“Azərbaycan”  qəzetinin səhifələrində  - 82-ci yazı Güney Azərbaycan

“Azərbaycan”  qəzetinin səhifələrində  - 82-ci yazı

Baba oğlu: "Yaxşı yol!"
(Seyid Cəfər Pişəvərinin 1946-cı ilin aprel ayında Tehran hökuməti ilə danışıqlara getməsi münasibətilə yazılmış şeir)
Çəkilmiş Təbrizin başından duman,
İşıqlanmış göydə bütün asiman.
Təbriz əhalisi güllə, çiçəklə
Axışır meydana, saf bir ürəklə
Əllərində çiçək, gözlərdə gülüş
Ürəkdə məhəbbət, dodaqda öpüş
Kişi, qadın, cavan, qız, oğlan, uşaq
Yüzlərlə fədai, minlərcə qoçaq
İgid əsgər – Azərbaycan balası
Silahlanıb durmuş Vətən qalası!
Heç kəs istəmir geri qalmağa,
Dostlar gəlib, dostu yola salmağa.
Xoş şadlıq səsi var bu gün hər yanda,
Təyyarə uçmaq üçün hazır meydanda.
Söylə bir kürsüdən nitq, Pişəvəri
Onun gözləridir – haqqın gözləri!
“Mən Azər oğluyam – Vətən oğluyam
Xalqımın yolunda daim doğruyam!”
Bu sözlə and içdi millətə rəhbər
Rəhbərin alnından öpdü xoş səhər!
Yaxşı yol, bizim igid Pişəvəri
Unutmaz xalq göstərdiyin hünəri.
Halal olsun südü sənə ananın
Yaşayacaq daim hər bir ananın
Əziz ürəyində, Azər elində
Adın deyiləcək Azər dilində
Min yaşasın səni doğan mərd ana!
İcazə ver qolum salım boynuna
Öpüm o vüqarlı alnından sənin
Öz adımdan, həm də əziz Vətənin!
Yaxşı yol, salamat qayıdın, qurban
Elin balasına el özü qurban!
Meydança dönmüşdü bəzəkli gülə
Rəhbərə gül səpdi el gülə-gülə
Meydanda getdikcə artdı izdiham
Mən də bu səhnədən aldıqca ilham
Şerimi səpdim yoluna lalətək
Qaldırdım göylərə bir piyalətək!
Danışığa uçdu Tehrana rəhbər,
Xalq üçün gətirə yeni bir zəfər.
Bədəni uçdusa, qəlbi bizdədir
Onun məhəbbəti qəlbimizdədir!

“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 187, 1 may 1946-cı il
***
Qızıl ordunun yola salınması haqqında

Aman haraya gəlin, yari-mehriban gediri
Edibdi qəlbimizi bir parça ləxtə qan, gediri.
Kəməndi-eşqə giriftar edib məhəbbətlə
Fəraq odunda qoyub, indi də yaman gediri
Necə yanıb ürəyim, şahidimdi çeşmi-nərim
Bu qandı, gözdən olub müttəsil rəvan gediri.
Həbibim, indi nə halətdəyəm, özüm bilirəm
Gözüm görür ki, bədənimdən çıxıbdı can, gediri
Gözüm axır, ürəyim titrəyir, dizim bükülür
Olan bu cismim için taqətü təvan gediri
O getdiyin yola baxdıqca gözlərim qaralır
Edib o yol məni min oxlara nişan, gediri
O dilbəri ki, mənə süngüsilə verdi həyat
Necə gör indi edir qəddimi kəman, gediri
Nə çarə eyləyim axır, onu sevir ürəyim
O dövr dalınca olubdur dəvan-dəvan, gediri.
Əgərçi güllərimiz indi gülüstanda açıb
Həyatımıza gözəllikcə hər zaman gediri
Və leyk yarə əlaqəm o qədərdir, guya
Ki, güllərim də gedir, həm də gülüstan gediri.
Hilal, sanma ki, yarın çevirdi üz səndən
O da sənin kimi, Vallahi, bağrı qan gediri
Ümid bağla vüsala ki, səndən ayrılmaz
O ruh kim, eliyibdir səni cavan, gediri.

