Güney Azərbaycanda ədəbi-mədəni mühit Güney Azərbaycan

Güney Azərbaycanda ədəbi-mədəni mühit

Güney Azərbaycanda son yüzildə baş verən hadisələrin hərtərəfli təhlili onu göstərir ki, xalqımız tarixi taleyinə düşən acı, zorakı, faciəvi ayrılığa baxmayaraq ruhunu daim qoruyub saxlayıb, bu gün də həmin özümlük halıyla yaşamaqdadır. A.Abuşovanın XIX əsrin sonu – XX yüzilin əvvəllərində Güney Azərbaycanda ədəbi-mədəni mühit mövzusunda apardığı araşdırma bu baxımdan maraq doğurur: "XX əsrin əvvəllərində Güney Azərbaycanda "Şərqi-Rus", "Hümmət", "Həyat", "Molla Nəsrəddin", "Füyuzat", "İrşad", "Tərəqqi", "Yoldaş", "Təkamül", "Məktəb", "Dirilik", "İqbal" kimi mətbu orqanları çap olunsa da, uzun illər anadilli mətbuatın olmamasından əziyyət çəkən xalqın tələbatını qismən ödəsə də, XX yüzilliyin əvvəllərində romantizm və realizm ədəbi məktəbləri təşəkkül tapsa da və bu təşəkkül dövrün ədəbi proseslərin özündə ehtiva və təcəssüm etdirsə də, Güney Azərbaycan ədəbiyyatşünaslığı, publisistikası, tənqidi və ədəbi prosesləri haqqında təhkimçi münasibətin nəticəsi olaraq, yuxarıdakı optimist fikri dəqiq söyləmək çətindir. Hələ yenicə milli-mənəvi təfəkkürün keşiyində durmaq, qayğısına qalmaq kimi düşüncə sərbəstliyinə M.F.Axundzadədən sonrakı Güney Azərbaycan mühitində yetişən və ondan təsirlənərək bəhrələnən Zeynalabdin Marağayi, Əbdürrəhim bəy Talıbov, Xalxali və s. qələmlərində rastlaşır və reallıqlar çərçivəsində bir vətəndaş kimi milli azadlığın, birlik və bütövlüyün, tamlığın Azərbaycan və ümumazərbaycanlılar üçün bölünməz sərvət oluşunu mahiyyətilə təbliğ edən Mirzə Cəlillərin, Səməd Behrəngilərin yaranması ilə ab-havanı, gələcəyə inam hissini müsbətə kökləyişlə qarşılaşırıq. XIX əsrə görə o qədər də ürəkaçan mənzərə olmayan mərsiyyənəvislik yerini, yavaş-yavaş da olsa, nəsrə (hekayəçilik, daha sonra romançılıq) verərək yeniliyə meyilli istiqamətdə dəyişirdi. İstər inkişafa, istər ana dilinə, istərsə də nəsrdə söz deməyə meyilliyə mərsiyyənəvislikdən uzaqlaşıb həm xalqın maarifi, həm də mədəniyyəti tənəzzülə aparan mövhumatçı buxovlardan azad olmalara dövrün xarakter yazılarında rastlamaq mümkündür. 1896-cı ildə Təbrizli Mirzə Sadiq tərəfindən yazılmış "Kitabçeyi- Ədəbiyyə" müxtəlif prizmalardan maraqlıdır. Azərbaycan dilində yazılmış 158 səhifəlik bu kitab beş cildlik bir əsərin ikinci cildidir. Tədqiqatçıların fikrincə, bu kitab müxtəlif nöqsanları olmasına baxmayaraq, o tayda doğma Azərbaycan dilində yazılmış nəsr əsərlərindən biri kimi qiymətlidir. Ədəbiyyat üzrə dərslik olan bu kitab əhəmiyyətli və təsirli mövzularla zəngindir. Sənət və sənətkarlıq (Nizami və Sədini misal gətirir) məsələlərinə toxunan müəllifin fikrindən belə nəticəyə gəlmək olar ki, sənətkarı əbədi edən məhz onun yaradıcılığının xalqın xeyrinə olan mətləblərlə zəngin olmasıdır. XIX əsr bütünlüklə mürəkkəb bir dönəm idi. Elmin müxtəlif sahələrində fəaliyyət göstərən Azərbaycan alimlərinin, ədib və ictimai xadimlərin əsərləri çox çətinliklə, nöqsanlı şəkildə çap edilirdi. Çap işinin mədəni inkişafa təsirlərini (publisistikada da həmçinin) yuxarıda qeyd etmişdik. Belə bir müqəddərat üçün yararlı məsələ barəsində Mirzə Fətəli dəfələrlə güneyli elm və mədəniyyət xadimlərinə, ziyalılara, o cümlədən Təbrizli Mirzə Yusif Müstəşarüddövləyə məsləhətlər verib. Mirzə Yusif yüksək dövləti vəzifələrdə olduğu müddətdə də xalqın rifahı naminə əsirgəmələrə yol vermirdi. Özü də məhz bu təəssübkeşliyin qurbanı olub. "Yeni kəlmə" adlı kiçik həcmli, böyük mənalı və əhəmiyyətli əsərinə görə yaşlı vaxtında əzablara düçar edilib, kitabı başına vurularaq kor edilib, sonra da faciəli şəkildə öldürülüb. Bu dövrdə Güney Azərbaycanda müxtəlif sahələrdə inkişaf müxtəlif şəkildə gedirdi. 1909-cu ildə Şimaldan Sidqi Ruhulla, Hüseyn Ərəblinski, C.Zeynalovun yaxından köməkliyi ilə Təbrizdə Güney Azərbaycanın ilk teatrı təşkil edildi. Sidqi Ruhulla, Abbas Mirzə Şərifzadənin teatr truppaları dəfələrlə Təbriz və digər Azərbaycan şəhərlərində teatrlar təşkil etdilər. 1916-cı ildə Təbrizdə ilk teatr binası tikildi. Bu dördə artıq Quzey Azərbaycanda dekorativ incəsənətin dəyərli örnəkləri yaranırdı. Şuşalı usta Qənbər və onun şagirdləri tərəfindən icra edilmiş Şəki xan sarayındakı, Şuşada Mehmandarovun və Rüstəmovun evlərindəki divar rəsmlərini misal göstərmək olar. Müqayisə üçün deyək ki, qadın hüququnun kölə sistemində olduğu Güney Azərbaycandan fərqli olaraq bu dövrdə Quzey Azərbaycanda Hacı Zeynalabdin Tağıyev müsəlman qız məktəbini inşa etdirdi (1898). Bəhs edilən dövrdə Güney Azərbaycan və İran maarifinin inkişafında Mirzə Həsən Rüşdiyyənin xidmətləri misilsizdir. Dövrünün mütərəqqi təlim-tərbiyə üsullarını öyrənib, İranda və Güney Azərbaycanda yaymaq məqsədilə 1883-cü ildə İrəvanda azərbaycanlılar üçün yeni tipli "Üsuli-Cədid məktəbi" açmışdı. 1887-ci ildə isə Təbrizdə "Dəbestan" adlı ilk xüsusi yeni tipli üsuli-cədid məktəbini təsis etdi. Rüşdiyyə Güney Azərbaycanda ilk dəfə olaraq əlifbanı səs üsulu ilə, Azərbaycan türkcəsi əsasında tədris etməyə başladı. Yaratdığı məktəblər üçün "Vətən dili", "Ana dili" dərsliklərini yazdı. Belə bir yeniliyə meyilli dönəmdə ədiblər də əllərindən gələni əsirgəmir, yaradıcılıqlarında yeni bir qələm təcrübəsinə imza atırdılar. Romançılıq dövründə Mirzə Fətəli Axundzadədən təsirlənən yazar Zeynalabdin Marağayi möhtəşəm "İbrahim bəyin səyahətnaməsi və ya peşimançılığın bəlası" əsərini yazdı. Əbdürrəhim bəy Talıbov, "Kitabi-Əhməd", "Səfineyi-Talibi" əsərlərini yazdılar".
