Səməd Behrəngi yasaq olunmuş Ana dilini uğrunda öləcək qədər çox sevirdi...    - 2-ci yazı Güney Azərbaycan

Səməd Behrəngi yasaq olunmuş Ana dilini uğrunda öləcək qədər çox sevirdi...    - 2-ci yazı

Azərbaycan nağıllarını toplayaraq fars dilinə çevirir və yaxın dostu, məsləkdaşı Behruz Dehqanı ilə birlikdə çap etdirib Azərbaycan şifahi xalq ədəbiyyatı xəzinəsinin qapılarını farsdilli oxucuların üzünə açır. Səməd Behrəngi kamil pedaqoq olmaqla yanaşı, həm də orijinal dəst-xəttə malik istedadlı öykü yazarı, XX əsr İran və Azərbaycan ədəbiyyatının ən görkəmli adlarından biri idi. Güney Azərbaycanda çağdaş dövr uşaq ədəbiyyatının yaranması və inkişaf etməsi məhz onun şərəfli adı ilə bağlıdır.
Uşaqlar üçün nağıllar, həmçinin baş qəhrəmanları əsasən ünsiyyətdə olduğu şagirdləri olan və onların başına gələn olaylardan bəhs edən son dərəcə maraqlı hekayələr qələmə alır, özəlliklə "alleqoriya və təşxislərə yer verməklə örtülü şəkildə ən orijinal yolla öz fikir və düşüncələrini yayırdı (M.Abbasova. Xalq Cəbhəsi. 2015, 4 mart, səh. 14)”.
“Adət”, “Binam//Adsız”, “Narınc qabığı”, “Balaca qara balıq”, “Ulduz və qarğalar”, “24 saat yuxuda və ayıqlıqda”, “Çuğundursatan oğlan”, “Bir hulu, min hulu”, “Məhəbbət nağılı”, “Təlxun”, “Ləbi satan uşaq”, “Qoca arvad və qızıl cücəsi”, "Koroğlu və keçəl Həmzə”, “Ulduzla danışan gəlincik”, “Çox bəxtiyar ağa” və s. kimi hekayələrində o, bulaq suyu kimi dumduru, saf uşaq dünyasından böyüklərin bulunduğu aləmə bir pəncərə açır və açdığı pəncərədən toplumu bütün cizgiləri, xüsusiyyətləri ilə yaşlıların gözləri önündə canlandırırdı... Və böyüklər, yaşlılar da həmin əsərlərə maraq göstərirdilər...
Əsərlərini “Biz uşaqlara: - Oğurluq etmə, yalan danışma! - kimi məsləhətlər vermək əvəzinə, onların oğru olmalarının səbəbini açıb göstərməliyik. Çünki insanları yetişdirən mühitdir. Yaxşı insan yetişdirmək istəyiriksə, mühiti də yetişdirməli və insaniləşdirmə¬liyik”, - əqidəsi ilə yazıb-yaradırdı Səməd Behrəngi... Uşaq təbiətini anlayan təcrübəli pedaqoq kimi körpə fidanlara yalnız doğruya inam, həqiqətə sevgi, şərə, pisliyə və xəyanətə, ağa qara, yalana həqiqət, göz yaşlarını sevinc şəlaləsi, hıçqırığı gülüş, məhrumiyyətləri tanrının qisməti kimi kimi qələmə verənlərə nifrət aşılayırdı. Bu nifrətin onların yaşamı üçün, yaxşını pisdən ayıra bilməsi üçün gərəkli olduğunu düşünürdü.
Doktor Мənuçöhr Hezarxani "Balaca qara balığın dünyagörüşü” аdlı məqaləsin¬də yazır ki, "Behrənginin uşaqlara öyrətdiyi nifrət (əgər o, öyrətməsə, həyat özü öyrədəcəkdir) insani bir nifrətdir. Pisliyə, xəyanətə, pislərə və xəbislərə nifrətdir. Süni və saxta sevgi və məhəbbətin mübəlliğləri iki min ildir ki, məsələni ört-basdır etmək üçün bihudə səy göstərirlər. Lakin bir dəfə belə, onu məntiqi şəkildə həll etmək fikrində olmamışlar...”
Səməd öz xalqının pərvanəsi idi. Əsərlərini fars dilində qələmə alır, elin yaratdığı ağız ədəbiyyatı nümunələrini də fars dilinə çevirir, bu dilin oxucularına göstərirdi ki, onun da xalqının ana dilində - Azərbaycan türkcəsində zəngin ədəbiyyatı, böyük mədəniyyəti var. Ədəbiyyat onun üçün zülm və haqsızlıq, cəhalət və nadanlıq əleyhinə ən etibarlı mübarizə silahı, xalqı cəhalət yuxusundan oyatmaq silahı idi. Əsərlərinə güclü yanğı, sevgi və o dərəcədə də nifrət hissi hakimdir. Nifrət və məhəbbət yaratdığı ədəbiyyatın – hekayə və məqalələrinin gözəllik meyarı idi... Şahidi və iştirakçısı olduğu, bütün ruhunu qarsan olayları əsərlərinə mövzu və motiv seçən yazarın düşüncəsinə görə, “gərək özünü oda atasan ki, yanmışların dərdindən xəbərin ola. Tonqalda kənardan əlini qızdırmaqla yanmışların nələr çəkdiyini anlamaq mümkün deyil...”
