Putinin ABŞ demokratiyasını tənqid etməsi nə qədər doğrudur? Dünya

Putinin ABŞ demokratiyasını tənqid etməsi nə qədər doğrudur?

Putinin demək istədiyi odur ki, o, ABŞ-ın demokratiya ilə bağlı məsləhətlərini qəbul etmək istəmir

Cavid

Rusiya liderlərinin ABŞ demokratiyası haqqında alçaldıcı şəkildə danışmaları amerikalılara gülməli gələ bilər. Hillari Klintonun Vladimir Putinlə bağlı "Putinn hər an qalxıb mən sizin növbəti prezidentiniz olacağam deyə bilməsi cəlbedicidir" zarafatı bir çoxlarını da güldürmüşdü. Bununla belə, son vaxtlar Putin və Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovun ABŞ sistemini təndiqləri haqqında düşünmək lazımdır.
Putin Almaniyanın "Bild" qəzetinə verdiyi son müsahibəsində demokratiyanın hər yerdə eyni qaydaları izləyə bilməyəcəyini deyib: "İstər Amerika, istər Avropa, istər Rusiya, istərsə də Hindistan olsun – demokratiyada klişelər ola bilməz. Amerika tarixində iki dəfə prezidentin azlıq təşkil edən seçiciləri təmsil edən nümayəndələrin səsi ilə vəzifəyə gəldiyini bilirsinizmi? Bəs bu, demokratiyanın olmadığı mənasınımı verir? Əlbəttə, yox. Ancaq bu, yeganə və ya ən önəmli problem deyil. Avropa liderlərindən birinin dediyi kimi: ‘ABŞ-da cibində bir neçə milyard dollar pul olmadan prezidentliyə namizədlik irəli sürmək qeyri-mümkündür.’
Putin müsahibədə səhvə yol verdi. Belə ki, əslində düz dörd prezident seçicilərin səs çoxluğunu qazanmasa da, vəzifəyə gəlib. Bunlardan üçü XIX əsrdə vəzifədə olmuş Con Kuinsi Adams, Raterford Heys və Benjamin Harrison, dördüncüsü isə Corc U. Buşdur.
Respublika yarandığı dövrdən bəri ABŞ siyasətində çəkişmə mənbələrindən biri kiçik ştatlara qeyri-mütənasib səlahiyyətlər verən Seçicilər Kollegiyası olub. Rusiya da belə bir sistem yaradıb bundan istifadə edə bilər. Son illər Rusiya parlamentinin regionların təmsil olunduğundan əmin olmaq üçün nəzərdə tutulmuş yuxarı palatası prezident və Moksva ilə Sankt-Peterburq kimi böyük şəhərlərin hədsiz nüfuza malik olduğu aşağı palatasına getdikcə daha çox səlahiyyət verməyə başlayıb. Nəticə etibarilə, seçkilər tam ədalətli şəkildə aparılsaydı belə, Rusiya ABŞ və ya hətta federal əyalətlərin daha zəif olsalar da, müəyyən qədər gücü olduğu Almaniya kimi əsl federasiya ola bilməzdi. Rusiyanın iqtisadi problemləri artdıqca, əvvəl-axır ölkənin birliyinə zərər vura biləcək separatçılıq təhlükəsi də artır.
ABŞ-ın yüksək səviyyəli seçkilərində namizədlik irəli sürə bilmək üçün böyük məbləğdə pul lazım olması ilə bağlı ikinci tənqidində isə müəyyən qədər doğruluq payı var və bu, amerikalıların özlərini də ciddi şəkildə narahat edən məsələlərdəndir. 2012-ci ildə Barak Obamanın 985,7 milyon dollar, Mit Romninin 992 milyon dollar xərclədiyi seçki ən baha başa gələn seçki kimi tarixə düşüb. Bu hesabla, Obama hər bir səs üçün 15 dollar, Romni isə 16 dollardan çox pul xərcləyib.
Putin isə hər bir səs üçün yalnız 30 sent ödəyərək 2012-ci ildə Rusiyada keçirilən prezident seçkisində qalib gəlib. Onun milyarder rəqibi Mixail Proxorov bir səs üçün yalnız 2 dollar ödəyib. Aydındır ki, Rusiyada keçirilən son seçkilər heç bir cəhətdən nümunəvi deyil və saxta olduqları ilə bağlı şübhələr də var. Ancaq ABŞ-ın siyasi xərcləri hansı standartla olur-olsun çox yüksəkdir. Almaniyada ən son federal seçkinin keçirildiyi 2013-cü ildə Kansler Angela Merkelin 151,4 milyon avro xərc çəkmiş CDU (Christian Democratic Union – Xristian Demokrat İttifaqı ) partiyası qalib gəldi. ABŞ-da seçki kampaniyaları üçün çəkilən xərclər azalacağa da oxşamır. Bəzi analitiklər 2016-cı ildə keçiriləcək seçkidə 5 milyard dollar xərclənməsinin gözlənildiyini bildirirlər. Bu məbləğ isə 2012-ci ildə xərclənmiş məbləğin ən az iki qatıdır.
Ən çox diqqət isə ABŞ sisteminin Lavrov tərəfindən tənqidinə verilməlidir:"Çox vaxt ən mühüm qlobal problemlər ABŞ-da yalnız öz partiyasının namizədlərinə əlavə xal qazandırmaq üçün özünə sərf edən vaxtlarda addım atan idarəçiliyin seçki mülahizələrinin girovuna çevrilir."
Rusiyada Dmitri Medvedveyin vəzifədə olduğu vaxt, 2008-ci ildə prezidentlik müddəti dörd ildən altı ilə, parlamentin səlahiyyət müddəti isə dörd ildən beş ilə qədər uzadıldı. Rusiya Konstitusiyasının prezidentə iki dəfədən çox vəzifəyə gəlmək imkanı verən (o şərtlə ki, üçüncü səlahiyyət müddəti ilk ikisindən dərhal sonra gəlməsin) maddə sayəsində ümumilikdə 12 ildir xidmət göstərən Putin yalnız 2018-ci ildə seçki ilə üzləşəcək. Bu da problemdir, çünki onun daha iki il vəzifədə qalması Rusiya iqtisadiyyatına zərər verə bilər. Qızğın şəkildə aparılan seçkiləri və prezidentin yalnız iki dəfə seçilə biləcəyi tələbi ilə ABŞ isə daha çox seçici cəlb edərək və siyasətçilərə bir ömür boyu hazırlaşdıqları vəzifələri izləmək üçün daha çox vaxt verərək seçkilərin çox sıxlıqla keçirilməməsindən faydalana bilər.
Rusiyanın avtoritar liderlərinin çəkinmədən öz seçicilərinə daha çox söz verən bir sistemi tənqid etmələri gülünc görünə bilər. Belə görünür, onların ABŞ sisteminin qüsurları ilə bağlı düşüncələri daha çox səthi xarakter daşıyır. Ancaq ABŞ sistemi də mükəmməllikdən uzaqdır və sərtliyi problemlərini kəskinləşdirir. Putinin demək istədiyi odur ki, o, ABŞ-ın demokratiya ilə bağlı məsləhətlərini qəbul etmək istəmir. Demokratik bir ölkə isə hətta gözlənilməz mənbələrdən gələn tənqid və təkliflərə belə açıq olmalıdır.