ABŞ Senatı Rusiyaya qarşı sanksiyaları təsdiqlədi Dünya

ABŞ Senatı Rusiyaya qarşı sanksiyaları təsdiqlədi

Almaniya və Avstriya isə qanunun bir maddəsinə ciddi şəkildə etiraz bildiriblər

ABŞ Senatının 98:2 səslə Rusiya əleyhinə geniş sankisyalar paketini təsdiqləməsi Prezident Donald Trampın Moskva əleyhinə cəza tədbirlərini yumşaltmaq imkanlarını məhdudlaşdıra bilər. "Bizim itirməyə vaxtımız yoxdur," - deyə Arizona ştatından Respublikaçı Senator Con Makkeyn bildirib. "ABŞ Rusiya prezidenti Vladimir Putinə və istənilən başqa aqressora güclü mesaj göndərməlidir ki, biz demokratiyamıza edilən hücumlara dözməyəcəyik."
"Biz seçkilərimizə bu cür müdaxiləyə icazə verməməliyik,"- Demokrat Senator Jeanne Şahin bildirib. İrana tətbiq edilən sankisya paketinə düzəliş olaraq yeni dəyşikliklər Rusiyanın kiber casus təsisatları, enerji sektoru, maliyyə maraqları və Moskvadan Suriyaya silah axınını hədəf alır. "Siyahısı genişlənən sankisyalar enerji layihələrinə və xarici maliyyə təsisatlarına tətbiq edilə bilər." Xarici Əlaqələr Komitəsinin Demokrat üzvü Ben Kardin bildirib.
Bu ölçülər Konqresin Ağ Evin Rusiya ilə bağlı siyasətindəki mövqeyini gücləndirir. Prezident Donald Tramp Kremllə münasibətləri yaxşılaşdırmağa tərəfdar olduğunu ifadə edib. "Prezident sanksiyaları Konqresə bildiriş vermədən və onun nəzərindən keçirmədən aradan qaldıra bilməz,"- Kardin deyib.
Tramp adminisrasiyası deyilənlərə görə, Obama administrasiyası dönəmində Rusiyadan alınmış diplomatik iqamətgahları geri qaytarmağı nəzərdən keçirir. Prezident Tramp dəfələrlə Rusiyanın kiber fəaliyyətlərini qabartmayaraq, Moskva ilə daha yaxşı münasibətlərə can atdığını ifadə edib. Almaniya və Avstriya da ABŞ Senatında Rusiya üzərinə sanksiyaları möhkəmləndirən qanunun bir maddəsinə ciddi şəkildə etiraz bildiriblər. Berlin və Vyana bildirirlər ki, bu qanun Avropanın Rusiya qazı ilə təchizatına əngəl yarada bilər.
Avstriya və Almaniya bu qanunun Şimal axını 2 kəmərinə aid hissəsi ilə razı deyillər. Yenilənmiş qanunvericilik aktında bildirilir ki, ABŞ Baltik dənizinin dibi ilə çəkiləcək bu kəmərə qarşıdır. Sözü gedən kəmər Rusiya qazını Avropaya Ukraynadan yan keçərək nəql etməlidir. Ukraynadakı siyasi vəziyyətə görə bu ölkə ilə qazın Avropaya verilməsində əvvəllər fasilələr yaranıb.
Avstriya kansleri Kristian Kern və Almaniya xarici işlər naziri Sigmar Gabriel iyunun 15-də verdikləri bəyanatla Birləşmiş Ştatları Avropanın qaz təchizatını Ukraynadakı vəziyyətlə bağlamamağa çağırıblar. Kern və Gabriel bildirirlər ki, "Avropanın qaz təchizatı Birləşmiş Ştatların yox, Avropanın işidir". Bəyanatda Şimal axını 2 layihəsinıə daxil Avropa şirkətlərinin qanundankənar vəziyyətə salınması tənqid edilir.
Şimal axını 2 layihəsinin yarı xərcini Rusiyanın Gazprom şirkəti çəkir. Pulun qalan hissəsini Royal Dutch Shell, Fransanın Engie, Avstriyanın OMV, habelə Almaniyanın Uniper və Wintershall şirkətlərinin daxil olduğu Avropa qrupu ödəməlidir. Birləşmiş Ştatlar əvvəllər Avropadakı müttəfiqlərini Şimal axını 2 layihəsinə girişməməyə çağırıb. Vaşinqtonun fikrincə, bu, Avropanı Rusiyadan daha dərin qaz asılılığına salır.
Avstriya və Almaniya rəsmilərinin bəzi ehtimallarına görə, ABŞ sadəcə olaraq öz şirkətlərinin xeyrinə Rusiyanı bazardan çıxarmağa çalışır. Birləşmiş Ştatlar bu yaxınlarda Polşaya maye qaz ixracına başlayıb. Gabriel və Kern deyiblər ki, Senatın son qərarı Avropa-Amerika münasibətlərində daha bir mənfi aspektin yaranmasına səbəb ola bilər.