Faciə ilə üzləşmiş Urmiya gölü Güney Azərbaycan

Faciə ilə üzləşmiş Urmiya gölü

Urmiya gölünün üzərini almış fəlakətin yaxın gələcəkdə törədəcəyi dəhşətlərin miqyası təsəvvüredilməz dərəcədə təhlükəli və qorxuludur

I yazı

Urmiya gölünün tarixi olduqca qədimdir. İranın tanınmış coğrafiyaşünas alimi Mustafa Şəhram özünün "İranın dəniz və gölləri" kitabında qədim mənbələrə əsaslanıb gölün 30-40 min il əvvəl yarandığını yazır. Ən qədim vaxtlardan indiyə qədər Urmiya gölünə müxtəlif adlar verilib. "Çiçe" (fransız səyyah Şarden), "Təla" (Murat Əlbəldan), "Şahi gölü"(Human Fərzad) və s. Ərəblərin istilasından sonrakı orta əsr mənbələrində çox vaxt göl Urmiya şəhərinin adı ilə bağlı "Urmiya gölü" adlandırılıb. Rza şah şahlıq taxtını qəsb etdikdən sonra (1925) Güney Azərbaycandakı bir çox yer adları kimi gölün də öz tarixi adı (şəhərin adı kimi) dəyişdirilərək "Rzaiyyə gölü" adlandırılıb. Xalq isə gölü həmişə Urmiya gölü kimi tanıyıb və tanıyır.
Güney Azərbaycanın qərb bölgəsində yerləşən, Göy gölün Güneydəki füsünkar bacısı Urmiya gölü təbiətin Vətənimizə bəxş etdiyi əvəzsiz töhfələrdəndir. YUNESKO-nun "Qoruqlar kitabı"na daxil edilmiş Urmiya gölü eyni adlı şəhərin 25 km-liyində yerləşsə də, bu su hövzəsi Təbriz, Salmas, Marağa, Tufarqan (Azərşəhr), Qoşaçay (Miyandab), Sulduz (Nəqədə), Soyuqbulaq (Mahabad) və Uşnu şəhərlərini sahilləri ilə əlaqələndirir. Göl bu yaşayış bölgələrində ekoloji təmizliyə və tarazlaşmaya önəmli kömək edir. Əgər coğrafi ədəbiyyatda göl adlandırılan Xəzər dənizi nəzərə alınmazsa, Urmiya gölü İranın və Qərbi Asiyanın ən böyük gölü sayılır. Duzluluq dərəcəsinə görə isə dünyada üçüncü yeri tutur.
Son 15-20 ildə Urmiya gölü böyük fəlakətlə üzləşib. Göldə müxtəlif amillərin təsiri altında suyun səviyyəsinin azalması və nəticədə göldə quruma prosesinin çoxalması ictimaiyyəti, xüsusən gölün sahil ərazisində yaşayanları ciddi şəkildə narahat etməyə başlayıb. Bu narahatlığı əhalinin etiraz mitinqlərindən tutmuş, informasiya vasitələrindəki çıxışlarından, azərbaycanlı millət vəkillərinin İran İslam Şura Məclisinin kürsüsündən səsləndirdikləri bəyanatlardan da görmək olar.
Urmiya gölünün üzərini almış fəlakətin yaxın gələcəkdə törədəcəyi dəhşətlərin miqyası təsəvvür edilməz dərəcədə təhlükəli və qorxuludur. Yerli müəlliflər həyəcan təbili çalırlar ki, əgər gölün qurumasının qabağı alınmasa (orta hesabla gölə tökülən suyun həcmi hər il 1,3 milyard m3 azalır), bu gedişlə 2020-ci ilə qədər göl tamamilə quruya bilər. Bu isə təqribən 500 km radiusda yaşayan 70-75 milyon əhalini (ən əvvəl Güney Azərbaycanı) böyük fəlakətlə üzləşdirər.
Urmiya gölü haqqında ümumi məlumat: Urmiya gölünün ümumi sahəsi 6000 m2, ümumi su tutumu 20-24 milyard m3, uzunluğu 130, eni isə orta hesabla 40 km-dir. Dəniz səviy-yəsindən 1274 m hündürlükdə yerləşən Urmiya gölünün dərinliyi 2 metrdən 16 metrə qədərdir (orta dərinlik 5 metrdir). Göldəki su çəkilib, dayazlıq artdıqca flora və fauna məhv olmağa doğru gedir. Sərnişin və yükdaşıma üçün gölün 6 limanı ("Gülmənxana", "Şərəfxana", "Heydərabad", "Rəhmanlı", "Xantaxtı", "Şahi") var. Təbii sərvətinə və müalicəvi önəminə görə Urmiya gölü İran ərazisindəki 6 göldən ən zənginidir. Göl yerləşdiyi relyefə, təbii gözəlliyə, şəfalı su və palçığında olan mineral maddələrin çoxluğuna görə təbiətin