

Oktyabrın 2-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Ermənistanın toponimik cinayətləri” mövzusunda konfrans keçirilib. “Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər ictimai birliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində təşkil edilən konfransda Qərbi Azərbaycan və Qarabağ tarixi üzrə tədqiqatçılar, gənc tədqiqatçılar, tələbə - gənclər, QHT nümayəndələri iştirak etmişlər. Konfransda Qərbi Azərbaycan, Qarabağ və Şərqi Zəngəzurun tarixi, maddi- mədəni irsinə, Ermənistanda azərbaycanlılara məxsus yaşayış məskənlərinin adlarının dəyişdirilməsinə dair məruzə və çıxışlar dinlənilib. Konfransda layihə çərçivəsində çap olunmuş, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafanın müəllifi olduğu “Ermənistanın toponimik cinayətləri” adlı kitabın da təqdimatı keçirilib.
“Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər ictimai birliyinin sədri Nurəddin Mehdiyev öz çıxışında mövzunun aktuallığından, gənclər tərəfindən Qərbi Azərbaycan tarixinin öyrənilməsinin əhəmiyyətindən danışıb. O əlavə edib ki, layihə çərçivəsində çap olunmuş “Ermənistanın toponimik cinayətləri” adlı kitab Ermənistan Respublikası tərəfindən azərbaycanlılara məxsus yer - yurd adlarının dəyişdirilməsi ilə bağlı həyata keçirilən sistemli siyasətin mahiyyətini və nəticəsini yerli və beynəlxalq ictimaiyyətə çatdırılmasına xidmət edir.
“Ermənistanın toponimik cinayətləri” adlı kitabın müəllifi, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa məruzəsində Qərbi Azərbaycanın azərbaycanlı əhalisinə qarşı mərhələ-mərhələ həyata keçirilən etnik təmizləmə siyasəti və tarixi Azərbaycan torpaqlarında monoetnik erməni dövlətinin yaranması prosesindən, Qərbi Azərbaycanın azərbaycanlılara məxsus toponimlərinin ermənilər tərəfindən dəyişdirilməsindən danışıb.
Çıxış edən digər natiqlər təqdim olunan kitabın xüsusilə xaricdə yaşayan azərbaycanlılar, diaspora təşkilatlarının nümayəndələri üçün olduqca əhəmiyyət kəsb etdiyini bildiriblər.
Mövzu elmi ictimaiyyətin nümayəndələri və gənc alimlərinin, magistr və doktorantların, tələbə - gənclərin, QHT- lərin iştirakı ilə müzakirə olunub.
Konfrans zamanı tələbə və gəncləri maraqlandıran suallar cavablandırılıb. Sonda “Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər ictimai birliyinin istehsalı olan “Göyçə - itirilmiş ocaq” adlı sənədlin filmin nümayişi keçirilib. Konfrans zamanı poliqrafiya, çap məhsulları iştirakçılara paylanıb. Təqdim olunan layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.