Araşdırmaçı bildirir ki, zaman-zaman əvvəlcə quzey və güney ədəbiyyatının "bir kök altında" - sovet hakimiyyəti illərində "panislamist", "pantürkizm", "dini klerikal", "sosial-demokrat" kimi terminlər altında, yazıçılar, məfkurələr, mənafelər qarşı-qarşıya qoyulub: "O dövrün qabaqcıl yazıçı və ziyalıları sarsılmaz inamla təbliğ və təşviq edib deyirdilər ki, xalqın diriliyi, gələcəyi naminə ədəbiyyat həyata yaxınlaşmalıdır. Xalqın həyatından, güzəranından, zəruri ehtiyaclarından yazılmalıdır, zəmanə ilə bağlı, tərəqqisinə kömək edən işıqlı fikirlər aşılanmalıdır. Bunun üçün ədəbiyyat özü təzə yol seçməlidir. Köhnə fikirlərdən, köhnə üsullardan uzaqlaşmalıdır. Xalqın real həyatı və hissləri ilə heç bir əlaqəsi olmayan mövhumu əhvalatları təsvir və vəsf etməkdən əl çəkmək lazımdır. Bu yol realizm yolu idi, ideyalı, demokratik fikirli ədəbiyyat yolu idi. Xalqın mənəvi mədəniyyəti, bədii fikri sahəsində yeni hava idi. Bu havanı Azərbaycan mühitində əsməyə başlayan yeni küləklər gətirmişdi. Ona qarşı əsən küləklər də tufan qoparmaqda idi: ətalət, gerilik, köhnəpərəstlik küləkləri. Yaşadığı dövrün həyatından, ictimai mübarizələrin girdablarından xəbərsiz olan, ya da bunların mənasını anlamayan, faciəli aqibəti xəyalına gətirməyən avam və cahillərin körük basdığı küləklər... Bu avamların gözünü cəhalət pərdəsi, çürük, mövhumi əqidələr və köhnə təsəvvürlər dumanı elə örtmüşdü ki, öz burunlarından o yanı görmürdülər, zamanın hərəkətini hiss etmir, köhnə həyat tərzindən bərk-bərk yapışıb durur, yeniliyə şiddətli müqavimət göstərirdilər. Onların yaratdığı ədəbiyyatın mövzu dairəsi görüşləri kimi dar, bədii priyomları, təşbihlər və obrazlar silsiləsi geyimləri kimi köhnə idi. Sözün ən pis mənasında, ənənəvi qəzəlxanlıq çərçivəsindən o yana çıxmırdı. Bu cür şairlər Azərbaycan ədəbiyyatında Füzuli kimi böyük dühanın ən çox müraciət etdiyi qəzəl formasını bayağılaşdırır, çeynənmiş sözlərin və ifadələrin təkrarından ibarət olan qəzəllər yazırdılar. Bu qəzəllərdə dərin mənalı fəlsəfi fikir axtarmaq nahaqdır, insanın məhəbbət, dostluq, vətənpərvərlik, düzlük, alicənablıq kimi nəcib hisslərinin dərin fəlsəfi ifadəsini görmək mümkün deyil. Əlbəttə, xalqın bədii təfəkkürünün qüdrətini, onun azadlıq, tərəqqi və səadət həsrətlərini, arzularını, mübarizəsini yaranmaqda olan yeni ədəbiyyat - realist, demokratik ədəbiyyat ifadə edirdi ki, o da öz inkişafını Zakirin, Bakıxanovun, Axundovun, Qutqaşınlının, Vazehin yaradıcılığında tapmışdı. Quzey Azərbaycanda yaranan ədəbiyyata xalqın mənəvi, mədəni həyatına yeni ruh gətirən küləklər elə ilk başlandığı gündən Araz və Astara çaylarını, Muğan düzünü və Talış dağlarını aşıb Güneyə də yayıldı. Dar çərçivədə olsa da, oraya da yeni hava gətirdi. İran və Güney Azərbaycan alimləri də bunu qeyd edirlər. Məsələn, C.H.Təbrizi "Dilimiz haqqındakı məqaləsində yazır: "XIX əsrdə Avropada gedən fikri hərəkətlər əvvəl Şimal, sonra da İran Azərbaycanına gəlməkdədir. Şimalda Abasqulu ağa Bakıxanov, Qasım bəy Zakir və Mirzə Şəfi Vazeh və Mirzə Fətəli Axundzadə kimi böyük şair və mütəfəkkirlər zühur ediblər". Bu yeni meyillər, Güney Azərbaycanda və bütün İranda orta əsr həyat tərzinə, ictimai zülmə, müstəbidliyə qarşı qızışan mübarizələr, insanların ruhunda, qəlbində oyanan yeni hisslər və fikirlər, dəyişən zövq və artan estetik tələblər müəyyən dərəcədə öz bədii ifadəsini Güney Azərbaycanın onlarla yeni ruhlu şair və yazıçılarının yaradıcılığında tapdı. Yüksək sənət nümunələri yaratmış Əndəlib Qaracadaği, Heyran xanım, Nəbati, Zikri, Raci, Şükuhi, Məhəmməd Hidəci, duzlu, şirin yumorla dolu şeirlər müəllifi Məhəmməd Bağır Xalxali və Ləli kimi şairlər, ictimai məzmun dolğunluğu və mütərəqqi fəlsəfi fikirlərlə seçilən nəsr əsərlərinin müəllifi Əbdürrəhim Talıbov və Zeynalabdin Marağayi, istibdadın, bürokrat dövlət aparatının puçluğunu, soyğunçu mahiyyətini satira hədəfi edən dramaturq Mirzə Ağa Təbrizi kimi istedadların əsərləri buna nümunədir".

Uğur