“Dönüşü olmayan gediş” Dünya

“Dönüşü olmayan gediş”

Rusiya Ukraynadakı müharibəyə könüllüləri necə göndərir?

Rusiya hər həftə Ukraynaya yüzlərlə silahlı könüllü göndərir. BBC müəyyən edib ki, hazırda cəbhənin ən qaynar nöqtələrində məhz könüllülərdən ibarət dəstələr vuruşur. Halbuki Ukraynaya göndərməzdən əvvəl onlara cəmi 3, ya da 7 gün təlim keçirlər.

“Aprel ayında hərbi komissarlıqdan zəng vurub müharibəyə könüllü kimi getməyi təklif etdilər. Dedilər ki, maaş 130 mindən başlayır, yemək və uniformayla təmin edəcəklər, gediş-gəliş də pulsuzdur, yəni yola xərc çəkmək lazım deyil. Amma, ən əsası, vəd etdilər ki, kredit borclarımı ödəməyə kömək edəcəklər” – Uraldakı kiçik şəhərlərdən birində yaşayan Dmitri (Təhlükəsizlik baxımından adı dəyişdirilib) belə deyir.

Dmitrinin sözlərinə görə, buna qədər hərbi komissarlıqdan ona və 2000-ci illərin əvvəllərində Çeçenistanda birlikdə xidmət etdiyi digər döyüşçülərə “artıq üç-dörd dəfə” zəng ediblərmiş. Dmitri əvvəlcə bu təklifə etinasız yanaşıb, amma sonra ağlına batıb, çünki müvəqqəti olaraq çalışdığı işini də itirib və kredit borcunu ödəmək çətinləşib.

Rusiyalı könüllülər Ukraynadakı müharibəyə üç üsulla gedirlər:

- Müdafiə Nazirliyilə qısamüddətli müqavilə imzalayaraq;

- Çeçenistana gedərək orda Rusiya Qvardiyasıyla üçaylıq müqavilə imzalayaraq;

- “DXR” və “LXR”-in silahlı birləşmələriylə müqavilə bağlayaraq (Bu variantı seçən az olur, çünki Donetsk və Luqanskda hərbçilərin maaşı, o cümlədən, yaralanma və ya ölüm halında verilən kompensasiyanın məbləği Rusiyada olduğundan xeyli azdır).

“Vaqner” PMC adlandırılan quruma üzv olmaqla da müharibəyə getmək mümkündür, amma belələrini könüllü yox, peşəkar hərbçi adlandırmaq daha doğru olar.

Ukraynaya Müdafiə Nazirliyi vasitəsilə getmək Dmitriyə digərlərindən daha asan və etibarlı görünüb. Çoxları bu varianta üstünlük verir, çünki hərbi komissarlıq həmişə yaşayış yerinə yaxın olur, başqa şəhərə və hətta bölgəyə səfər üçün pul və vaxt sərf etməyə ehtiyac qalmır.

“Komissarlığa getdim. Tibbi müayinəsiz qəbul etdilər. Görünür, könüllülər planını tez doldurmalıydılar, ona görə də yoxlamalara və tibbi müayinələrə vaxtları yox idi. Bir-iki günə hamını yığıb apardılar. Hərbi hissəyə gecə çatdıq, səhər geyimləri verdilər: çəkmə, hərbi forma, üstündə 1960-cı il yazılmış sovetdənqalma alt paltarı. O dövrə aid bel çantası da verdilər, sonra “vafli” əl-üz dəsmalı və bir parça sabun" – Dmitri belə deyir.

Orda xidmətə davam edib-etməməklə bağlı şübhələr onda elə həmin günlərdə yaranıb.

“Silah çoxuydu, hamısı da yağın içində. Patron da çoxuydu. Amma qalan hər şey bərbadıydı. Təlim meydançasında xaos vardı, zabitlər bizim üzümüzə heç … (tüpürmək) də istəmirdilər. Nə taktika üzrə hazırlıqlar vardı, nə də şəxsi heyətdə birlik. Təkcə bu qədəri şoka düşməyə kifayət edirdi. Bəziləri heç avtomatı düz-əməlli tuta bilmirdilər, ömründə tank görməmişdilər, amma bir-iki gündən sonra döyüşə getməliydilər. Axı əsgərləri əvvəlcə “işlətmək”, öyrətrmək lazımdır. Təzə çəkmələrin ayağı sürtdüyünü bilməyən yoxdur, artıq ikinci gün mozol yaradır, əvvəldən geyib köhnəltmək lazımdır. Ona görə də mən özümünküləri aparmışdım. Amma qalanlarını təzələri geyinməyə məcbur etdilər”.

Martın əvvəllərindən etibarən Rusiyanın Müdafiə Nazirliyi “HeadHunter” tipli populyar iş elanı saytlarında minlərlə vakansiya dərc etməyə başladı. Rusiyanın bir çox şəhərlərində binalara və ictimai nəqliyyata Rusiya ordusuyla qısamüddətli müqavilə təklif edən elanlar vuruldu.

Sosial rifahın yaxşılaşdırlması üçün imkanlar olmadığı bölgələr üçün müqaviləli hərbi xidmət az qala yeganə qazanc vasitəsidir. Məsələn, Nijnekamsk hərbi komissarlığı könüllülərə ayda 200.000 rubl maaş vəd edir. Bu, şəhər üzrə orta əməkhaqqından beş dəfə çoxdur.

Müdafiə Nazirliyinin təklifinə döyüş təcrübəsi olmayan şəxslər də reaksiya verir.

Dmitrinin sözlərinə görə, göndərildiyi Rostov səfərbərlik məntəqəsində könüllülərin əksəriyyətinin yaşı 45-dən yuxarıymış. Üstəlik, aralarında sağlam olmayanlar da varmış.

“Əlbəttə, mən o pensiyaçıları başa düşürəm. Onları ora vətənpərvərlik hissləri gətirmişdi. Amma çoxu qarınlıydı, az qala yarısı mənfi beş və daha yüksək göstəricili eynək (linza) taxmışdı. Hətta sırada biri insult keçirib yıxıldı. Bütün bunları görəndən sonra başa düşdüm ki, Ukraynaya getmək dönüşü olmayan gedişdir”.

Üç gün hərbi hissədə qalandan sonra Dmitri evə qayıtmaq qərarına gəlib.

“Hələ müqavilə imzalamamışdıq. Ona görə də bizi atış üçün sıraya düzəndə mən açıq şəkildə imtina etdim. Mənimlə birlikdə daha beş nəfər sıradan çıxdı. Bu, sadəcə… (ağılsızlıq) idi, belə əyləncə mənə lazım deyildi”.

Dmitrinin dediyinə görə, düşərgədə qalan könüllüləri bir gün sonra Ukraynaya aparıblar və onlar İzyum uğrunda döyüşlərdə iştirak ediblər.

"Bir oğlanla əlaqə saxlayıram. Bir ay orda olub, yaralanıb və qayıdıb. Çətin olduğunu deyir, güc-bəlayla sağ qala bilib - Qroznıda təlim keçib gəlmiş könüllülərin yardımıyla. Orda onlara taktiki tibbdən yaxşı dərslər keçiblərmiş, üstəlik, samballı tibb çantaları varmış. Yaralarını o əsgərlər sarıyıblar, yoxsa qanaxmadan öləcəkmiş”.

Çeçenistan hakimiyyəti sosial şəbəkələrdə Rusiya Xüsusi Təyinatlı Universitetinin bazasındakı təlimlər haqda video və hesabatlar yayır. Könüllülərə geyim, avadanlıq və ərzaqla tam təmin olunacaqları, o cümlədən, Qroznıya qədərki yolxərcini geri alacaqları vəd edilir.

“Mən hərbi komissarlıq vasitəsilə gedə bilmədim. 48 yaşım var, əlimdəki zədəyə görə hərbi xidmətdə olmamışam. Gördüm ki, Çeçenistandan getmək şansı var, həvəsləndim. Qroznıya yollandım, meriyaya girib müharibəyə könüllü kimi getmək istədiyimi bildirdim. Məni Qudermesə apardılar” - Aleksey (Təhlükəsizlik baxımından adı dəyişdirilib) belə deyir.

Ramzan Kadırovun təşəbbüsüylə Qudermesdə Rusiya Xüsusi Təyinatlı Universitetinin bazası - xüsusi təyinatlıların təlim keçməsi üçün özəl təhsil müəssisəsi yaradılıb. Universitetin təlimatçılar komandasına FTX-nın xüsusi təyinatlı “Alfa” qrupunun keçmiş zabiti Daniil Martınov rəhbərlik edir. BBC müəyyən edə bilib ki, Martınovun adıyla danışan şəxs Ukraynanın işğalıyla bağlı detallı planın hazırlanması prosesində bir neçə ay iştirak edib.

Aleksey deyir ki, “Universitetdə təlim çox yaxşı təşkil olunub, təlimatçılar peşəkardırlar. Səhər yeməyindən sonra bütün gün ərzində məşqlər keçirilir - necə sürünməyi, müxtəlif mövqelərdən necə atəş açmağı, avtomatın maqazinini sürətlə necə dəyişməyi, patron sıxışanda nə etmək lazım gəldiyini öyrədirlər. Hətta qumbaraatandan atəş açmağı da. Taktiki dərslər çox əhəmiyyətlidir. Bütün bunları sonradan – biz kənddə döyüşəndə xatırladım ".

Taktiki təlimlərdən və atəş hazırlığından başqa, könüllülərlə ideoloji dərslər də keçirilir.

“Bizə Donbasa və Rusiyaya hücum hazırlığıyla bağlı gizli sənədlər göstərdilər” deyən Aleksey əmindir ki, “Putin bu əməliyyata başlamasaydı, indi bizim şəhərlərimiz yanırdı”.

Çox güman ki, söhbət Rusiya Müdafiə Nazirliyin hələ mart ayında yaydığı sənəddən - Ukrayna Milli Qvardiyasına aid altı səhifəlik sərəncamından gedir. Gerçək, yoxsa saxta olduğunu dəqiqləşdirmək mümkün olmayan bu sərəncamda Polşayla sərhəddəki Lvov vilayətində yerləşən bazada Ukrayna Milli Qvardiyasının bəzi bölmələrinə döyüş koordinasiyası təlimləri keçilməsindən bəhs edilir.

Sərəncamda Donbas və ya Rusiyaya hücumla bağlı heç bir qeyd yoxdur, amma Rusiyanın Ukraynaya təcavüzünün birinci mərhələsində Rusiya Müdafiə Nazirliyi və dövlət mediası bu sənədi tez-tez gündəmə gətirib.

Aleksey və həmkarlarının (ümumilikdə 200 nəfərə yaxın) Ukraynaya yola salınmasıyla bağlı hazırlıq prosesi 10 gün davam edib. Qudermesə mayın əvvəlində gedib çıxan Aleksey mayın 15-də artıq Ukraynada - Luqansk vilayətindəki cəbhə xəttində olub. Mayın sonundan etibarən könüllülər üçün təlimin müddəti azaldılıb - indi onları cəmi bir həftə ərzində döyüşə hazırlayırlar.

"Məncə, normaldır. O cür təlimatçılarla bu qədər vaxt da kifayət edir. Onlar döyüş haqqında real biliklər verirlər. Hamısı faydalı oldu və mənə çox kömək etdi" – Aleksey belə deyir.

“Biz kəndə, demək olar ki, döyüşsüz daxil olduq. Buna sevindik. Ukraynalılar meşəyə çəkildilər. Amma sonra başladı, nə başladı. Minalarla və “qrad”la [reaktiv yaylım atəşi sistemi] üstümüzə od yağdırdılar. Həqiqətən qorxuluydu. Kənddə hələ də yaşayanlar vardı, ən çox da babalar və nənələr. Evlərdən birinə girib dedim ki, “Çıxın gedin, bura atırlar”. Cavab verdilər ki, niyə gedək, bütün həyatımızı bu kənddə yaşamışıq. Sonra evlərinə mina düşdü, yandılar”.

Alekseyin sözlərinə görə, onların Qudermesdən gəlmiş taqımı, demək olar ki, həmişə ön cəbhədə vuruşub.

Rusiya tərəfdən ön cəbhədə döyüşən iki mənbənin BBC-yə dediyinə görə, bu ölkənin cəbhədəki əsas hücum qüvvələri Müdafiə Nazirliyi və Rusiya Qvardiyasıyla qısamüddətli müqavilə bağlamış könüllülər və “Vaqner” PMC-nin döyüşçüləridir.