Bu prinsiplərlə yaşayan Behrəngi yaradıcılığının ana xətti Güney Azərbaycan kəndinin gerçəklikləri, bu kənddə yaşayan xalqın yaşamı, problem və ağrıları, vətən sevgisi, azadlıq, milli birlik, milli haqq və hüquqların qazanılmasının gərəkliliyi, düzlük və doğruluq, vəfa və etibar, qardaşlıq kimi məsələlər idi... O, laqeydliyi ən böyük bəla sayır, həyatını “səssiz göl kimi” keçirən, yalnız “qoy mən salim olum, özgələr ilə nədir karım?” prinsipi ilə yaşayan və “dinc yaşayışının pozulmasını istəməyən başıaşağı, yolagedən” zümrələri, üzdə özünü dinə inanan kimi göstərən, ancaq Ramazan ayında cəmi üçcə gün oruc tutub namaz qılan saxtakar dindarları, tutduğu məmur postunu itirməməsi üçün şərəf və ləyaqətini itirib sahibinin quluna çevrilən məsləksizləri tənqid hədəfinə çevirirdi. “Çox bəxtiyar ağa” hekayəsinin qəhrəmanı məhz belə tiplərdən biridir.
Ədibin lirik əhval-ruhiyyədə yazdığı və mənsur şeir təsiri bağışlayan “Qar dənəcikləri” minimal hekayəsində də oxucu gerçəklərin ayrıntılarına varmaqla yanaşı, yazarın iç dünyası, kövrək duyğuları ilə də baş-başa qalır... Qar dənəsinin taleyində hüquqları əlindən alınmış və hegemon dövlətlərin idarəsində əriyib yox olmaq təhlükəsi ilə üz-üzə qalan xalqların taleyini görür, bu qədərdən qaçmağın çıxış yollarını düşünürdü...
“Alışqanlıq” hekayəsində Səməd Behrənginin növbəti tənqid hədəfi savadsız, məktəbdə gününü şagirdlərə bilik əvəzinə, mənasız, cəfəng, tutaq ki, şüşənin rəngi nədir? – kimi suallar verərək bütün dərs boyu cavabını gözləməklə vaxtını öldürən, şagirdlərsə olmayan doğru cavabı bilmədikdə, bütün sinfi aşağı səviyyəli kimi qiymətləndirərək direktora şikayət edən və özünü bilikli göstərən diplomlu şarlatanlardır. Səməd dərindən təəssüflənir ki, belə yaşayışa alışmış səviyyəsizlər də müəllim adını daşıyır, ömrünü uşaqlara cəfəngiyyat danışmaqla başa vurur, xalqın kasıbçılıqla, bir qarın ac, bir qarın tox böyütdüyü və məktəbə gətirib ona etibar etdiyi balalarını mənən şikəst edirlər: “Belə işlərə və sözlərə öyrətmən alışdı: bu cür dərs verməyə, balaca uşaqları ayaqyalın, qıçı açıq görməyə, onların məktəbə gələndə yaşlı gözlərinə baxmağa, iş yerinin zırt-pırtına... İdman saatlarında iki dənə cırıq topu əlli dənə şagirdinin qabağına atırdı ki, idman eləsinlər. Beləcə, onda hər şeyə alışqanlıq oldu. Uşaqlara, onlar ki, hələ bilmirdilər şişənin boyağının rəngi nədir?..”
“Ahın nağılı” ailəsini sevən, üç qızının qayğısına qalan və onların istəklərini yerinə yetirən cəfakeş bir atanın ağıllı, fərasətli kiçik qızının nəfsinin qulu olan xəbis insanların bədbəxtliyə sürüklədiyi neçə-neçə insanı sehr və əfsunun köməyilə əvvəlki xoşbəxt həyatına qaytardığından bəhs edir. Ustad yazar “Təlxun” povestində bu mövzunu daha da genişləndirir və bu dəfə tacir atanın yeddi qızının arzusunu necə gerçəkləşdirməsindən söz açır. Kiçik qız Təlxunun atasından “Bir ürək, bir ciyər” istəyi folklora söykək çox dərin mənaları özündə ehtiva edir. Səməd bu istəklə uşaq və gənclərə ürəkli, cəsarətli olmaq, ağciyər, qorxaq olmamaq və mübarizələrdə udmaq, igid bir dəfə, qorxaqlarsa gündə neçə dəfə ölüb-dirilər, ismarıcını yollayırdı...
