14:01
742
Qazaxıstan Prezidenti Qasım-Comart Tokayevin ABŞ səfərindən dərhal sonra Rusiyaya səfəri əsasən siyasi balansı qorumağa hesablanıb. Moskva ilə Astana arasında imzalanmış "Strateji tərəfdaşlıq və müttəfiqlik haqqında" Bəyannamə bu səfərin əsas nəticələrindən biri olsa da, sənəd dəyişən geosiyasi çağırışlara cavab vermir.
Bunu xalqcebhesi.az-a politoloq Məhəmməd Əsədullazadə deyib.
O, qeyd edib ki, ABŞ və Mərkəzi Asiya ölkələri arasında keçirilən son sammitdən sonra regionda yeni siyasi-iqtisadi mərhələ başlayır. Bu mərhələdə Mərkəzi Asiya ölkələri, o cümlədən Qazaxıstan, ABŞ-la iqtisadi, siyasi, təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir. Belə şəraitdə Qazaxıstanın Rusiya ilə imzaladığı müttəfiqlik bəyannaməsi qüvvədə olmayacaq:
"Əslində, Rusiya ilə Qazaxıstan arasında imzalanmış bu sənəd Moskva-Bakı xəttində 2022-ci ildə imzalanmış müttəfiqlik bəyannaməsinə bənzəyir. Lakin təcrübə göstərir ki, Rusiya Azərbaycanla imzaladığı bəyannaməyə baxmayaraq, siyasi təxribatlarını davam etdirib. Eyni vəziyyətin Qazaxıstan istiqamətində də təkrarlanması gözləniləndir.
Ümumiyyətlə, Q.Tokayev bu reallığı yaxşı anlayır. O, Moskva ilə sənədi daha çox Rusiyanı neytrallaşdırmaq və siyasi tarazlıq saxlamaq məqsədilə imzalayıb.
Qeyd edim ki, Rusiya üçün müttəfiqlik anlayışı formal xarakter daşıyır. Moskva üçün real tərəfdaş yox, vassal münasibətləri önəmlidir. Buna görə də, həm Azərbaycan, həm də Qazaxıstanla imzalanmış müttəfiqlik bəyannamələri kağız üzərində qalacaq".
Cavid