İranda “Ana dili” dərsliyini yazmış, Şəhriyarla münasibətləri pozulmuş Azərbaycan şairi - ARAŞDIRMA Güney Azərbaycan

İranda “Ana dili” dərsliyini yazmış, Şəhriyarla münasibətləri pozulmuş Azərbaycan şairi - ARAŞDIRMA

APA “Güney Azərbaycanı tanı” layihəsi çərçivəsində Məhəmməd Rəhmanifərin “Həbib Sahir, sərbəst şeirin atası” yazısını təqdim edir.

Layihənin əvvəlki yazısını buradan oxuya bilərsiniz.

Bir bölgəni tanımaq sadəcə o bölgədə yerləşən şəhərləri və ya o şəhərlərin tarixini bilməklə yekunlaşmır. Bir bölgəni təbii coğrafiya dərsinin əhatəsindən çıxaran, ona sivilizasiya, mədəniyyət, Vətən kimi məfhumları aid edən də həmin coğrafiyada məskunlaşmış insanlardır. Buna görə, biz “Güney Azərbaycanı tanı” layihəsi çərçivəsində təkcə Güney Azərbaycanın şəhərlərini tanıtmaqla qalmırıq. Bu layihə çərçivəsində dərc olunmuş əvvəlki məqalələri oxuyan oxucular bilir ki, biz Güney Azərbaycanın şəhərlərini tanıtmaqla yanaşı, o bölgənin tarixi, mədəniyyəti, ədəbiyyatı haqqında da öz biliklərimizi dəyərli oxucularımızla bölüşmüşük.

Hər millətin içində tarixə iz buraxan şəxslər olub. Güney Azərbaycanda da bu kimi şəxsləri görmək mümkündür. Bunların bəzilərini bu günədək tanıtdırmışıq. Təbii ki, həmin şəxsləri tanıtdırmağı onların millətimizə etdikləri xidmətlərin qarşısında tarixi bir borc kimi hesab edirik. Başqa yandan isə bu şəxsləri xatırlamaq və bunları tanıtdırmaq əslində millətimizin tarixi, mədəniyyəti, ədəbiyyatını tanıtdırmaq anlamına gəlir. Bu qısa müqəddimədən sonra bu yazıda çağdaş Azərbaycan poeziyasının təkamülündə təsirli rol oynamış Güney Azərbaycanın ən məşhur şairlərindən birini təqdim edəcəyik.

(özünü “Əsir ellərin ah şairi” kimi təqdim edən Həbib Sahir)

Həbib Sahir və ya Mir Həbib Qəvami azərbaycanlı şair, yazıçı, tərcüməçi və ədəbiyyat tədqiqatçısı kimi fəaliyyət göstərib. İranda istər fars dilində, istərsə də Azərbaycan türkcəsində sərbəst şeirin ilk yazanlarından biridir. Bəzi ədəbiyyatçılara görə, Həbib Sahir fars ədəbiyyatında “sərbəst şeirin atası” deyə tanınan Nima Yuşiçdən bir neçə il əvvəl fars dilində sərbəst şeirlər yazıb-yaradıb. Hər nə isə, bu gün Güney Azərbaycanda Azərbaycan türkcə sərbəst şeirinin Həbib Sahirlə başlamasında şübhə edən biri yoxdur. Bu arada Həbib Sahiri Güney Azərbaycanlılar üçün əhəmiyyətli və sevimli şəxs halına gətirən sadəcə onun şeirinin üslubu deyil, eyni zamanda, onların məzmunu və mahiyyəti olub. Demək, Sahirin şeirlərində yenilikçiliklə yanaşı, çağdaş Güney Azərbaycan tarixini və Güney Azərbaycan türklərinin taleyini də görməkdəyik.

Həyatı

Mir Həbib Qəvami 1903-cü ildə Təbrizin Sırxab məhəlləsində anadan olub. Əvvəlcə molla məktəbində yazıb-oxumağı öyrənib. Daha sonra isə "Mədaris-i Mötəmidə" və "Rüşdiyyə" məktəblərində ibtidai təhsil alıb. İbtidai təhsilini bitirdikdən sonra "Mədrəseyi Mübarək-e Məhəmmədiyyə" liseyinə daxil olub. Orada Məhəmmədhüseyn Şəhriyarla sinif yoldaşı olub. Təəssüf ki, müasir Azərbaycanın bu iki böyük şairinin dostluğunun təfərrüatları haqqında etibarlı məlumat yoxdur. Bircə onu bilirik ki, onların hər ikisi o illərdə fransız ədəbiyyatına maraq göstərib və hər ikisi Şarl Bodlerin şeirlərini tərcümə edib. Bu ortaq maraq və bu ortaq peşə bu iki sinif yoldaşını bir-birinə daha da yaxınlaşdırıb? Əgər belə idisə, niyə sonrakı illərdə onların əlaqəsi və yaxınlığına dair sübutlar yoxdur? Məncə, bu məsələ, peşəkar ədəbiyyatçıların diqqət mərkəzində olmalıdır.

