Güneylilər fəxrisən, ey Urmu gölü! Güney Azərbaycan

Güneylilər fəxrisən, ey Urmu gölü!

Boynuna taxılan boyunbağı okean mirvarisi deyil, Urmunun duz dənələridir...

Niyə 40 milyondan çox bir xalqın ana dilində - Azərbaycan türkcəsində təhsil almaq, oxumaq haqqı yoxdur?

II yazı

Niyə 40 milyondan çox bir xalqın Ana dilində - Azərbaycan türkcəsində təhsil almaq, oxumaq haqqı yoxdur?! Bir xalqın bədbəxtliyi üzərində başqa bir xalq öz xoşbəxtliyini qura bilməz axı? Urmu hadisələri də həmçinin. Bəyəm bu gölün quruması nəticəsində baş verəcək duz fırtınası təkcə o bölgənin əbədi sakinləri olmuş Azərbaycan türklərinə ziyan vuracaq, yoxsa bütün İrana?! Bu həqiqət kifayət qədər anlaşılan deyilmi?!
Gənc yazar Ruqiyyə Kəbirinin lap son dönəmdə - 2013-cü ildə yazdığı "Yasasız törən" adlı şeirində "görülən profilaktiki tədbirlər sayəsində" artıq 80 faizi quruyan Urmunun durumu o qədər orijinal təhkiyə ilə bədii-poetik əksini tapıb ki, oxucu özünü bu yasadışı, qeyri-qanuni düzənlənmiş toy mərasiminin içində hiss edir, bir növ hadisələrin iştirakçısına çevrilir. Canlandırılan aydın mənzərələr, cızılan tablolar qarşısında heyrətdən dil susur, gözlər qan ağlayır, bircə ürək danışır. Birinci tabloda yasadışı toydur, törənin məkanı Urmudur, amma çal-çağırsız, heç bir oyunsuz, rəqssiz-filansız.
Sanki yas mərasimi qurulub, törənin qonaqları isə "damarı yaralanmış bir el"dir. İkinci tabloda gərdək gecəsidir, bu gecənin qəhrəmanı isə gəlindir. Gəlinlik paltarı duzlaqdan,
boynuna taxılan boyunbağı okean mirvarisi deyil, Urmunun duz dənələridir. Və gərdəkdə sevişən, bir-birinə eşqini isbatlayan iki aşiqin sevişmələri ağı deyir. Üçüncü tabloda isə final daha tükürpədicidir, daha acı bir gerçəyin mənzərəsi cızılır. Gərdəkdəcə hamilə qalan gəlinin dölü "Ölüm" adlı bir yaratıqdır.

Sözün bitdiyi yerdir artıq...

Ölümə məhkum edilmiş Urmunun bugünkü halını bundan doğal, bundan real necə anlatmaq olar?! "Yasasız törən"ə üz tutaq:

Zaman mitray doğulan çağ deyil,
1391-ci günəş ili
Məkan-Urmu dənizi:
Yas rəngində, Yasasız, Ayın-oyunsuz bir törən
Gərdək gecəsi:
Dəvətlilər, damarı yaralanmış bir el
Hamun dənizindən iki canlı qalmış bakirədən danışmıram
Gəlinliyi duzlaqdan, Boyun-boğazına düzülmüş,
Okeanların sədəflərinin ürəyində gizli qalmış
Mirvarı deyil, Duz dənələri.
Sevişmələri ağı ağlayır:
Urmu dənizindən iki canlı qalmış qız gəlin
Dölündə Ölüm adlı bir yaratıq
Mitray doğulan çağ deyil 1391-ci günəş ili
Yasasız, Ayın-oyunsuz bir törən.

Xosrov Barışanın "Duzlu gəlinim" şeirində də motiv eynidir, amma yanaşma tərzi fərqli səpkidədir. Şeiri oxuyur və şahid olursan ki, Urmunun real durumu hər bir qələm sahibi kimi gənc şair Xosrovu da düşündürməyə bilmir.

"Ey səni özgə özgəyə pay verən"- deməklə tarixə ekskurs edən gənc şair "Paydan pay olmaz" atalar sözünü xatırlayaraq Türkmənçay müqaviləsilə iki imperiya - Rusiya ilə İran arasında pay-pürüş edilən, "özgənin özgəyə pay verdiyi" gözəlin cəhənnəmə məhkumluğuna, məhv edilməsinə üzülür. Onun kədəri misralara hopur, duzluluğu duzlağa dönüşən, ahının burulğanında bir yarın, bir gələcək dağılan, yəni sabahı məhv edilən Urmunun-doğmasının, əzizinin, var-yoxunun düşdüyü çarəsiz duruma yanıb-yaxılır:

Ey səni özgə özgəyə pay verən
Damo bəzək duzlu gəlinim;
Gözlərin göm-göy bir dəniz:
O (Bu) yenələnən heçlaqda
Gərdəyə girəcəksən!

