Dünya Bankı: Azərbaycan şirkətlərinin 16.5%-i vergi dərəcələrindən narazıdır İqtisadiyyat

Dünya Bankı: Azərbaycan şirkətlərinin 16.5%-i vergi dərəcələrindən narazıdır

"Azərbaycan şirkətlərinin 16.5%-i vergi dərəcələrindən narazıdır".

“APA-Economics” xəbər verir ki, Dünya Bankının 2024-cü il üzrə Biznes Mühiti Sorğusu (WBES) Azərbaycanda fəaliyyət göstərən 368 rəsmi şirkətin vergi sistemi ilə bağlı baxışlarını təhlil edib. Nəticələrə əsasən, sorğu iştirakçılarının 16.5%-i vergi dərəcələrini öz fəaliyyətləri üçün ən böyük maneə kimi qeyd edib. Bu göstərici, şirkətlərin qarşılaşdığı bütün problemlər arasında ən yüksək göstəricidir və ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması üçün əsas istiqamətlərdən birini müəyyən edir.

Şirkətlər hesab edir ki, real biznes dövriyyəsi ilə müqayisədə vergi öhdəlikləri nisbətən ağırdır. Xüsusilə kiçik və orta biznes sektoru üçün bu yük daha da hiss olunur.

Bir çox sahibkarlar vergi hesabatlarının hazırlanması və təqdimatı prosesinin çətin və vaxtaparan olduğunu bildirir. Bəzi hallarda qeyri-müəyyən vergi təfsilatları və tez-tez dəyişən qaydalar şirkətlərin planlamasını çətinləşdirir.

Bundan əlavə, elektron sistemə uyğunlaşmada çətinliklər var: “Vergilərin elektron şəkildə təqdimatı artıq geniş tətbiq edilsə də, bəzi bölgələrdə texniki və savad problemi bu prosesdə maneələr yaradır”.

Həmçinin qeyd olunub ki, vergi ödəyən rəsmi şirkətlər qanunsuz fəaliyyət göstərən şirkətlərin vergi öhdəliklərindən yayınmasından narazıdır. Bu isə ədalətsiz rəqabət mühiti yaradır və rəsmi şirkətlərin mövqeyini zəiflədir.

Ümumilikdə, Dünya Bankının sorğusuna əsasən, vergi yükü məsələsi Azərbaycanda biznes mühitinin gücləndirilməsi üçün prioritet sahədir: “Sahibkarlar üçün sabit, şəffaf və sadə vergi sistemi yalnız vergi daxilolmalarını artırmaqla kifayətlənməyəcək, həm də investisiya mühitini yaxşılaşdıracaq, kölgə iqtisadiyyatını azaldacaq və şəffaf rəqabəti təşviq edəcək”.