Türk fraksiyası İranın gündəmini dəyişdi Güney Azərbaycan

Türk fraksiyası İranın gündəmini dəyişdi

Əhməd Muradi: "Parlamentdə Türkdilli Deputatlar Fraksiyasının yaradılması ölkə Ana Yasasına zidd addımdır"

Məsud Pezeşkiyan: "Türkdilli Deputatlar Fraksiyasının yaranması türklərin toplu şəkildə yaşadığı bölgələrdəki problemlərin həllinə yardım etmək üçündür"

İran parlamentinin Bəndər Abbasdan seçilən deputatı Əhməd Muradi, noyabrın 2-də jurnalistlərə açıqlamasında ölkə parlamentində Türkdilli Deputatlar Fraksiyasının yaradılmasına etiraz bildirib.
Əhməd Muradi, İran İslam Respublikası Ana Yasasının 19, 20 və 84-cü əsllərinə istinad edərək bildirib ki, 100-dən çox türkdilli deputatın yaratdığı fraksiya, sözü gedən əsllərdəki müddəaları pozur: "Parlament millətin səsidir. Elə buna görə də vəhdət və plüralizmin carçısı olmalıdır. Əgər bu proses davam etsə, biz gec-tez digər etniklərdə də bölünmələrin və parçalanmaların şahidi olacağıq. Bu isə ixtilafa gətirib çıxaracaq. Təəssüflər olsun ki, bu fraksiyanın yaradılmasından sonra bəzi "separatçı və terrorçu" saytlar ona dəstək verdilər. Bu isə nigaranlığa səbəb olur".
Bildirilir ki, Əhməd Muradinin bu etirazından sonra Türkdilli Deputatlar Fraksiyasının sədri, təbrizli deputat Məsud Pezeşkiyan onun bu tənqidini cavabsız qoymayıb. O bildirib ki, Türkdilli Deputatlar Fraksiyasının yaradılmasının millətçiliyə heç bir dəxli yoxdur və onun yaranması sadəcə olaraq ölkədə türklərin toplu şəkildə yaşadığı bölgələrdəki problemlərin həllinə yardım etmək üçündür.
Xatırladaq ki, oktyabrın 30-da İranda 100-dən çox türk deputatının iştirakı ilə yaranmış Türkdilli Deputatlar Fraksiyasının ilk iclası keçirilib.
Türklərin toplu şəkildə yaşadığı əyalət və bölgələrdən parlamentə yol tapan deputatların ilk iclasında təbrizli deputat, İran parlamenti sədrinin canişini Məsud Pezeşkiyan Türkdilli Deputatlar Fraksiyasının sədri vəzifəsinə, urmiyalı deputat Nadir Qazipur ilə ərdəbilli deputat Rza Kərimi isə onun canişinləri vəzifəsinə seçilib. İclasda həmçinin Mərənd və Culfa şəhərlərindən seçilən deputat Məhəmməd Həsən Nəjad və təbrizli deputat Şəhabəddin Bimiqdar katib, təbrizli deputat Zəhra Sai isə fraksiyanın sözçüsü vəzifəsinə təyin edilib.
Fraksiyanın fəaliyyətə başlaması və onun funksiyası barədə jurnalistlərə açıqlama verən sözçü Zəhra Sai deyib ki, İran parlamentinin 25 deputatı artıq Türkdilli Deputatlar Fraksiyasının mərkəzi şurasının üzvüdür: "Türklərin yaşadığı bölgələrin probleminin həlli istiqamətində strateji idarəçiliyin təmin edilməsi, həmin bölgələrin potensialından maksimum dərəcədə istifadə olunması, ölkədə müvazinətli inkişafı təmin etmək, eləcə də milli birliyin gücləndirilməsi və inkişafı, fraksiyanın əsas hədəflərindən sayılır".