"Sevgilisiz ögey bir dul kimi korlanacağına, hətta turşuyacağına" üzülən və obrazlı təhkiyə sərgiləyən, "şeir dediyini silahsız bir fədayi çerikə" bənzədən şair, "Adını Urmu qoyduğu Sevgilini qurtarmaq" - fədakarlığına da hazırdır, təki "bağrı çatlamış:" qəbir gözlü gözəli", Urmusu-sevgilisi ölümdən qurtulsun: əgər qurtulmazsa, "şeirinin gəmisi kapitansız qalacaq", düşüncə dalğaları "dodu-dodu dolanacaq".
Xosrovun nəhayət, "Duzlu gəlinim" şeirinin son misralarında Xosrovun apardığı orijinal paralellik-canlı metafora və tragik açıqlama xəncər tək birbaşa ürəyə saplanır: "Sevişmək artıq yasaqdır. Gəlinlik var, Gəlin yox!!!"
Urmu gölünə bu dərəcədə həssas münasibətin, şəninə neçə-neçə şeir və poemaların həsr edilməsinin təsadüfi xarakter daşımadığı son illərin elmi axtarışlarında bir daha öz təsdiqini tapdı. Arxeoloji qazıntılar zamanı Urmu gölünün sahilində yerləşən Urmiya şəhərinin kənarındakı Həsənli qəbiristanlığında toplu məzarların aşkar edilməsi 1918-ci ildə erməni cəlladlarının 150 mindən çox Azərbaycan türkünü qətlə yetirməsini əyani olaraq aşkara çıxardı. Tarixi faktlar təsdiqləyir ki, Azərbaycan türklərinin qanuni ata-baba torpaqlarını zəbt edərək burada "əzəmətli" Ermənistan yaratmaq istəyən ermənilərin türklərə qarşı soyqırğını əməliyyatı İrəvan, Göyçə və Zəngəzurdan başlasa da, Azərbaycanın nə quzeyindən, nə də güneyindən yan keçməmişdi. "Həmin qanlı olayların izləri Dağlıq Qarabağa qarşı ermənilərin qətl və qarətlərlə dolu yürüşləri, bugünkü olaylarla təzələnmişdi. 1918-ci ildə türklərə qarşı ermənilərin Qərbi Azərbaycanda İrəvandan əlavə, 211 yaşayış məntəqəsində törətdiyi soyqırımda 300 min nəfər soydaşımız qətlə yetirilmişdisə, Güney Azərbaycanda təkcə Urmu və Səlmasda şəhid olanların sayı 130-150 min nəfər arasında göstərilir".
1946-cı ilin dekabrında, yəni Milli Hökumət süquta uğradıldıqdan sonra şah qoşunları və Rza şah Pəhləvinin xarici havadarları tərəfindən "Cənubi Azərbaycan torpağı qan dəryasına qərq edilmişdi. Öldürülənlər şəhər küçələrində o qədər çox idi ki, yollardan keçmək mümkün deyildi. Demokratların cənazələrini doğrayaraq arabalara yığıb, küçələrdə gəzdirir, kəsik başlarını nizəyə taxaraq ətrafında dövrə vurub oynayırdılar. Onların arvadlarını, uşaqlarını diri-diri su quyularına, yanar təndirə atırdılar. Gözlərini çıxarır, qulaqlarını kəsir, bədənlərinə dağ basır, qızlarını soyundurub küçələri gəzdirirdilər. Canlı insan bədənlərindən tonqal düzəldirdilər, onları daş-qalaq edir, atın quyruğuna bağlayır, 60-70 yaşlı qocaları peyin arabalarına qoşaraq küçə-küçə gəzdirir, yoldan ötənləri onların üzünə tüpürməyə vadar edirdilər. Bütün bu təhqirlərə, xalqın mərd oğul və qızları mətanətlə dözür, ruhdan düşmək nə olduğunu bilmirdilər. Urmiyədə ADF-nin üzvü Bəhram Nəbi öldürülərkən Azərbaycan himnini, 70 yaşlı Nurullaxan Yeqani isə Səttarxana həsr edilmiş şeri oxuya-oxuya həlak olmuşdu. Azərbaycan xalq qoşunları Marağa qarnizonunun polkovniki Qulu Sübhi ölümünü bir qəhrəman kimi qarşıladı. Urmiyə fədailərinin başçısı Azad Vətən vəhşicəsinə öldürülməzdən qabaq, ona tutduğu yoldan dönmək, yəni düşmən tərəfə keçmək təklif olunarkən cavabında: "Nə danışırsınız, bişərəflər! Söyüd budaqlarını ikiqat əymək olar, qocaman çinar isə sınar, əyilməz" demişdi...
Əlbəttə, bu qanlı hadisələrə, çarəsi hələ də bulunmayan milli dərdlər və dərdi mətanətlə, dözümlə çəkən Vətən oğul və qızlarının şücaəti, zaman-zaman ulu yurdun istilalara, haqsız hücumlara və əhalinin kütləvi soyqırğınına məruz qalmasına şahid olan şairlər də öz növbəsində bu mövzuya dönə-dönə müraciət etməyə, göz yaşlarını bədii sözün gücü ilə ovutmağa ehtiyac duymuşlar.
Bu gün Güney yazarlarının əsərlərindən boy verən Urmu gölünün sürətlə quruması, quruma nəticəsində Azərbaycan türklərinin daha sıx yaşadığı Urmu şəhərini və ətraf bölgələri gözləyən duzlaşma-duz fırtınası, qeyd etdiyimiz kimi, İİR dövlət rəsmilərinin o qədər də ciddiyə almadığı gerçək bir milli problemdir. Marağalı şair Amanoğlu Urmunun bu ağır durumuna dözə bilmir, "Qayıt qədim çağlarına, qovuş qədim dostlarına - Cığatıya, Mürdü çaya, aç qucağın qonaqlara, bir ana tək"- diləyilə Urmu gölünə üz tutur:

Bir gölüm vardı mənim, heyranıyam, Urmu gölü!
Hər kəsə aydın dəyəri, duzlu gölüm, Urmu gölü
Hər dəfə düşdüm suyuna, boğdu məni
O bitmiyən, sevindirən məhəbbətin Urmu gölü
Sən ölkəmin ad sanısan dol qürura
Güneylilər fəxrisən, ey Urmu gölü!

Esmira Fuad
yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru