
Qərbi Azərbaycan İcmasında Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley tədbirində Qərbi Azərbaycan məsələsi haqqında növbəti dəfə səsləndirdiyi fikirlər və bu proqram xarakterli fikirlərin İcmanın gələcək fəaliyyət istiqamətlərində nəzərə alınması ilə bağlı müzakirə təşkil olunub.
Tədbir iştirakçıları ilk növbədə Ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin və müxtəlif şuralarının rəhbər və üzvləri, ziyalılar, ictimai xadimlər və gənclər iştirak ediblər.
Görüşün əsas məqsədi Prezident İlham Əliyevin çıxışında səsləndirilən mühüm fikirlərin təhlili, bu mövzuda dövlət başçısının mesajlarının mahiyyətinə uyğun İcmanın qarşıdakı fəaliyyətinin müəyyənləşdirilməsi olub.
Tədbiri Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərov açaraq Prezident İlham Əliyevin çıxışlarında Qərbi Azərbaycan məsələsinin xüsusi yer tutduğunu vurğulayıb.
O bildirib ki, dövlət başçısı hər dəfə Qərbi Azərbaycanla bağlı fikirlərində tarixi ədalətin bərpası və azərbaycanlıların doğma yurdlarına dinc yolla qayıdış hüququnun təmin olunması baxımından mühüm siyasi mesajlar verir.
Əziz Ələkbərov qeyd edib ki, dövlət başçısının nitqində “Bizim zəngin tariximiz əfsuslar olsun ki, Ermənistan tərəfindən, erməni diasporu tərəfindən uzun illər ərzində təhrif edilib və bu istiqamətdə bizə qarşı aparılan təbliğat bu gün də dayanmır. Ona görə bunun qabağına biz öz həqiqətlərimizi qoymalıyıq” fikirləri İcma üzvləri üçün həm məsuliyyət, həm də gələcəyə inam yaradır.
Daha sonra Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov çıxış edərək bildirib ki, dövlət başçısının bu mövzuda ardıcıl və prinsipial mövqeyi Qərbi Azərbaycan məsələsinin milli ideologiyanın tərkib hissəsinə çevrildiyini göstərir.
O, həmçinin bu istiqamətdə elmi və maarifləndirici fəaliyyətin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanov öz çıxışında Prezidentin fikirlərinin hər bir azərbaycanlı, o cümlədən də indiki Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün mənəvi dəstək və motivasiya mənbəyi olduğunu qeyd edib. O bildirib ki, bu məsələnin dövlət səviyyəsində gündəmə gətirilməsi Qərbi azərbaycanlıların illərlə məruz qaldıqları ədalətsizliklərin aradan qaldırılması istiqamətində yeni mərhələnin başlanğıcıdır.
Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri, millət vəkili Məlahət İbrahimqızı çıxışında qeyd edib ki, Qərbi Azərbaycan qadınları bu tarixi prosesin fəal iştirakçılarıdır.
O vurğulayıb ki, İcmanın qadın üzvləri həm gənc nəslin milli yaddaşla böyüməsinə, həm də beynəlxalq ictimaiyyətdə Qərbi Azərbaycan həqiqətlərinin tanıdılmasına xüsusi önəm verir.
Qərbi Azərbaycan İcması Nəzarət-Təftiş Komissiyasının sədri, professor Vahid Novruzov Prezidentin çıxışında ifadə olunan konseptual baxışların dövlətin strateji istiqamətini müəyyən etdiyini deyib.
O, bu istiqamətdə İcmanın fəaliyyətinin daha da sistemli şəkildə qurulmasının zəruriliyini diqqətə çatdırıb.
Ağsaqqallar Şurasının sədr müavini, Əməkdar elm xadimi, professor Vaqif Şadlinski və Ziyalılar Şurasının sədr müavini, akademik Nizami Cəfərov çıxışlarında Qərbi Azərbaycan məsələsinin təkcə siyasi deyil, həm də mənəvi, mədəni və tarixi ölçüləri barədə danışıblar. Onlar Prezidentin mövqeyinin dövlətin milli yaddaşın qorunmasına yönəlmiş siyasətinin davamı olduğunu qeyd ediblər.
Müşahidə Şurasının üzvü, akademik Rasim Əlquliyev Prezidentin çıxışını milli təhlükəsizlik, informasiya və humanitar aspektlərdən təhlil edərək bildirib ki, Qərbi Azərbaycan məsələsi həm beynəlxalq hüququn, həm də insan haqlarının tərkib hissəsi kimi dünyaya təqdim olunmalıdır.
İdarə Heyətinin üzvü, professor Mahirə Nağıqızı çıxışında Qərbi azərbaycanlıların birliyinin, həmrəyliyinin və koordinasiyalı fəaliyyətinin bu məsələdə əsas amil olduğunu diqqətə çatdırıb.
Qərbi Azərbaycan İcması Gənclər Şurasının sədri, millət vəkili Şahin İsmayılov isə gənclərin bu məsələyə baxışını ifadə edərək qeyd edib ki, Qərbi Azərbaycan məsələsi artıq gənc nəslin milli kimliyinin ayrılmaz hissəsinə çevrilib. O bildirib ki, bu istiqamətdə maarifləndirmə və beynəlxalq təbliğat işləri daha da gücləndiriləcək.
Tədbir zamanı iştirakçılar Prezident İlham Əliyevin çıxışında səsləndirilən fikirləri Azərbaycanın milli maraqları baxımından mühüm siyasi bəyanat kimi dəyərləndiriblər. Bildirilib ki, Qərbi Azərbaycan İcması bundan sonra da öz fəaliyyətini dövlət başçısının müəyyən etdiyi strateji istiqamətlərə uyğun şəkildə davam etdirəcək.