“Adsız” hekayəsində insanın bəlli bir adla çağırılmasının gərəkliliyi, özünün də daşıdığı adına layiq olması məsələsini əsas götürən Səməd Behrəngi cahillik girdabında çabalayan soydaşlarını Sabir, Mirzə Cəlilsayağı gülə-gülə tərbiyə etmək, onların gözünü açmaq və gerçəkləri göstərmək yolunu tutub. Arvadı tərəfindən başqa birisi ilə aldadılan kişinin cahilliyinə acıyan müəllif gülə-gülə ona gerçəkləri anlatmaq istəyir və əsərin sonunda öz evinin qapısını döyən “Adsız”ın arvadının "De görüm adın nədir? Adını deməsən səni içəri buraxan deyiləm” sualı qarşısında düşündükləri onun nə dərəcədə cahil və bədbəxt olduğunu yansıdır: “Doğrudan da adı nə idi. Bunu daha oxumamışdı. Adını unutmuşdu. Bəlkə də doğuluşdan adı yox idi. Kəşkə bu cür olardı, o anda ovunardı, öz-özünə deyərdi: bizim eşşəyimizin qoduqluqdan quyruğu yox idi. Amma bilirdi ki, nə vaxtsa adı var imiş...”
***
“Balaca qara balıq” hekayəsində "Lütfən məni təhqir etməyin! Mənim adım Qaraca balıqdır. Siz də adınızı söyləsəniz tanış olarıq”, fikri də insanın, yaxud hər bir canlının doğuluşdan bəlli bir adı daşımalı, harda olursa-olsun, həmin adla çağırılmalı olduğunun təsdiqidir...
Çoxları kimi, mən də bu fikirdəyəm ki, yazar əslində özünü, yaşamını – başına gələn, gətirilən olayları yazır, varlığıyla öyündüyü və sevdiyi insanları, qürur duyduğu şəxsiyyətləri, heyranı olduğu doğma təbiət gözəlliklərini, birgə ömür sürdüyü ortamı vəsf edir, şairlər isə bütün bu özəlliklərdən vəcdə gələrək onları poetik vüsətlə nəzmə çəkir... İç dünyasının saxlanclarının, yaşadığı dövrdə üzləşdiyi olayların əks-sədası olmayan əsərlər oxucunu inandıra bilmir. Səmədin də yaşamının mənası, əsərlərinin ilham qaynağı bu özəlliklər, ən çox da hər gün təmasda olduğu uşaqlar idi. O, yalnız bətnindən qopduğu xalqın taleyini düşünürdü. Bu taleyi sabahın böyükləri olacaq balacalar həll edəcəyindən onun xoş gələcəyə qovuşması üçün yaşamın ağrı-acılarını məhz balacaların gözləri qarşısında canlandırır, həyatın sirlərini anlamaqda onlara yardımçı olurdu. Bu yönlü düşüncələrinin yer aldığı ilk qələm təcrübələri – “Adət” və "Binam (Adsız)” hekayələri 1959-cu ildə dərc edilir... “Balaca qara balıq” hekayəsini isə 1960-cı illərin əvvəllərində ağ vərəqlərə köçürür... Bu hekayə Səmədə böyük uğur gətirir, yaşamının manifestinə çevrilir, adını bir sıra dünya ölkələrində tanıdır...
Belə ki, əsər 1965-ci ildə İtaliyanın Boloniya şəhərində keçirilən Uşaq Ədəbiyyatı üzrə Beynəlxalq Festivalın qalibi olur və qızıl medala layiq görülür. Birinci yeri tutduğuna görə "Balaca qara balıq” hekayəsinə, eləcə də Güney Azərbaycan ədəbiyyatına və xalqına dünya xalqlarının marağı artır, əsər italyan, fransız, ingilis və türk dillərinə çevrilərək geniş tirajla nəşr edilir.
Təkcə o taylı-bu taylı Azərbaycanın deyil, xarici ölkə ədəbiyyatşünaslarının da yüksək qiymətləndirdikləri “Balaca qara balıq” hekayəsinin özəlliyi içində işıq - yolgöstəricilik funksiyası, dəniz fənəri statusu daşımasıdır...
Uşaq ikən: “Arxın sonu haradır?” – deyə xəyallara dalan, "ancaq arxın başlanğı¬cı, sonu olmaz, arx hər zaman axar və heç yerə də çatmaz” düşüncəsindən o yana adlaya bilməyən anasından, hər gün nağıl söylədiyi on bir min doqquz yüz doxsan doqquz (Koroğlunun 7777 dəlisi yada düşmürmü?), eləcə də milyonlarla balıqdan - əslində soydaşlarından fərqli olaraq “Dünyada hər şeyin sonu yoxdurmu? Gecə ilə gündüzün sonu var; həftənin, ayın, ilin sonu var, deməli sularında üzdüyümüz bu arxın da sonu var!” qənaətinə gələn və suallarının cavabını tapmaq üçün səfərə - arzularının dalınca gedib böyük dünyaya çıxmaq istəyən Qaraca balıqdan...

Esmira Fuad
filologiya üzrə elmlər doktoru