Sahir liseydə təhsil aldığı illərdə fransız dili və ədəbiyyatı müəllimi olan Mirzə Tağıxan Rafət Təbrizi onun müəllimi olub. Peşəkar bir ədəbiyyatçı və təcəddüd olmaqla yanaşı, siyasətçi kimi də tanınan Mirzə Tağıxanın təsiri ilə Həbib Sahirdə Qərb ədəbiyyatına maraq oyanır. Türkiyədə nəşr olunan "Rəsmli ay" və "Sərvəti-fünun" nəşrləri ilə tanış olur. Burada türkiyəli şair, Cəlal Sahirin əsərlərini bəyəndiyi üçün "Sahir" adını özünə təxəllüs olaraq seçir. Tələbə yoldaşları ilə birlikdə "Əncümən-i Rəfət" və "Ədəb" qəzetlərini çap edirlər. Mirzə Tağıxan Rafət “Təcəddüd” adlı yenilikçi bir qəzetin baş redaktoru olub, Şeyx Məhəmməd Xiyabanı ilə çox yaxın və güclü işbirliyi aparıb. Xiyabanı hərəkatı məğlubiyyətə uğradıqdan sonra Mirzə Tağıxan Rafət də ölür, bundan sonra isə iki qəzetin çapı dayandırılır.

Sahir təhsilini bitirdikdən sonra bir müddət müəllimlik edib. 1925-ci ildə Rza şah Britaniyanın dəstəyi ilə İranda taxta çıxdıqda türk-Qacar ​​sülaləsinin hakimiyyəti də sona çatır. Rza şahın diktaturası və zülmü bir çoxları, xüsusən də incəsənət və mədəniyyət sahəsində çalışanlar üçün bu sahəni daraltdı. Sahir qısa bir müddət olsa da, İrandan uzaqlaşmağı düşünür. 1927-ci ildə Türkiyəyə gedir və Türkiyədə yaşayan iranlılar üçün açılmış “İranilar” məktəbində iki il fars dili və ədəbiyyatı müəllimi kimi işləyir. 1929-cu ildə İstanbul Universitetinin tarix və coğrafiya fakültəsinə qəbul olunur. Daha öncə dediyimiz kimi, Sahir, Mirzə Tağıxan Rafət kimi müəllimlərinin sayəsində çağdaş türk və fransız poeziyası ilə yaxından tanış olub. İstanbulda onun bu haqda bilgiləri daha dərinləşir. Təhsil aldığı müddətdə fransız şairi Şarl Bodlerin yeni şeirlərini ("Düşmən"), həmçinin Lamartinin məşhur "Göl" əsərini, Sədinin "Gülüstan" poemasını, Hafiz Şirazinin qəzəllərini farscadan Azərbaycan türkcəsinə tərcümə edir. "İran Azərbaycanının təbii coğrafiyası" adlı diplom işini yazaraq müdafiə edir. Həbib Sahirinin Azərbaycanı nə qədər sevdiyi elə onun universitetdə çalışma üçün seçdiyi mövzudan bəlli olur.

O, 1933-cü ildə universitetdən məzun olduqdan sonra İstanbulu tərk edərək Təbrizə qayıdır. Maarif İdarəsinin təyinatı ilə Təbrizdə məktəbdə coğrafiya müəllimi kimi çalışmağa başlayır. 1936-cı ildə Təbriz Maarif İdarəsinin qərarı ilə onun "Coğrafiyayi Xəmsə" adlı dərsliyi Zəncanda nəşr edilir və mükafata layiq görülür. Daha sonra müəllim kimi fəaliyyət göstərmək üçün Zəncana göndərilir. Qeyd etmək lazımdır ki, Zəncan əyaləti bəzi tarixi dövrlərdə "Xəmsə əyaləti" adlandırılıb. Bu adlandırma haqqında fərqli fikirlər var, ancaq çox güman ki, Avşarların (Əfşarların) 5 tayfasının bu bölgədə məskunlaşmasından dolayı bu ad buraya verilib.

1941-ci ildə İran müttəfiqlər tərəfindən işğal edildi və 16 il əvvəl Britaniyanın dəstəyi ilə taxta çıxan Rza şah elə həmin Britaniya tərəfindən İrandan qovularaq sürgün edildi. Beləliklə, onun diktatura və avtoritar hakimiyyətinə son qoyuldu. Rza şahın hakimiyyəti dövründə ən ağır siyasi, iqtisadi və mədəni təzyiqlər altında olan Güney Azərbaycan Rza şahdan sonra irəliləməyə başladı. Türk dilində nəşrlər yaranmağa başladı. Bu dövrdə bir çox azərbaycanlı şair kimi Həbib Sahirin də şeirləri, tərcümələri və məqalələri "Azərbaycan", "Vətən yolunda", "Şəfəq", "Azad millət", "Yeni Şərq" kimi qəzet və jurnallarda çap olunmağa başladı. Təbrizdə yaşadığı illərdə farsca yazdığı "Şəqaiq", eyni halda Azərbaycan türkcəsində yazdığı "Kölgələr", "Gecə əfsanəsi", "Seçilmiş şeirlər" adlı kitabları çap olunub. 1945–1946-cı illərdə Azərbaycan Milli Hökuməti qurulduqdan sonra da məktəblilər üçün "Ana dili" dərsliyini yazır, mətbuatda "Aydın" imzası ilə çıxış edir.

Həbib Sahirin Azərbaycan Milli Hökuməti dönəmində (1945-1946) gördüyü işlər və bu hökumətə verdiyi dəstəklər yetərincə araşdırılmayıb. Milli Hökumət haqqında aparılmış araşdırmalarda da onun adı keçməz. Halbuki heç şübhəsiz, Həbib Sahir bu hökumətə candan, ürəkdən dəstək vermişdi. Azərbaycan Milli hökuməti motivi Sahirin şeirlərində hər zaman üzə çıxır və şeirlərindən bəlli olur ki, o bu hökuməti ürəkdən sevirmiş.

Azərbaycan Milli Hökuməti süqut etdikdən sonra Sahir müəllimlik fəaliyyətini davam etdirir. "Aydın", "Ülkər", "Ağ" kimi gizli imzalarla Ana dilində şeir və hekayələr yazmağa davam edir. Bu fəaliyyəti üzə çıxdıqdan sonra barəsində hökm oxunur və o, Ərdəbilə sürgün edilir. Amma Azərbaycanın düşmənləri bilmirdilər ki, Azərbaycansevərlər üçün Təbrizlə Ərdəbil arasında heç bir fərq yoxdur. Onlar Sahirini doğma şəhərindən uzaqlara sürgün etdiklərini düşünsələr də bunu bilmirdilər ki, Sahirin nəzərlərində Ərdəbil də elə Azərbaycandır və o, Təbrizdə gördüyü işləri elə Ərdəbildə də görə bilər. Gördü də! Nəticədə onu Ərdəbildən də uzaqlaşdırdılar və bu dəfə Azərbaycanın başqa bir şəhəri Qəzvinə sürgün etdilər. Lakin şah rejimi yenə də yanılmışdı. Burada da Sahirin fəaliyyətində heç bir dəyişiklik olmadığı üçün Mazandaranda yerləşən Sari şəhərinə sürgün edildi. Demək, sonda İran rejimi onu Azərbaycan bölgəsindən tamamən uzaqlaşdırmaq qərarına gəldi. Xəzər dənizinin güney sahilində yerləşmiş bu şəhərdə Sahir malyariya xəstəliyinə tutuldu və nəticədə Qəzvinə geri göndərildi. Sahir 13 il Qəzvində yaşadıqdan sonra Tehrana köçdü.

Şeir dünyası

Sahir Güney Azərbaycan türkcəsində, hətta fars dilində ilk sərbəst şeir yazan şairdir. Bu işdə onun fransız dilini bilməsi və fransız dilində yazılan şeirləri oxuması və hətta o şeirlərin bəzilərini tərcümə etməsinin təsiri olub. Ayrıca Sahir Anadolu türkcəsini də çox yaxşı bilirdi və Türkiyə şairlərinin şeirlərini oxuyurdu. Sahirin şeirlərinin istər üslubunda, istərsə də məzmununda və hətta onun işlətdiyi kəlmələrdə Türkiyə şeirinin izini və təsirini görmək mümkündür. Onun "Lirik şeirlər", "Səhər işıqlanır", "Sönməyən işıqlar", "Dağınıq xatirələr", "Kövşən" adlı kitabları Güney Azərbaycan şeirinin parlaq nümunələrindən sayılır.

Azərbaycan Milli Hökuməti, bir xəzan fəslində quruldu. Bir il sonra isə yenə də bir xəzan fəslində dağıldı. Şeirlərində hər zaman Azərbaycanı yaşadan, Azərbaycanın sevinci ilə sevinən, kədəri ilə isə kədərlənən Sahir bu iki payızı belə anladır:

Xəzan çağı

qızıl günəş odlanıbdır

ağacların yarpaqları

min bir rəngə boyanıbdır...

Hər yarpağın bir rəngi var

Sevda rəngi

Həsrət rəngi

Tutğun, tozlu

qurbət rəngi...

xəzan çağı yel əsərkən

yağır yarpaq.

ölgün yarpaq

qalanıbdır qalaq-qalaq

yollar uzaq, göllər dərin

nəsim əsir sərin-sərin

dağlar bizim, bağlar bizim

yeriyirkən yarpaq üstə

qalmaz izin...

bir çox xəzan gəlib, keçdi

bir çox karvan ötüb köçdü

bir xəzanda

yetim qaldıq

bir xəzanda

sevdalandıq

ən nəhayət

xulyaların havasından

qanadlandıq

bir xəzanda

parlaq qızıl günəş doğdu

bir xəzanda

bulud gəlib günü boğdu

anlayarkən xəzanları

zaman bizi qovaladı

gəldi zaman, keçdi zaman

Ayrı düşdük yurdumuzdan

Həsrət qaldıq

sərin-sərin bulaqlara

gül çiçəkli otaqlara

zaman keçdi, biz quruduq

susuz qalan ağaclar tək

təravətdən saldı bizi

bilməm qürbət?

yoxsa fələk?