16:37
651
“Prezidentimiz cənab İlham Əliyev tərəfindən uşaqların rəqəmsal mühitdə qorunması ilə bağlı sərəncamın imzalanmasını yalnız informasiya təhlükəsizliyi kontekstində deyil, həm də zərərli vərdişlərin profilaktikası baxımından olduqca əhəmiyyətli hesab edirəm”.
Bunu xalqcebhesi.az-a açıqlamasında zərərli vərdişlər üzrə ekspert Məhbubə Mehdiyeva söyləyib.
M.Mehdiyeva qeyd edib ki, bu gün rəqəmsal mühit sadəcə ünsiyyət platforması deyil, davranış modellərinin formalaşdığı sosial məkandır: “Uşaqlar sosial şəbəkələrdə gördükləri həyat tərzini, münasibət formasını və hətta riskli davranışları təqlid etməyə meyllidirlər. Xüsusilə aqressiyanı normallaşdıran, psixoaktiv maddələri “trend” kimi təqdim edən, erkən yaşda təhlükəli çağırışları təşviq edən məzmunlar zərərli vərdişlərin ilkin psixoloji zəminini yaradır. Rəqəmsal asılılıq özü də artıq bir zərərli vərdiş forması kimi qiymətləndirilir. Uzunmüddətli ekran istifadəsi, virtual təsdiq ehtiyacı, sosial mediadan asılılıq uşaqlarda emosional zəiflik, diqqət dağınıqlığı və real həyatdan uzaqlaşma halları yaradır. Bu isə digər riskli davranışlara – o cümlədən zərərli maddələrə meyilliliyin artmasına səbəb ola bilər”.
Ekspert zərərli vərdişlərin heç vaxt birdən formalaşmadığını, onların mərhələli şəkildə, təsir və təqlid yolu ilə yarandığını diqqətə çatdırıb: “Əgər uşaq rəqəmsal mühitdə siqaret, alkoqol və ya narkotik maddələrin romantikləşdirildiyini görürsə, bu, onun şüuraltında təhlükəli bir normallaşma prosesi yaradır. Buna görə də sosial medianın tənzimlənməsi yalnız texniki məsələ deyil, həm də ictimai sağlamlıq siyasətinin tərkib hissəsidir. Hesab edirəm ki, uşaqların rəqəmsal təhlükəsizliyi ilə zərərli vərdişlərin qarşısının alınması bir-biri ilə sıx bağlıdır. Sağlam informasiya mühiti yaradılmadan sağlam həyat tərzi təşviq etmək çətindir. Bu baxımdan qəbul edilən sərəncam preventiv yanaşmanın gücləndirilməsi və gələcək nəsillərin sosial-mənəvi sağlamlığının qorunması istiqamətində strateji əhəmiyyət daşıyır”.
Röya İsrafilova