“Nyukasl”ın Bakıdakı qələbəsi bəzi rekordlarla yadda qalıb İdman

“Nyukasl”ın Bakıdakı qələbəsi bəzi rekordlarla yadda qalıb

UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsində Bakıda “Qarabağ”ı 6:1 hesabı ilə məğlub edən İngiltərənin “Nyukasl” komandası bir sıra rekordlara imza atıb.

AZƏRTAC Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadla xəbər verir ki, İngiltərə təmsilçisi ilk dəfə ÇL-də bir oyunda 6 qol vurmağı bacarıb. Komanda həmçinin pley-offda ilk hissəni 5:0 hesabı ilə öz xeyrinə başa vuraraq, turnirin həlledici mərhələsinin rekordunu təkrarlayıb. Bu göstərici daha əvvəl yalnız 2015-ci ildə “Bavariya” – “Portu” (6:1) qarşılaşmasında qeydə alınmışdı.

“Nyukasl”ın səfərdə 7 dəqiqə 51 saniyə ərzində 2:0 hesablı üstünlük qazanması isə turnirin tarixində ikinci ən erkən göstəricidir. Burada rekord 2014-cü ildə “Borussiya Dortmund”un “Zenit”lə matçında (4:2) qeydə alınıb – 4 dəqiqə 53 saniyə.

Matçın əsas qəhrəmanı Entoni Qordon olub. O, ilk hissədə 4 qol vuraraq ÇL rekordunu təkrarlayıb. Daha əvvəl yalnız Luiz Adriano 2014-cü ildə “Şaxtyor”un heyətində BATE-yə qarşı (7:1) səfər qarşılaşmasında bir hissədə 4 qol müəllifi olmuşdu. Qordon bununla da turnirin tarixində həlledici mərhələdə bir hissədə poker edən ilk futbolçu kimi tarixə düşüb. O, həmçinin “Nyukasl” tarixində ÇL-də poker edən ilk oyunçu olub. Qordon Çempionlar Liqasında bir mövsümdə 10 qol həddinə çatan ikinci ingilis futbolçu kimi də yadda qalıb. Bu göstəriciyə daha əvvəl 2024/2025-ci illər mövsümündə 11 qolla Harri Keyn nail olmuşdu.

Qordonun ikinci və üçüncü qolları arasında cəmi 1 dəqiqə 19 saniyə fərq olub. Bu, ÇL tarixində dördüncü ən sürətli dubldur. Rekord isə 2010-cu ildə 1 dəqiqə 16 saniyə ərzində iki qol vuran Qaret Beylə məxsusdur.

“Nyukasl”ın baş məşqçisi Eddi Hau isə bir mövsümdə ÇL-də 5 qələbə qazanan ingilis məşqçilər arasında rekorda şərik çıxıb. Bu göstəriciyə daha əvvəl 2002/2003-cü illər mövsümündə Bobbi Robson (məhz “Nyukasl”la) və 2022/2023-cü illər mövsümündə Qrem Potter ( “Çelsi” ilə) çatıb.

“Sağsağanlar”, həmçinin son 30 ildə pley-off oyununda start heyətində meydana 7 ingilis futbolçu buraxan ilk İngiltərə komandası olub. Sonuncu dəfə bu hal 1997/1998-ci illər mövsümündə “Mançester Yunayted” – “Monako” qarşılaşmasında yaşanmışdı.

“Nyukasl”ın Bakıya 4 070 kilometrlik səfəri isə Çempionlar Liqasında bir İngiltərə klubunun indiyədək ən uzaq məsafəyə etdiyi səfər kimi qeydə alınıb.

Qeyd edək ki, “Nyukasl” və “Qarabağ” arasında cavab oyunu fevralın 25-də keçiriləcək. Bu cütün qalibi 1/8 finalda “Çelsi” və ya “Barselona” kollektivlərindən biri ilə qarşılaşacaq.