Hilal Nasiri
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 186, 30.04.1946
P.S. Məhəmməd Əli Hilal Nasiri 1903-cü ildə Təbriz şəhərində anadan olmuşdur. O, ibtidai təhsilini köhnə üsullu məktəbdə alaraq sonra şəxsi mütailə ilə məlumatını artırmiş və iki il “İttihadiyyə” və “Ruşdiyyə” məktəblərində riyaziyyatdan dərs demişdir. Təbrizdə Şeyx Məhəmməd Xiyabani hərəkatı başladiği zaman Hilal Nasiri firqənin ilk təşkilatının katibi olmuşdur.
Cənubi Azərbaycanda 1941-1946-cı illər milli-demokratik hərəkatı dövründə və xüsusilə 1945-1946-cı illər xalq hakimiyyəti illərində Hilal Nasirinin ədəbi yaradiclığı daha məhsuldar olmuşdur. Kitab və məcmuə çap etmək, bu yolla xalqın intibahına yardım göstərmək onun sevə- sevə çalışdığı sahələrdən biri idi. O, Azərbaycan və fars dillərində “Azərbaycan ulduzu” (“Sitareyi-Azərbaycan”) qəzetini , “Hophopnamə”, “Divani-lahuti”, 35 min sözdən ibarət “Farsca-fransızca lüğət” və digər kitabları çap etdirmişdir. Eyni zamanda “Mirzə Taği xan Əmiri-Kəbir”, “Necati-bəşər”, “Ana dili” pyeslərini yazib Təbriz səhnəsində tamaşaya qoymağa müvəffəq olmuşdur.
Hilal Nasiri 21 Azər hərəkatının da fəal iştirakçılarından və milli dövlət quruculuğu işlərində də fəal iştirak edənlərdən olmuşdur. O, 1945-ci ilin sentyabr ayının 25-də Azərbaycan Demokrat Firqəsinin Təbriz şəhər komitəsi tərəfindən həmin ildə firqənin 2-4 oktyabr tarixləri arasında keçiriləcək 1-ci qurultayına seçilmiş 59 nəfər nümayəndədən biri olmuşdur. 1946-cı ilin dekabr ayinda Təbriz şəhəri Tehran qoşunları tərəfindən tutulduqdan sonra Hilal Nasirinin sonrakı həyatı haqqında məlumat yoxdur.

***

Qızıl Ordunun yola salınması münasibəti ilə ordibehişt ayının 7-də Təbriz mədəniyyət evində təşkil tapmış təntənəli yığıncaqda olunmuş teleqrafın mətni

Moskva - Kreml – generalissimus Stalinə
Cahanşümul əzəmət və iftixar qazanmış xilaskar Qızıl ordu beş il İran Azərbaycanında iqamət etdikdən sonra azadlığın beşiyi olan vətəninə qayıdır. Qəhrəman Qızıl ordunun öz vətəni və bir çox azadlıqsevən millətləri, o cümlədən İran xalqını dəhşətli faşizm əsarəti təhlükəsindən qurtarması bizim ürəklərimizdə unudulmaz maraq və minnətdarlıq yaratmışdır. Qızıl ordunun İranda göstərdiyi ali əxlaq və nəcabət vaxtilə onun əleyhinə aparılan və İran xalqlarının bir hissəsini öz təsiri altına alan imperializm təbliğatını əməldə ləğv etməklə sübut etdi ki, Qızıl ordu həqiqətən azadlıq və mədəniyyət ordusudur.
Bu gün Qızıl ordu məmləkətimizi tərk edərkən biz Azərbaycan ziyalıları həm şad və həm də mütəəssirik. Şadlığımızın səbəbi budur ki, Qızıl ordu bizim məmləkətimizə gəldiyi zaman bəşəriyyət düşmənləri ilə çox ağır bir müharibə etməkdə idi. İndi isə öz düşmənlərini məğlub etmiş, azadlıq və demokratiyanı qorumaqla bəşəriyyətə böyük xidmətlər göstərmişdir.
Eyni halda bu nəcib ordunun getməsindən mütəəssirik. Çünki Qızıl ordu öz iqaməti müddətində bizə böyük köməklik etmiş, məmləkətimizin abadlıq və tərəqqisi yolunda qiymətli şəraitlər yaratmışdır. Məmləkətimizin müxtəlif nöqtələrində su quyularının qazılması xalqların rifahına və ümumi səciyysinə böyük dəyər verən bir yardımdır. Rabitə vasitələrinin təkmilləşdirilməsi, yollarımızın genişləndirilməsi, məmləkətimizin çox nüfuzlu yerlərində yüksək ixtisaslı xəstəxanaların təsisi və xüsusilə Qızıl ordunun Azərbaycan xalqına hədiyyə etdiyi radio istansiyası ürəklərimizdə əbədi bir səmimiyyət yaradan yadigarlardandır.
Bizim üçün yəqindir ki, tarixin ən böyük müharibəsində öz rəşadət və qəhrəmanlığını göstərib misilsiz qələbələrə nail olan Qızıl ordu gələcəkdə öz tarixi xilaskarlıq vəzifəsini müvəffəqiyyətlə ifa edərək azadlıq və demokratiyanın, sülh və əmin-amanlığın müdafiəçisi və dayağı olacaqdır. Bizim ruhumuz daima Qızıl ordu ilədir.
Yaşasın qələbələr ordusu olan qəhrəman Qızıl ordu!
Yaşasın dahi sərkərdə generalissimus Stalin!

