşəkar jurnalistlər bu sahədən uzaqlaşmağa və onların yerini diletantlar tutmağa başlayır.
2.Cəzasızlıq sindromu böhtan, təhqir, şantaj kimi halların çoxalmasına gətirib çıxarır ki, bu da cəmiyyətdə narazılıq yaradır, insan hüquqlarının pozulmasına səbəb olur.
3. Hətta təhlükəli siyasi, dini və digər təşkilatlar belə mətbu orqanlar təsis etməklə cəmiyyətdə zərərli ideyaları təbliğ edir, anti-milli, anti-dövlət təbliğatı aparırlar.
Media azadlığının tam boğulması zamanı isə fərqli problemlər meydana çıxır. Vətəndaşlar dövlətin işlərindən və ölkədə baş verənlərdən xəbər tuta bilmir. Bu zaman informasiyalar "simsiz teleqrafla" xalq arasında dolaşır, şayiələr baş alıb gedir, dövlətə inam azalır.
Beləliklə, ultra azadlığın və senzuranın olması şəraitində problemlərin yarandığı aydın olur. Lakin hər məsələdə "qızıl orta" deyilən bir praktika da var ki, əksər hallarda o, öz müsbət təsirini göstərir".
Onun fikrincə, Azərbaycanda bu 3-cü yolun seçildiyi aydın görünür. Dünya təcrübəsi ilə milli ənənələrin müsbət cəhətləri sintez edilərək hər 3 tərəfi (cəmiyyət, dövlət və media) qane edəcək optimal tənzimlənmə mexanizminin yaradılmasına çalışılır: "Bir çox ölkələrdən fərqli olaraq Azərbaycanda mətbuat azadlığını bəziləri özbaşınalıq, şantaj, hədə-qorxu və böhtan üsullarından istifadə edib rüşvət almaq, xoşu gəlmədiyi şəxsin şərəf-ləyaqətini tapdalamaq və ya insanları təhqir etmək azadlığı kimi qavrayırlar. Bəzən deyirlər ki, ölkədə mətbuat azadlığı yoxdur. Necə yəni yoxdur? Kim istəsə icazəsiz qəzet-jurnal, portal açır, istədiyini orda yazır və sosial şəbəkələr vasitəsilə böyük oxucu kütləsinə çatdıra bilir.
Azad söz və mətbuat azadlığı ölkəmizdə olmasaydı, məsələn, dövlət məmurlarını tənqid etmək mümkün olmazdı, 5 min KİV, on minlərlə internet resursu yarana bilməzdi.
Əslində, ictimai fiqurlara və ya yüksək rütbəli hökumət məmurlarına qarşı tənqidin hədləri demokratik jurnalistika kriteriyalarına görə o qədər genişdir ki, bəzi hallarda təhqirlər və ya özəl yaşama müdaxilə belə əsaslandırıla bilər. Avropa məhkəməsinin presedentləri bunu göstərir. Lakin bu demək deyil ki, media mənsubları bundan sui-istifadə etməlidirlər. Ən azı peşə etikası və cəmiyyətdə buna qarşı yarana biləcək mənfi rəy göz önünə alınmalıdır.
Jurnalist vəsiqəsi bəzi hallarda qoruyucu sipər kimi cibdə daşınır. Bəziləri hansısa cinayət əməllərinə görə ifşa edilərək həbs ediləndə bütün dünyaya həşir çəkirlər ki, "məni jurnalist olduğuma görə həbs ediblər".
Hətta, iri məbləğdə rüşvət aldığı yerdə yaxalanan "jurnalist"lərin həmkarları tərəfindən müdafiəsi halları da var. Bu, cəmiyyət üçün çox mənfi bir nümunədir. Əslində, belə "jurnalist"lərə qarşı mübarizəni ilk növbədə elə həmkarları - biz özümüz aparmalıyıq. Bəs vətəndaş və ya məmur? Onlar niyə belə quldur "jurnalist"ə rüşvət verməyə məcbur olmalıdır?
Təbii ki, qərəz, böhtanla yanaşı, bəzi məmurların cinayət və qanunpozma halları da olmamış deyil. Belə hallar haqda fakt əldə edən "jurnalist"lərə (bəzi hallarda qəzetlər) müəyyən məbləğ müqabilində susmağı təklif edirlər. Bu faktların ictimailəşməməsi naminə tərəflər arasında bazarlıq baş tutur. Vətəndaşlar isə, bəzən öz problemlərini həll etdirmək üçün bəzi "jurnalist"lərə rüşvət verir və problemi ictimailəşdirirlər. Bu kimi hallar bəzi sahələrdə məmur-vətəndaş münasibətlərinin arzuolunan səviyyədə olmaması, dövlətin bəzi icra strukturlarında şəffaflıqla bağlı şübhələrin varlığı üzündən yaşanır".
E.Bayramlı onu da qeyd edib ki, ölkədə müxtəlif sahələrdə böyük inkişaf tendensiyası ilə yanaşı, problemlərin də varlığı heç kimə sirr deyil. Bu problemlər ən ali dövlət kürsülərindən belə etiraf olunur. Lakin dövlət və iqtidaryönlü qəzetlərə baxdıqda hansısa problemin, nöqsanın ortaya qoyulduğunu nadir hallarda görmək olur. İndi minlərlə azad media vasitəsi, nəzarət olunması mümkün olmayan internet resursları, sosial şəbəkələr var, insanlar onsuz da baş verənlərdən xəbər tutur. Dövlət və iqtidaryönlü mətbuat problemləri göstərməyəndə sadəcə onlara inam azalır. Ölkədə nöqsanlara və qanun pozuntularına qarşı güclü mübarizənin aparılması mətbuatın "4-cü hakimiyyət" srutusunu təsdiq etmək üçün ideal imkandır, çünki medianın yardımı olmadan bu proses öz hədəflərinə çata bilməz.

Cavid