

PKK-nın rəsmən özünü ləğv etməsini Türkiyənin 40 ildən artıqdır davam edən terror probleminin həlli istiqamətində sonun başlanğıcı mərhələsinə keçid kimi qiymətləndirmək olar. Burada üç nəticə xüsusilə önəmlidir.
- Bu qərarla PKK-nın – Qəndilin Türkiyə siyasətinə müdaxiləsinin aradan qalxdığını demək mümkündür;
- PKK üzərindən illərdir Türkiyəyə qarşı istifadə edilən rıçaqlar, tətbiq edilən planlar sıradan çıxır;
- PKK-nın dağ və şəhər qrupları arasındakı bağlantılar faktiki olaraq parçalanır və bu, qruplaşmanın sonunu sürətləndirəcək;
Hərçənd, PKK-nın “silahı buraxmaq, özünü ləğv etmək” qərarının praktiki müstəvidə icrasınının asan olmayacağı bəllidir. Hakan Fidan da bildirib ki, “təkcə silahın buraxılması ilə iş bitmir, qeyri-leqal qruplaşma da aradan qaldırılmalıdır”. Türkiyədə müzakirə edilən əsas məsələ də budur: PKK-nın rəsmən ləğvetmə qərarı praktiki müstəvidə necə icra ediləcək, silahların toplanması necə baş tutacaq?
Müəyyən fikirlər-ehtimallar mövcuddur: bura silahların Türkiyə ordusu tərəfindən toplanması, Qəndildəki rəhbərlərin üçüncü ölkəyə keçidi, hücumların icraçılarının məhkəmə qarşısına çıxarılması, dağa qaçırılan gənclərin əfv edilməsi və s. addımlar daxildir.
Lakin PKK-nın tamamilə silahı buraxağı, xüsusilə Qəndildəki rəhbərlərin “özünü ləğvetmə qərarına” tabe olacağı sual altındadır. Öcalanın ilk çağırışında da Qəndil rəhbərliyi terror aktı ilə müqavimət göstərmişdi. Qəndildə gizlənənlər, xüsusilə Murat Karayılan və Cəmil Bayıkın yenə müqavimət göstərəcəyi gözləntilər arasındadır.
PKK-nın özünü ləğvetmə qərarının hadisələrin inkişafında hansı nəticələrlə müşahidə ediləcəyinə dair müəyyən təxminlər irəli sürmək mümkündür.
Birincisi, Karayılan və Bayık başda olmaqla Qəndil yeni hücumlarla qərarın praktiki icrasına mane olmağa çalışacaq, lakin onlar da yeni reallıqla müqavimət imkanlarının azaldığını anlayırlar. Bu baxımdan, Qəndil rəhbərliyinin mümkün hücum cəhdləri öz şərtlərinin qəbul edilməsinə - istəklərindən biri üçüncü ölkədə təhlükəsizlik əldə etməkdir – hesablana bilər;
İkincisi, PKK-nın daxilindəki qruplaşmalar arasında qərara tabe olmaqdan boyun qaçıranlar, yaxud yenidən təşkilatlanmağa çalışanlar olacaq, KCK-nin ləğvetmə qərarına münasibəti bu kontekstdə diqqət çəkir;
Üçüncüsü, “silahın buraxılması” prosesinə nəzarət edən Türkiyə hadisələrin inkişafını sürətləndirmək istiqamətində addımlar ata bilər:
- Yekun addım kimi Qəndildə əməliyyatın keçirilməsi mümkün variantlardandır;
- PKK-nın yenidən təşkilatlanması riskinə qarşı Qəndil rəhbərliyinin “sığındıqları” üçüncü ölkələrdə neytrallaşdırılması baş verə bilər;
Bütün bunların fonunda PKK-nın arxasındakı ölkələrin ləğvetmə qərarının praktiki icrasına maneələr yaradacağı, Qəndil rəhbərliyinin müqavimətə sövq edəcəyi də istisna edilməməlidir. Lakin PKK-nın son qərarından sonra qruplaşmanın Türkiyəyə qarşı planlarda əvvəlki qədər effektiv olmayacağı və tədricən dağılma mərhələsinə keçəcəyi görünür.
Asif Nərimanlı