Nazir: 5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb edilməsi 80 %-ə çatdırılacaq Cəmiyyət

Nazir: 5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb edilməsi 80 %-ə çatdırılacaq

5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb edilməsi 80 %-ə çatdırılacaq.

APA xəbər verir ki, Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında elm və təhsil naziri Emin Əmrullayev deyib ki, məktəbəhazırlıq qruplarının açılması üçün büdcədə vəsait nəzərdə tutulub.

Nazir bildirib ki, 1-5 yaşında olan uşaq məktəbəqədərə getməlidir: "Ümumilikdə Azərbaycanda 600 minə yaxın uşaq üçün məktəbəqədər təhsilə 2,7 milyard manat lazımdır. Bunun gələn il qarşılanması qeyri-realdır. Dünyanın heç bir yerində belə sistem yoxdur. Heç bir ölkədə dövlət bütün uşaqların məktəbəqədər xərclərini ödəmir. Bu problemin həlli üçün alternativ modellər tətbiq edilir. İcma əsaslı məktəbəqədər ənənəvi məktəbəqədərdən ucuz başa gəlir”.

Emin Əmrullayev qeyd edib ki, özəl məktəbəqədər təhsil müəssisələrinin vauçer əsaslı xərcləri qarşılanır: “Özəl sektora bu vauçerləri veririk. Valideyn cüzi ödəmə etməklə biz artıq 5000 uşağı məktəbəqədər təhsilə cəlb etmişik. Bu sayı 30 minə çatdırmağı hədəfləyirik. Son 5 il ərzində 100 minə qədər yeni məktəbəqədər yerlər açmışıq. Bu çox böyük rəqəmdir”.