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 186, 30.04.1946

***
Xalq artisti
Bu gündən aşıq Hüseyn Cavan milli səhnəmizdə göstərdiyi ləyaqət və bədii yaradıcılığa görə Azərbaycan xalq artisti adını daşıyacaqdır.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 186, 30.04.1946

***

Qızıl ordunun İran ərazisini tərk etməsi münasibətilə

Əli Tudə: "Yaxşı yol, qardaş"

Ey könül, çırpınma göyərçin kimi
Qoy səni sıxmasın bu hicran qəmi
Gəl bu gün qardaşın könlünə sığın!
Bu axır görüşün, bu ayrılığın
Mənə hər saatı bir il olsa da
Qəlbim tutub da gözüm dolsa da
Lakin toplayıram qüvvəmi yenə.
Çünki ümid verir qardaşım mənə.
Bilirəm atmamış, o atmaz məni.
Unutmaz heç zaman, unutmaz məni.
O, ağır günümdə köməyə gəldi.
Yurdum azad oldu, anam dincəldi.
Bu yeri saxladı acı tufandan
Bu millət görmədi nə ölüm, nə qan.
İndi o hörmətlə ayrılır bizdən.
Qoy razı getsin bir- birimizdən
Bizim bu ellərdə gözəl qayda var:
Əgər bir-birindən ayrılsa dostlar,
Biri söz tapşırar, biri əl verər,
Biri qucağına dəstə gül verər.
İndi əziz qardaş icazə versən,
Yoluna gül səpim, çiçək düzüm mən.
Ürəkdən söyləyin çox sağ ol, qardaş!
Xoş gəldin, xoş gəldin, yaxşı yol, qardaş!
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 186, 30.04.1946

***
Mədəniyyət xəbərlərindən:

Qara Ziyəddində

Cənab Rəşid Hüseynizadənin rejissorluğu və Nəcəfzadə Hatəmi, Tusi, Nəsir İrani, Seyid Rza Rəzzaqi cənablarının iştirakı ilə “Arşın mal alan” operası və Ustad Hatəminin yazdığı “Əliqulu kömürçü” pyesi tamaşaya qoyulub. Bu tamaşada 600 nəfər qadın və kişi var idi.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 186, 30.04.1946

***
Azərbaycan cavanlarının siyasi-ideoloji fəaliyyətləri barədə:

Cavanlar təşkilatının mərkəzi komitəsində qiraətxana təsisi

Azərbaycan Demokrat Cavanlar Təşkilatının mərkəzi komitəsində yenilikdə bir qiraətxana və kitabxana təsis edilmişdir. Burada cavanlardan gündə 50 nəfərə qədəri istifadə etməkdədirlər. Eyni zamanda bu qiraətxana üçün lazım olan bütün ləvazimat demokrat firqəsi mərkəzi komitəsi tərəfindən təmin edilmişdir.
Urmiyyə cavanlar təşkilatında.
Urmiya demokrat cavanlar təşkilatı gənclər arasındakı mədəni-maarif əlaqələrini inkişaf etdirmək üçün bir aktyor heyəti, bir də yazıçılar və natiqlər dərnəkləri təşkil etmişdir.
Maku və Xalxalda.
Yerli demokrat komitəsinin rəhbərliyi və cavanların diləyi ilə bu günlərdə Makuda və Xalxalda Demokrat Cavanlar Təşkilatı yaradılmışdır.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 186, 30.04.1946

***
Təbrizdə "Səttarxan-Bağırxan" adına təşkil edilən atlı fədai dəstələri

Azərbaycanın gələcək səadəti uğrunda öz Milli hökumətimizi və ana vətənimizi müdafiə etməkdən ötrü silaha sarılan Təbrizin fədakar, qəhrəman oğulları öz rəşadət və şücaətlərini bütün dünyaya göstərmək üçün tarixin qızıl səhifələrində gələcək nəslə yadigar qalacaq bu tarixi günlərdə, yəni 26.04.1946-cı il tarixində Təbrizin atlı fədai dəstələrinin gücləndirilməsi üçün cənab Əli Qəhrəmaninin mənzilində toplaşıb 9 nəfərdən ibarət idarə heyəti seçərək Təbrizdə təşkil edilən atlı fədai dəstlərinin bundan sonra "Səttarxan-Bağırxan" adlandırılmasına qərar verdilər. Bu yeni təşkil olunmuş "Səttarxan- Bağırxan" adlı atlı fədai dəstələrinə yeni yazılmaq istəyən rəşadətli cavanlarımızın yükdaşıma idarəsində Əli Qəhrəmaniyə müraciət etmələri xahiş olunur.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 186, 30.04.1946
***

AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadə