Krım tatarları Rusiyanı məyus edib Dünya

Krım tatarları Rusiyanı məyus edib

Onlar Krımın Ukraynadan qoparılması ilə barışmırlar

Cavid,
Əli

Krımın Rusiyaya birləşdirilməsinə cavab olaraq yarımadada yaşayan tatar xalqı Krım Tatar Milli Qurultayını toplayaraq "milli muxtariyyət" qararını verib. Baxçasaray şəhərində növbədənkənar qurultaya toplaşan Krım tatarları milli muxtariyyətin yaradılması haqqında qərarı 207 səslə qəbul edib. 212 təmsilçidən 1 nəfər əleyhinə, 4 nəfər bitərəf mövqe bildirib.
Qərarda bildirilir: "Krım-tatar xalqının tarixi vətəni olan Krımda milli-ərazi muxtariyyətinin yaradılması istiqamətində siyasi və hüquqi prosedura başlanılması haqqında elan olunsun. Krım-Tatar Məclisinə tapşırılsın ki, Krım-tatar xalqının tarixi vətənində milli-ərazi muxtariyyət formasında öz müqəddaratını təyinetmə hüququnun təmin olunması ilə bağlı BMT, Avropa Şurası, AB, ATƏT və İƏT kimi beynəlxalq təşkilatlar, dövlətlərin parlamentləri və hökumətləri ilə bütün məsələlər üzrə münasibətlər qurulsun".
Qurultay eləcə də Avropa Şurası, AB, ATƏT və İƏT-ə, xalqlara, dövlətlərin parlament və hökumətlərinə müraciət edərək, Krım-tatar xalqının tarixi vətəni olan Krımda milli-ərazi muxtariyyət formasında öz müqəddaratını təyinetmə hüququnu dəstəkləməyə çağırıb.
Krıma birbaşa havayolu səfərlərinin durdurulmasından dolayı, qurultaya Kırım Tatar diasporu təmsilçiləri qatıla bilməyib.
Qurultay nümayəndəsi Nəriman Cəlilov çıxışında Rusiya Federasiyasına deyil, Ukraynaya bağlı milli muxtariyyət istədiklərini vurğulayaraq Rusiya Federasiyasının əski Akməscit (Simferepolun türk-tatar adı) Baş konsulu Vladimir Andreyevin Krım Tatarlarını "Nasistlərlə əməkdaşlıqda" suçladığını xatırladıb. Cəlilov "gələcəkdə məxfi xidmətlərin basqısı altında olacaqlarını və sorunların artacağını" qeyd edərek, Krım Tatar Milli Qurultayı nümayəndələrinin Krım Tatar lideri Mustafa Abdülcəmil Kırımoğlunu dəstəkləmesi gərəkdiyini vurğulayıb. Nümayəndələrdən Rıza Şevkiyev də Mustafa Abdülcemil Kırımoğlunun Krımın yeni hökumətini və Rusiyaya birləşmək qərarını tanımamağa dair tutumunu dəstəkləmə çağırışında bulunub.
Məclis üzvlərindən Hasan Egiz deyib: "Biz bu gün necə bir dövlet şəkli qurulacağını müəyyən etməliyik. Bu gələcəkdə aparılacaq müzakirələr nəticəsində şəkillənəcək bir mövzudur. Biz Ukrayna vətəndaşlığını tərk etməyəcəyik. Biz Rusiya vətəndaşlığını qəbul edərik amma Ukrayna vətəndaşlığından çıxmayaq".
Çubarov da çıxışında, "kimsənin Ukrayna vətəndaşlığından çıxmaması" çağırışında bulunaraq "basqıya boyun əyməyəcəklərini" də vurğulayıb. Akyar şəhəri (Sevastopolun türk-tatar adı) ilə bağlı səsvermədə onun Krıma aid olduğu yekdilliklə qəbul edilib.
Krım-Tatar Məclisinin sədri Refat Çubarov jurnalistlərə bildirib ki, qeyd olunan sənəd Krımın işğal olunmasını və yarımadanın bir hissəsinin Ukrayna tərəfindən itirilməsini tanımır.
Çubarov, həmçinin, Krım tatarlarının muxtariyyətə meylli olduqlarını təsdiq etmək üçün milli referendum keçirəcəklərini istisna etməyib. Qeyd edək ki, qurultayın növbədənkənar sessiyasında Məclisin bütün heyəti, Krımın müftisi Əmirəli Ablayev, Tatarstan Respublikasının prezidenti Rüstəm Minnixanov və Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdin iştirak edib.
Xatırladaq ki, Krım-tatar xalqının milli qurultayı yüksək səviyyəli səlahiyyətli orqan kimi qəbul olunur. Qurultaya seçkilər beş ildən bir keçirilir, Ukraynada daimi yaşayan və ya Ukrayna vətəndaşlığı olan bütün Krım tatarları və onların ailə üzvləri, seçkilərdə iştirak edə bilərlər. Qurultayın tərkibinə 250 nəfər daxildir.
Krım tatarlarının hansı sərhədlərdə muxtariyyət yaratmaq istədikləri bəlli deyil. Refat Çubarovun sözlərinə görə, Məclis Rusiya və Ukrayna ilə yanaşı, BMT, Avropa Şurası və ATƏT ilə danışıqlar aparmaq niyyətindədir.
Yeri gəlmişkən, bundan öncə Rusiya rəsmiləri tatarlara xeyli vədlər verib. Belə ki, Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko Krımın Rusiyaya birləşəcəyi təqdirdə Krım tatarlarına milli və mədəni muxtariyyət vəd etmişdi. Valentina Matvienko "Rossiya 24" telekanalına müsahibəsində bildirib ki, Krım tatarları Rusiya vətəndaşlarının hüquqlarından eyni səviyyədə istifadə edəcəklər: "Onlar həmçinin Ukrayna ilə müqayisədə daha yüksək səviyyədə olan sosial standartlardan da bəhrələnə biləcəklər. Krım tatarları milli və mədəni muxtariyyət əldə etmək hüququna malik olacaqlar".
O əlavə edib ki, Krım tatarları Rusiya qanunvericiliyində repressiyalara məruz qalmış xalqlara nəzərdə tutulmuş hüquqlardan tam həcmdə istifadə edə biləcəklər.
Onu da bildirək ki, Krımın Rusiya tərəfindən ilhaqı başa çatsa da, tatar xalqının bu işğala qarşı siyasi mübarizəsi davam edir. Bugünlərdə Türkiyə, Azərbaycan və Qazaxıstana müraciət edərək türk dünyası ilə bağlı dəstək gözləntilərini dilə gətirən Krım tatarları, türk dövlətlərini Krımda baş verən proseslərə biganə qalmamağa çağırıb.
Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə hesab edir ki, türk dövlətləri Krım tatarlarına ilk növbədə maddi baxımdan dəstək verə bilər: "Krım tatarlarına hər şeydən öncə maddi yardım etmək olar. Buna şübhə yoxdur. Bu məsələdə Türkiyənin imkanları daha genişdir. Çünki Türkiyə böyük dövlətdir. Həmçinin, o, NATO-nun üzvüdür. Türkiyənin çətinliyi ondan ibarətdir ki, NATO-nun icazəsi olmadan tatarlara hərbi baxımdan hər hansı bir dəstək verə bilməz. Amma maddi baxımdan Krım tatarlarını dəstəkləmək mümkündür".
Politoloqun qənaətincə, türk dövlətləri Krım tatarlarına mənəvi-siyasi baxımdan da dəstək verə bilər ki, bu da son dərəcə zəruridir: "Mənəvi baxımdan da tatarları dəstəkləmək olar. Bundan başqa, Krım tatrlar ilə bağlı müxtəlif bəyanatlar verilə bilər. Xüsusilə də qeyd edilməlidir ki, Krım tatarlarının həyat və təhlükəsizliyi təmin edilməlidir. Bu baxımdan hər bir dövlət, hər bir hakimiyyət Krım tatrlarına yardımın forma və üsullarını axtarıb tapmalıdırlar. Onlar elə yardım üsulu tapmalıdırlar ki, həm Krım tatrlarına yardım etsinlər, həm də Rusiya ilə əlaqələrini korlamasınlar. Krım məsələsində bu amili nəzərə almaq vacibdir".
Krım tatarlarının arzuladığı muxtariyyət rellaşarsa bu, onlara nə verəcək?
Siyasi şərhçi Azər Həsrət bildirib ki, milli ərazi muxtariyyəti dedikdə çoxmillətli dövlətdə milli məsələnin həlli üçün yaradılan ərazi müxtariyyətinin bir növü başa düşülür: "Burada unitar dövlətin əhalisinin fərqli millətin kompakt məskunlaşdığı bir və ya bir neçə hissəsinə iç məsələlərinin həllində sərbəstliyin verilməsi nəzərdə tutulur. Bir qayda olaraq milli ərazi muxtariyyatlarının statusu ölkənin ümumi inzibati ərazi vahidlərinin statusundan yüksək olur. Ancaq ölkədə milli dövlət muxtariyyatları varsa, o zaman milli ərazi muxtariyyatlarının statusu onların statusundan aşağı olur. Milli ərazi muxtariyyatlarını təşkil edən etnik kəsimlər öz mədəniyyətləri, dilləri və s. kimi məsələlərdə mənsub olduqları ölkənin ümumi qanunvericiliyinə zidd olmayan qərarlar verməkdə sərbəstdirlər. Bununla belə bu cür muxtariyyatların inzibati idarəetmə orqanlarının yüksək vəzifəli şəxsləri mənsub olduqları dövlətin mərkəzi orqanları tərəfindən təyin edilir. İndi Krım tatarlarının qəbul etdiyi qərar da məhz bu prinsiplərə söykənir və Ukraynanın dövlət müstəqilliyi, ərazi bütövlüyü çərçivəsində öz müqəddəratını təyin etmə istiqamətində atılan addımdır. Burada söhbət daha çox Krım tatarlarının milli kimliyinin, kültürünün qorunub saxlanması, eyni zamanda vətəndaşı olduqları Ukrayna dövlətinə sədaqətin nümayişindən gedir".
Ekspert Hail Cəlilin fikrincə, Krım tatarlarını Rusiya tərəfindən muxtariyyətlə bağlı verilən vəd elə vəd olaraq qalacaq: "Kreml tatarların muxtariyyət əldə etmələrinə imkan verməz. Krımın Rusiyaya birləşdirilməsindən öncə verilən vədlər yalnız şirnikləndirici xarakter daşıyıb. Qurultayda Tatarıstan prezidentinin iştirakı isə Krım ətrafında baş verən hadisələrin sakitləşdirilməsinə xidmət edir. Kreml yaxşı anlayır ki, tatarlar bu kimi məsələlərdə böyük rola malikdirlər. Azərbaycan, Türkiyə, Tatarsıtan və digər türkdilli dövlətlərin mövcudluğunu nəzərə alan Rusiya siyasi gedişlər etməkdədir".