

Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Ermənistanın mina terroru xarici mediada" adlı layihəsinin icrasına başlayıb.
Layihənin rəhbəri Fuad Əliyev bildirib ki, Cənubi Qafqaz regionunun əsas gündəmi Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalaması ilə bağlıdır. İkinci Qarabağ müharibəsi və 2023-cü il sentyabrın 19-20-də antiterror tədbirlərindən sonra sülh sazişi ilə bağlı yeni imkanlar yaranıb. Amma hələ də sülh gündəminə mane olan məqamlar var. Bunlardan başlıcası da minalı ərazilərin xəritəsi ilə bağlıdır. Mina terroru - ümumilikdə erməni terrorunun əsas göstəricilərindən biridir:
"Ermənistanın mina terroru 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə daha açıq və aydın formada özünü göstərir. Əslində 2020-ci ildən bu yana yüzlərlə Azərbaycan vətəndaşı mina terrorunun birbaşa və yaxud dolayı yolla qurbanına çevrilib və belə olan təqdirdə bu, bir daha onu göstərir ki, Ermənistan qisasçılıq mövqeyindən əl çəkmir. Çünki onların uzun illər əraziləri minalaması nəticəsində bu proses davam edir.
Ermənistanın davam edən mina terroru nəticəsində günahsız insanlar həyat və sağlamlıqlarını itirməkdədir. 2020-ci ildən etibarən Ermənistan tərəfdən basdırılan minalar, həmçinin partlamamış hərbi sursatların partlaması nəticəsidə 392 nəfər həlak olub və ya yaralanıb. Bu, yalnız fiziki deyil, həm də insanların psixoloji və sosial baxımdan dərindən təsirləndiyi ciddi bir problemdir".
O, qeyd edib ki, İşğal dövründə ərazilərimizə basdırılan minalar regionda qalıcı sülhün bərqərar olmasına ciddi təhdid yaradır. Bu təhlükənin qarşısının alınması üçün beynəlxalq əməkdaşlıq və yardımlar olduqca vacibdir:
"Eyni zamanda, Ermənistanın minalarla çirkləndirdiyi ərazilərdəki humanitar vəziyyətin ciddi şəkildə nəzərə alınması və Ermənistanın beynəlxalq hüquq çərçivəsində məsuliyyətə cəlb edilməsi aidiyyəti beynəlxalq qurumlar qarşısında mühüm bir öhdəlik olaraq qalmaqdadır. Minaların məqsədli şəkildə basdırılması insan hüquqlarının ciddi şəkildə pozulmasına, regionda sülhün və təhlükəsizliyin bərpa olunmasını çətinləşdirməyə səbəb olur".
F.Əliyev qeyd edib ki, minalar istehsal edən, onu qanunsuz şəkildə ərazilərimizə yerləşdirən Ermənistan hələ də qınanılmayıb. Rəsmi Bakı dəfələrlə Ermənistana düzgün xəritələrin verilməsi ilə bağlı çağırış edib. Nəzərə almaq lazımdır ki, mülki təyinatlı ərazilərin kütləvi şəkildə minalanması beynəlxalq hüquq normalarının ciddi şəkildə pozulması ilə yanaşı, insanlıq əleyhinə törədilən cinayətdir: "Ermənistanın Azərbaycana minalanmış sahələrin doğru xəritələrini verməməsi bir daha onu göstərir ki, işğalçı ölkə hələ də düşmənçilik niyyətindən əl çəkməyib və onun xəritələri verməməkdə əsas məqsədi daha çox mülki vətəndaşın ölümünə səbəb olmaq, işğaldan azad etdiyimiz ərazilərdə dinc həyatın bərpasına və vətəndaşlarımızın doğma yurd-yuvasına qayıtmasına maneə törətmək, başqa sözlə desək, bölgədə daim hərbi gərginliyi qoruyub saxlamaqdan ibarətdir".
F.Əliyev sonda vurğulayıb ki, layihənin həyata keçirməkdə əsas məqsəd Ermənistanın mina terrorunu internet üzərindən dünya ictimaiyyətinə çatdırmaqdır: "Bununla bağlı Rusiya, Pakistan, Türkiyə, Ukrayna, Gürcüstan və Qırğızıstan mediasında rus, türk, ingilis, Ukrayna, gürcü dillərində yazılar ictimailəşdiriləcək. Təbliğatın daha geniş auditoriyanı əhatə etməsi üçün yazılar müxtəlif sosial şəbəkələr vasitəsilə də paylaşılacaq, layihənin sonunda yekun tədbir keçiriləcək. Fürsətdən istifadə edib, QHT-lərin fəaliyyətinə dəstək verən dövlətimizə və donor təşkilata təşəkkürümü bildirirəm".
Cavid