bu bölgəyə verdiyi əvəzsiz nemətdir. Gölün suyu həddindən artıq şor olduğundan suya düşən insan boğulmur. Gölün sahilindəki palçıq böyük müalicəvi keyfiyyətə malikdir. Suyu və palçığı ifrazat yollarının təmizlənməsində, artroz, əsəb, dəri-zöhrəvi, saç tökülmə, revmatizm və qadın xəstəliklərinin müalicəsində şəfavericidir. Diqqət ayrılıb qayğı göstərilərsə, şöhrəti İran hüdudlarını çoxdan aşmış Urmiya gölü beynəlxalq sanatoriya və müalicə mərkəzlərindən birinə çevrilə bilər. Göl mineral maddələrlə də zəngindir. Mütəxəssislərin yazdıqlarına görə, göldəki mineral maddələr milyard tonlarladır. Bu minerallar ölkənin tələbatını ödəməkdən başqa ixracatda da canlanma yaradar və böyük gəlir əldə etməyə imkan verə bilər.
Əvvəllər bu bölgədə filiz çıxarma idarəsinə başçılıq etmiş mühəndis Qarabaği "Keyhani həvayi" qəzetində çap etdirdiyi məqaləsində yazır: "Gölün sərvətindən düzgün istifadə olunarsa, oradan çıxarılan və ixrac olunan məhsullardan əldə edilən gəlirdən başqa, ölkənin daxilindəki bir sıra istehsal sahələri göldən alınmış bir çox qiymətli xammalla təmin oluna bilər. İstənilən qədər sənaye və yemək duzundan əlavə, əczaçılıq, neft-kimya, strateji sənaye və boyaq işləri üçün lazım olan maddələrin bir çoxu gölün daxilində olduğu halda, biz pul xərcləyərək onları xaricdən gətirmək məcburiyyətindəyik".
Müəllifin fikrincə, gölə gələn suyun hər m3-dən 200-220 qrama qədər dürr almaq mümkündür. Gölə tökülən suyun illik miqdarı isə 1 milyard m3-ə qədərdir. Gölün suyu və palçığı əvəzolunmaz müalicəvi keyfiyyətə malik olduğundan ondan əhalinin, eləcə də turistlərin səmərəli faydalanması üçün sahil zonalarında sanatoriya və müasir müalicə ocaqlarının yaradılması dövlət xəzinəsinə, eləcə də yerli büdcəyə gəliri bir neçə qat artıra bilər.
Urmiya gölü haqqında söhbət gedərkən insanı valeh edib, heyrətləndirən bir cəhət də gölün içərisində onlarla adanın və bir neçə yaşayış məskəninin olmasıdır. Göl haqqında yazılanlardan məlum olur ki, burada böyüklü-kiçikli 102 ada var. Pəhləvilər dövründə (Rza və Məhəmmədrza şah) tüğyan edən fars şovinizmi bu adaların da tarixi türk adlarını farslaşdırılıb. Abbas Cəfəri tərəfindən tərtib edilmiş "İranın təbii coğrafiyası haqqında məlumat" kitabında göstərilir ki, Urmiya gölündəki 102 adadan dörddə birinin tarixi türk adları farslaşdırılıb. Arpa dərəsi "Covin", Ağ dağ "Spid", Əbülqasım daşı "Zirabə", Əhməd daşı "Bstur", Çayırlı "Brd", Daş ada "Brdin", Sarıtəpə "Zərtəpə", Qara təpə "Siyahtəpə", Qılıcyağlıqara "Şəmşiran" və s. 1979-cu il İran inqilabından sonra adadakı tarixi türk adlarının bərpa edilməməsi təəssüf doğuran məsələlərdəndir.
Göldəki adaların bir neçəsində (Şahi, Qoyun dağı) əhali yaşayır. Onlar bağçılıq, əkinçilik və maldarlıqla məşğuldurlar. Adaların birlikdə sahəsi 33-34 min hektardır. Adalarda 54-ə qədər çeşmə və su mənbəyi var ki, bunların bir çoxunun suyundan təsərrüfatdan başqa məişətdə də istifadə olunur. Şahi adası 2525 hektar, Qoyundağı isə 3175 hektar ərazidə yerləşir. Gölün səviyyəsindən 300-350 m, dəniz səviyyəsindən isə 1500 m-dən çox yüksəklikdə yerləşən adalarda onlarla ailə yaşayır. Onların bir çoxu əkinçilk və maldarlıqla məşğul olmaqdan əlavə gölün sahil limanlarında da işləyirlər. Son illərdə göldəki suyun azalması adalardakı əhalinin sahil məntəqələrə gedib-gəlməsini asanlaşdırsa da sahildəki limanların fəaliyyətinə mənfi təsir göstərir. Şor gölün içində insanlara yaşamaq və işləmək üçün qoynunda yer verən aadaları əslində təbiətin möcüzəsi adlandırmaq olar.
