“PKK rəhbərliyi anladı ki, zorakılıq yolu ilə istədiklərinə nail ola bilməyəcəklər” Dünya

“PKK rəhbərliyi anladı ki, zorakılıq yolu ilə istədiklərinə nail ola bilməyəcəklər”

“PKK-nın ləğv edilməsi həm Türkiyə, həm də bölgə üçün müsbət təsirə malik olacaq. Çünki 45 il ərzində fəaliyyət göstərən bu təşkilat həm Türkiyənin, həm də bölgə insanlarının həyatına təhdid törətməklə yanaşı, regional sabitliyə və inkişafa ciddi maneə idi. Nəhayət ki, 45 ildən sonra bu təşkilatın özünü buraxmasını elan etməsi həm Türkiyə və bölgə insanının təhlükəsizliyinin təmini baxımından əhəmiyyət kəsb edir, həm də Türkiyənin artıq PKK məsələsini kənara qoyaraq digər təhlükəsizlik məsələlərinə, o cümlədən iqtisadiyyatının inkişafına, sabitliyin təmin olunmasına yönələcək addımlar atmasına vəsilə ola bilər”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Sultan Zahidov söyləyib.

S.Zahidovun sözlərinə görə, PKK-nın ləğv edilməsi Şərqi Anadolunun inkişafında daha böyük layihələrin həyata keçirilməsinə yaşıl işıq olacaq: “Çünki bir yerdə ki terror var, ora investisiyanın gəlməsinə, orada iqtisadiyyatın inkişafına müxtəlif maneələr olur. Artıq bu maneə də aradan qalxdığına görə düşünürəm ki, bundan sonrakı mərhələdə Şərqi Anadolunun inkişafı yönündə daha böyük layihələr, investisiyalar həyata keçiriləcək”.

Politoloq PKK-nın regional səviyyədə bir təhdid olduğunu vurğulayaraq əlavə edib ki, nəinki Türkiyə, regionda digər dövlətlər də onun ləğv olunmasından müsbət mənada təsirlənə, inkişaf və sabitlik yolunda addımlar ata bilərlər: “Amma əsas məsələ odur ki, PKK-nın ləğvi yalnız kağız üzərində deyil, həm də praktiki əməldə də özünü göstərsin. Bəzən təşkilat özünü buraxır, amma onun tör-töküntüləri, qalıqları fəaliyyət göstərməyə davam edir. Ona görə bu, özü bir problemdir. Digər tərəfdən də PKK-ya bağlı digər radikal kürd qruplaşmaları da var. Suriyada YPG, İranda PEJAK. Düzdür, Suriyadakı YPG də silahı buraxacağı ilə bağlı məlumat vermişdi. Amma bunun praktiki sahədə də özünü göstərməsi vacibdir”.

O həmçinin qeyd edib ki, siyasi fəaliyyət hərbi fəaliyyətdən daha müsbət bir nəticədir: “Çünki hər şeydən əvvəl insanların ölüm təhdidi yoxdur. PKK 45 il ərzində 10 minlərlə insanın qanına qəltən olmuşdu, türk mehmetçiyinin qanına qəltən olmuşdu, mülki şəxslərin həyatına son qoymuşdu. Bunun aradan qalxması təhlükəsizlik baxımından, insanın həyatının xilası baxımından böyük bir uğurdur. Siyasi fəaliyyət isə uzun müddətdə müəyyən təhdidlər törədə bilər. Yəni siyasi olaraq onların müəyyən tələbləri ola bilər. Amma yenə də düşünürəm ki, Türkiyə atdığı addımlarla siyasi fəaliyyəti tənzimləyə biləcək. Yəni Türkiyənin inklüziv siyasəti və fərqli qruplaşmaları bir çətir altında toplamaq siyasəti düşünürəm ki, artıq həmin qruplaşmaların radikal addımlar atmasına mane olacaq və demokratik yollarla həmin qruplaşmalar öz istəklərini, hüquqlarını tələb edə biləcəklər. Bu daha sivil yoldur və dünyanın bütün ölkələrində də bu var. O baxımdan düşünürəm ki, PKK rəhbərliyi özü də anladı ki, hərbi yollarla, zorakılıq yolu ilə istədiklərinə nail ola bilməyəcəklər”.

Röya İsrafilova