Nazir: Tibb işçiləri ya 5 il ərzində 250 kredit toplaya, ya da dövri olaraq sertifikasiya imtahanında iştirak edə biləcəklər Cəmiyyət

Nazir: Tibb işçiləri ya 5 il ərzində 250 kredit toplaya, ya da dövri olaraq sertifikasiya imtahanında iştirak edə biləcəklər

Səhiyyə Nazirliyi tibb mütəxəssisləri üçün yeni qanunvericilik təşəbbüsü ilə çıxış edib.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlara təklif edilən dəyişikliklərin müzakirəsində Səhiyyə naziri Teymur Musayev deyib.

Nazir bildirib ki, yeni hazırlanan layihə ilə həkimlər və tibb işçiləri iki seçimdən birini edə biləcəklər: "Ya 5 il ərzində hər il 50 kredit olmaqla cəmi 250 kredit toplamaqla davamlı peşəkar inkişaf yolunu seçə, ya da dövri olaraq sertifikasiya imtahanında iştirak edə bilərlər. Bununla bağlı “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyası Qaydası”nda dəyişiklik layihəsi hazırlanıb. İmtahandan keçməyən tibb işçisi üçün 6 ay müddətinə əmək yeri və vəzifə maaşı saxlanılacaq. Bu müddətdə həmin şəxs diqqətini tam şəkildə təkrar hazırlığa yönəldə biləcək. Davamlı peşəkar inkişaf kreditləri tibb işçisinin elmi, tədris və ya praktiki fəaliyyəti ilə toplana biləcək. Həmçinin, iştirak ediləcək tədbirlər və akkreditasiya olunmuş inkişaf proqramları Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən müəyyən ediləcək və nazirliyin rəsmi internet səhifəsində açıqlanacaq.

Hazırda bu istiqamətdə iki əsas normativ sənədin – “Davamlı peşəkar inkişaf tədbirlərinin akkreditasiyası Qaydası” və kredit ekvivalentləri ilə bağlı tələblərin layihələri üzərində işlər davam etdirilir”.