“Bir əvvəl var, bir axır var deyirlər...” Cəmiyyət

“Bir əvvəl var, bir axır var deyirlər...”

Əsəd Cahangirin 59 yaşına...

Dərin dərrakə, çevik düşüncə, iti zəka, güclü zehin, korşalmayan idrak, analitik təfəkkür, yüksək intellekt ona məxsus olan xüsusiyyətlərdəndir. Allah ona o qədər xoşagələn göstəricilər verib ki, adam həsəd aparır. Mən onu Yaradanın möcüzələrindən biri hesab edirəm. Maşaallah!..
Odlu at ilində dünyaya gəlib. Olduqca emosional, hislərinə güvənən adamdır. Mülayim təbiəti var. Qayğıkeş, anlayışlı və uzaqgörəndir. Təkcə özünü düşünmür, ətrafdakı insanlara qarşı da çox diqqətlidir. Romantik, yardımsevər və səbirli olması ilə fərqlənir...
Deyir ki:- “Bu gün qəribə bir vəziyyət yaranıb. Kimisi özünü zorla şair, kimisi nasir, kimisi də tənqidçi kimi təqdim etmək istəyir. Amerikan rəssamı Uorxol deyirdi ki, heç kəs başqasından üstün deyil, yəni istedad yoxdur və hamı yaradıcılıqla məşğul ola bilər. Yeni Cokonda yaratmaq lazım deyil, sadəcə Cokondanın fotokopiyalarını tirajlamaq lazımdır. Biz tirajlanmış yazarlar erasına daxil olmuşuq. Kəmiyyət keyfiyyət üzərində tam hökmranlıq edir. Baxın, marketlərdə min bir çeşiddə mallar satılır, amma birinin də keyfiyyəti yoxdur. Hər hansı mal çıxmamış onun “kitayski” variantı peyda olur. Bu gün Azərbaycan ədəbiyyatı daha çox “kitayski” ədəbiyyata bənzəyir...”
Azərbaycan ədəbiyyatının inkişafında və təbliğində böyük xidmətləri var. Uzun müddət "Azərbaycan " jurnalının redaktor müavini vəzifəsində çalışıb. Hal- hazırda AYB - də Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri vəzifəsində işləyir. Bəli, söhbət Əsəd Cahangirdən gedir...
“Mənim üçün ədəbiyyatın o tərəf, bu tərəfi yoxdur, bütün qruplaşmaların əleyhinəyəm. Düz 20 il məni zorla ya o, ya da bu tərəfə çəkmək istəyiblər. Enerjimin önəmli bir qismi bu ikitərəfli mənəvi zorakılığa qarşı dirənişə sərf olunub, məni öz mirzələrinə çevirmək istəyiblər. Amma arzuları içlərində qalıb.”- söyləyir.
Açıqsözlü, sağlam rəqabəti sevən insandır. Hərdən hislərinə çox qapılır, bu da onu bəzən dostlarından küsdürür. Amma ürəyi çox yumşaqdır, bağışlamağı bacarır. Ümumiyyətlə, onun sevgisini qazanmaq heç də asan deyil. O qədər xoşagəlməz hallarla üzləşib ki, hətta ən yaxın dostlarına belə güvənmir. İdealist, sentimental və xəyalpərəstdir. Əhval-ruhiyyəsi kəskin şəkildə tez-tez dəyişir. Buna baxmayaraq münasibətlərdə hər xırda detala fikir verib münaqişə yaratmır...
Deyir ki:- “İfrata varanda hər şey ziyanlı olur, hətta su da. Bizə novruzəlilər yox, sıldırım qayaları gecəylə aşıb Şuşanı alan, mümkünsüzü mümkün edən qəhrəmanlar lazımdır. Bu dövrün gəncliyini ədəbiyyata gətirməyi bacarmalıyıq. Onlar buna layiqdir. İndi superqəhrəmanlar erasıdır. Amerika özünün hörümçəyindən də qəhrəman düzəldir. Ən mağmın adamda da fövqəlinsan potensialı var- məşhur Hollivud filmi bizə bunu deyir. “Azərbaycan xalqında mənəvi oyanış gedir” deyən Maksim Şevçenko ruhumuzda gedən təbəddülatı duyur, amma öz yazıçılarımız bunu görmək istəmir. Ədəbiyyat hələ də 90-cı illərin qaramatında qalıb. Ədəbiyyatın on doqquzuncu əsrdə gül-bülbül rəmzlərində qalması nə demək idisə, bu gün Novruzəliyə ardıcıl müraciətlər də odur...”
Bütün bunlarla yanaşı o, keçmişə çox bağlıdır. Milli adət-ənənəyə, qayda-qanuna əməl etməyi xoşlayır. Çox istedadlı qələm sahibidir. Hansı mövzuda yazır yazsın, istedadı özünü göstərir, peşəkarlığı aydın görünür. Kiminsə yaradıçılığı haqqında istər tərif, istərsə də tənqidi fikirlərini qələmə alsın ürək qoyur, ürəklə yazır. Bu yazılar öz orjinallığı və obyektivliyi ilə seçilir...
“Bu o demək deyil ki, o biri tənqidçilərdən üstünəm. Mən sadəcə daha anlaşıqlı dildə yazıram. Tənqidçilərimiz bəzən elə qəliz yazır ki, nə yazdıqlarını başa düşə bilmirsən. Buna müşdəbehlik deyirlər. Meletinski “Mifin poetikası” kitabında bu üslubuna görə Freydenberqə “çətin oxunan alim” deyə ironiya edirdi.”- söyləyir.
Bacarıqlı birisidir. Bunun da səbəbi olduqca çalışqan olmasındadır. Gördüyü işlərinə çox əmək sərf edir. Kəskin analitik ağlı ilə ən dolaşıq problemləri də həll edə bilir. Risk etməyi xoşlamır...
Nə isə, düşünürəm ki, Ədəbi-tənqidçi, esseist, şair Əsəd Cahangiri bir insan kimi necə tanıdımsa olduğu kimi də sizə təqdim edə bildim. Az qala unutmuşdum. Əsəd bəy, 25 iyun 1966-cı ildə Beyləqan rayonunun Yuxarı Aran kəndində dünyaya gəlib. 1983-cü ildə həmin kənddə orta məktəbi bitirib. Sonra iki il Polşada əsgəri xidmətini keçib. 1987-1992-ci illərdə BDU-nun Filologiya fakültəsində “Nizami təqüdü” ilə ali təhsilə yiyələnib. Universiteti fərqlənmə diplomuyla bitirdikdən sonra, onu həmin təhsil ocağında saxlamaq istəyiblər, lakin o dövrün siyasi olayları, hakimiyyət dəyişikliyi ilə əlaqədar bu baş tutmayıb. Və mətbuata üz tutub, müxtəlif mətbu orqanlarında yüzlərlə ədəbiyyat və incəsənət haqqında yazılarla çıxış edib. 1998-ci ildə xalq yazıçısı Anarın təklifi ilə AYB-yə qəbul olunub. 1999-2024-cü illərdə AYB-nin Azərbaycan jurnalında çalışıb. Yuxarıda qeyd etdiyim kimi, hazırda AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbəridir. Beş orjinal, iki tərcümə kitabının müəllifidir. Sonda, Əsəd Cahangirin şeirlərindən birindəki iki misra ilə söhbətimə son qoyuram:
“Bir əvvəl var, bir axır var deyirlər,
Bu bir sözdür, nə əvvəl var, nə axır...”

Hörmətlə, Elman Eldaroğlu