XX əsrin sonu XXI əsrin əvvəllərində Urmiya gölündə suyun azalması ilə bağlı gölün sahəsinin sürətlə quraqlığa çevrilməsi yaxın gələcəkdə baş verə biləcək böyük fəlakətdən, bu bölgənin həyat üçün ciddi təhlükəsindən xəbər verir. Bu haqda əhalinin narahatlığını dövlət orqanlarına, prezidentə, Məclisə, dini rəhbərə olan çoxsaylı müraciətlərindən, vaxtaşırı gölün ətrafındakı etiraz mitinqlərindən, yerli ziyalıların mətbuatdakı yazılarından, Məclisdəki azərbaycanlı deputatların çıxışlarından görmək olar. Hər il Novruzdan 12 gün sonra ("Sizdəh" adlanan gün-Ə.R.) kütləvi gəzintiyə çıxmaq adı ilə əhali boş su qablarını bir-birinə vurmaqla, vedrə və sənəklərdə gətirdikləri suyu gölə tökməklə ali məqamda oturanların diqqətini göldəki fəlakətli duruma yönəltməyə və ona əlac etməyə çağırırlar.
Göldəki suyun tam çəkilməsi təkcə bölgədə yox, ondan uzaqlarda da çox ciddi iqlim dəyişikliyinə səbəb olar, ekoloji tarazlıq tam pozular, havadakı zəhərli maddələrin sayı həndəsi silsilə ilə artar. Səmadakı şeh və yağıntı yerdəki bütün canlıları məhv edib yoxa çıxardar. Göl şor duzlarla zəngin olduğundan qurumuş gölün təkindəki duzlar toza çevrilib yüz kilometrlərlə uzaqlara səpələnər, min hektarlarla məhsuldar torpaq şoranlaşar, bağ-bağat quruyub məhv olar. Öz varlığı ilə Azərbaycanın incisi sayılan və bölgədəki insanlara böyük müalicə və təsərrüfat cə-hətdən xeyir verən gölün quruması bu yerləri fəlakətli düzənliyə çevirməklə yanaşı böyük bir neməti bölgənin əlindən çıxarar. Ən başlıcası, yaranmış ağır ekoloji duruma dözməyən yerli əhali öz ata-baba ocağını tərk etmək məcburiyyətində qalar. Bəlkə də belə bir durum hakim dairədə oturan bəzi şovinist, türkə qənim kəsilənlərin ürəyindəndir və buna görə gölün fəlakətdən xilas olmasına çalışmırlar, əməli tədbirlərin görülməsinə mane olurlar. Əhalisinin sayı 3-4 milyon olan bir bölgənin boşalması, onların çoxunun farsdilli yaşayış yerlərinə axını indiki və gələcək nəslin milli kimlikdən uzaqlaşma işini asanlaşdırar. Belə bir işin İran tarixində analoqu var. Vaxtilə Sistan əyalətində olan Hamun (Urmiyadan sonra İranın ikinci böyük gölü idi) gölünə tökülən Hirmand çayının istiqamətinin dəyişməsi ilə bağlı bu göl tamamilə quruduğundan buradakı əhali kütləvi şəkildə köç etməyə məcbur olub. Belə bir durumun Azərbaycanın qərb bölgəsində də təkrar olunmaq ehtimalı var. Buna görə də bu məsələ hər bir türkü düşündürüb narahat etməlidir. Urmiya gölünün fəryadına, harayına səs verilməli, onun dərdinə və ehtiyacına çarə axtarılmalıdır. Əks təqdirdə Urmiya gölündə bu gün baş verən faciəli olayla sabah milləti olub-bitmiş bədbəxtliklə üzləşdirə bilər.
Urmiya gölü ilə bağlı yaranmış faciəli durumun ilk acı nəticələri haqqında mətbuatda gedən xəbərləri ağrı-acısız oxumaq mümkün deyil. "Təbrizin səsi" və "Öyrənci" qəzetlərinin yazdığına görə, Təbiəti Mühafizə İdarəsinin başçısı Məhəmməd Cavad Məhəmmədzadənin dediklərinə əsaslanaraq deyə bilərik ki, gölün qurumuş bölgəsində yaranmış ağır ekoloji vəziyyət buradan 40 kəndin sakininin başqa bölgəyə köçməsinə səbəb olub.

Əkrəm Rəhimli,
iqtisad üzrə fəlsəfə doktoru