

Elə adamlar var ki, Allah onlara müdriklərə xas zehn verib. Ola bilsin ki, söylədiklərinin fərqinə o qədər də varmırlar, amma bu bir faktdır ki, özlərindən asılı olmayaraq dedikləri hər fikir aforizmə çevrilir. Bu dəfə sizə belə maraqlı adamlardan biri haqqında söhbət açmaq istəyirəm. Amma, gəlin əvvəlcə ona məxsus hikmətli sözlərdən başlayaq:
“Qadınla kişinin dostluğu tutar, ancaq yetmiş yaşdan sonra. Çünki bu yaş insanların müdriklik dövrüdür...”, “Elə xalqlar var qadınları ilə yadda qalırlar, gündəm olurlar, elə xalqlar da var ki, kişiləriylə...”, “Bütün həyatım üzr istəməklə keçdi...”, “Əsas olan insanların bir-birlərinə inamıdır, nəyə inanması yox…”, “Bütün sevgilərin sonu ayrılıqdırsa, dərindən sevmək gerçəkdən də axmaqlıqdır…” və s..
Deyir ki:- “İnsan bir ömür yaşayıb, yaşadığı həyatı dərindən dərk etmədən bu dünyadan köçür. Və hər kəs öz doğrularıyla yaşayır. Bir çoxları da hamı kimi düşünməyib, fərqli düşünən, fərqli yol tutub yaşayan insanların yanlış yolda olduğunu iddia edir. Bunu çox eşitmişik- dindarın ateistə, ateistin dindara cahil dediyini... İnsanın savadlı olması onun doğru düşunə bildiyinə dəlalət etmir. O qədər öz sahəsini yaxşı əzbərləyib, düşüncədən kəm olan insanlar var ki... Düşünmək, anlamaq zəka işidir. Zəka işıq deməkdir. Zəkalı insan bir çox qaranlıq məqamlara işıq saça bilir. Pisi yaxşıdan, xeyiri şərdən ayırmaq üçün çıraq rolunu oynayır. Başqasının görə bilmədiyini görə bilir. Bunun əksi olaraq, bir çox hallarda əksər insanların adi məsələlərdə nə qədər bəsit düşündüyünün şahihidi oluruq. Məncə, gətirəcəyim bu nümunəni hər birimiz müşahidə etmişik. Olur ki, yaşlı və ya orta nəslin nümayəndələri gənclərə öyüd-nəsihət verərək, öz həyatlarından nümunələr gətirib, "mən bu səhvi etmişəm, sən bu səhvi təkrarlama, mənim səhvlərimdən nəticə çıxart", deyirlər. Ancaq bir həqiqət var ki, səhv etmək hər bir insanın fitrətindədir. Odur ki, o “cığırdan” hər kəs keçməlidir. Gənc nəsil də bu səhvləri dadmalıdır. Səhv edərək doğrunun izinə düşmək yaradılışın qanunayğuluğudur. Səhv etməkdən qorxmaq insanı inkişafdan saxlayır. Əslində, səhv etmək- deyilən bir şey də yoxdur. Sadəcə, hadisələrə fərqli rakurslardan baxmaq var və kimin nə qədər halqı olduğunu zaman qiymətləndirir...”
O, 15 mart 1969-cu ildə Cəlilabad rayonunun Ağusəm kəndində anadan olub. İbtidai və orta təhsilini Cəlilabadda alıb. Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərdiyindən orta məktəb illərində gündəlik tutaraq, fikir və kiçik həcmli hekayələrini oraya yazıb. 2011-ci ildən “Facebook” sosial platformasında özünə səhfə yaradandan sonra yazılarını orada ictimailəşdirməyə başlayıb. Maraqlı fikirlər paylaşdığına görə, tezliklə insanların diqqətini özünə cəlb edib və minlərlə izləyici qazanıb. İcləyicilərinin arasında Təranə Musayeva adlı bir xanım bir az da irəli gedərək, onun necə deyərlər, “status”larını bir yerə toplayıb və “Sabirlə bacara bilsəm” adlı bir kitab tərtib edib. Kitab 2017-ci ildə işıq üzü görüb, etüd, aforizm və söz inciləri ilə zəngindir...
“Heç şübhəsiz ki, Allah insanları yaratmayıb, insanlar özləri üçün bir Allah adında Tanrı yaradıblar. Ancaq bu proses də səmavi kitablar kimi göydən yerə asanlıqla düşməyib. Bu fikirin formalaşması üçün tarix uzun bir zaman qət edib. Əvvəllər hər qəbilənin, hər tayfanın bir Tanrısı olub. Daha sonra ölkələr və çəmiyyətlər formalaşdıqca hər toplum özü üçün bir Tanrı fikirləşib və çoxallahlıq formalaşıb. Kimi Günəşə, kimi Oda, Ağaca, Daşa inanıb. Axı, insanlar tanrılarını gildən, daşdan, ağacdan yonub düzəldirdilər. Belə olan şəraitdə hökmdarlar Tanrını real yox, mücərrəd, ən yaxşı halda taxtadan, daşdan düzəldiyini görüb, özləri allahlıq iddiasına düşüblər. Başlayıblar allahlıq etməyə. Hər hökmdar öz qüdrəti qədər, idarə etdiyi ərazilərdə öz allahlıq missiyasını həyata keçirib. Onsuz da hökmdarların etdikləri zülmün bədəlini onlardan heç kim soruşmur. Əksinə, adamlar zalım, baş kəsən insanları tarixdə qəhrəman kimi qəbul ediblər. Belə bir şəraitdə insan oğlu çoxallahlığın doğru olmadığının fərqini anlayıb, özləri üçün daha mükəmməl bir allah fikirləşib tapıblar. Artıq bu Allah taxtadan, gildən yox, nədən hazırlanması haqda düşünülməsi belə günah olan, mücərrəd bir varlıqdır. Həm də daha müqəddəs və əlçatmaz olsun deyə, insanlar onu göydə qərarlaşdırıblar. Bir müddət insanların fikirlərdə yaratdığı Allaha heç kimin əli çatmayıb. Lakin zamanla daha ağıllı adamlar özlərini peyğəmbər elan edərək, insan təxəyyülünün məhsulu olan, göydə qərar tutmuş Allahla "əlaqə yaratmağa" nail olublar. Və belə ağıllı insanlar nə az, nə çox düz 124 mindir. Dünya elmi yaranışın necə baş verdiyini elmi əsaslarla aça bilmədiyi üçün, bu sferada hələ də boşluq qalmaqdadır. Odur ki, uzun illərdir bu boşluğu uydurulmuş dinlər tutur. Bu gün dinlər təkallahlığı sözdə və öz kitablarında qəbul etsələr də, görünən o ki, dünyamız, insanın öz təxəyyülündə yaratmış olduğu tək Allah tərəfindən idarə olunmur. Əslində, bu gün də çoxallahlıq davam etməkdədir. Amerikanın öz Allahı var. Rus, İngilis, Çin, Yaponun da öz. Hamısı da deyir ki, Allah eynidir. Məsələn, ABŞ dövlət başçısı istəsə bu gün İrak, Misir, Liviyanı təzədən "şumlayar". Necə ki, ABŞ Fələstində bu "əkinçilik" işini ən yüksək texnologiyalarla həyata keçirir. Əhalisi və ərazisi təcrübə mərkəzinə çevrilmiş bu regionda yaşayan insanların naləsi ərşə çatsa da, göydəki Allah onların ərizəsini qəbul etmir. Ümid qalır yenə də yerdəki allahlara. Maraqlı və ağrılı hal ondan ibarətdir ki, bütün millətlərdən qabaq özləri üçün Göy Türk tanrısı yaradan türklər neçə illərdir ki, tanrısız qalıblar. Yüz illərdir türklər ərəbin Allahına ibadət etməyə məcbur qalıblar. Hələ ki, tanrılar Allaha uduzur...”- söyləyir.
Özünü publisist kimi təqdim etməsə də, onu belə tanıyanlar az deyil. Üstəgəl, o, bədii qiraətçi kimi də tanınır. Buna da səbəb, sevdiyi müxtəlif müəlliflərin şeirlərini “Youtube” platformasındakı kanalında səsləndirməsi olub. O, hətta televiziya məkanında da ara-sıra görünüb və müxtəlif verilişlərdə ekspert kimi iştirak edib...
Filologiya üzrə fəlsəfə doktoru, şair Bilal Alarlı “Yazılı ədəbiyyatda yeni janr: Sabir Zəkullaoğlunun mənsur deyimləri” adlı məqaləsində onun haqqında yazır: “Sabir Zəkullaoğlu maraqlı bir janra üz tutub. Onun qələminin məhsulu olan müdrik fikirlər, aforizmlər, deyimlər, söyləmələr real həyat hadisələrindən, təcrübədən gəlir. Folklorda atalar sözləri, məsəllər kimi janr qəlibinə salınan bu cür deyimlər yazılı ədəbiyyata da təsirsiz ötüşmür. Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndələri Nizami, Füzuli, Xətayi, Zakir, Seyid Əzim, Sabir və digərlərinin yaradıcılığında müdrik deyimlər aparıcı yer tutur. Maraqlıdır ki, tədqiqatçılar bəzən belə aforizm xarakterli fikirlərin folklordan gəldiyini söyləyirlər. Əslində, şair və yazıçılar ictimai münasibətlərə, tarixi hadisələrə münasibət bildirərkən fikirlərini lakonikləşdirməyə çalışmış, böyük tutumlu ideyaları bir cümlədə, yaxud bir-iki misrada vermişlər...”
...Bəli, sizə hazırda Fransada yaşayan publisist Sabir Zəkullaoğludan danışıram. Onu siz də tanıyın...
Elman Eldaroğlu