Almaniyanın daxili işlər naziri miqrasiya siyasətinin daha da sərtləşdiriləcəyini bildirib Dünya

Almaniyanın daxili işlər naziri miqrasiya siyasətinin daha da sərtləşdiriləcəyini bildirib

Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt miqrasiya siyasətinin daha da sərtləşdiriləcəyini qeyd edib.

AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, nazir sərhəd nəzarətlərinin və sığınacaq axtaran şəxslərin geri qaytarılmasının yalnız ilkin addım olduğunu vurğulayıb. O bildirib ki, Almaniyanın inteqrasiya imkanlarının hüdudu var. Şəhər, rayon və icmalar artıq imkanlarının son həddinə çatıb. Yeni tədbirlər çərçivəsində yalnız həssas qruplar istisna olmaqla, digər şəxslərin sərhəddən buraxılmaması planlaşdırılır.

A.Dobrindt, eyni zamanda, aidiyyəti dövlət və təhlükəsizlik orqanlarının səlahiyyətlərinin genişləndirilməsinin vacibliyini bəyan edib. Yeni hökumət miqrasiyanın məhdudlaşdırılmasını yenidən qanunvericilikdə əsas məqsəd kimi təsbit etmək, sürətli və kütləvi vətəndaşlaşdırma islahatını ləğv etmək, ailə birləşməsi və könüllü qəbul proqramlarını məhdudlaşdırmaq niyyətindədir. Bundan əlavə, təhlükəli şəxslər üçün daimi deportasiya həbsinin tətbiqi, Suriyaya və Əfqanıstana deportasiyaların bərpası da planlar arasındadır.

Nazir Almaniyanın Avropa İttifaqının yeni ortaq sığınacaq sisteminin tətbiqini dəstəkləyəcəyini və sığınacaq proseslərinin üçüncü ölkələrdə aparılmasına çalışacağını bildirib. Təhlükəsizlik sahəsində isə IP ünvanlarının saxlanılması və “mənbə telekommunikasiya nəzarəti”nin federal polisin səlahiyyətlərinə verilməsi planlaşdırılır. O, həmçinin polisin fəaliyyətinə dair nəzarət mexanizmlərinin ləğv olunacağını qeyd edib.